“Dünya Azərbaycanı sözlə deyil, gözlə görəcək”

Ağacan Abiyev qarayaxmalara Fidel Kastronun sözü ilə cavab verdi



O, Amerikaya həmişə deyirdi ki, "no passaran”. Bu sözün dilimizə tərcüməsi "keçməz” deməkdir

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının başlanmasına 1 aydan da az müddət qalıb. Ölkəmiz qitə tarixində ilk dəfə baş tutacaq bu mötəbər tədbirə çox ciddi hazırlaşıb. Qısa vaxtda ölkənin idman arenaları ən müasir standartlara uyğunlaşdırılıb. Xeyli sayda müasir idman kompleksləri inşa edilib. Nəqliyyat və turizm sistemi təkmilləşdirilib. Sözügedən nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə aparılması, ölkəmizin dünyaya sülh və təhlükəsizlik, abadlıq və inkişaf məkanı kimi tanıdılması üçün çoxsaylı işlər görülüb.

Bununla yanaşı qeyd edək ki, məlum turnirin ölkəmizdə reallaşması Azərbaycanın adını bir daha Avropanın və dünyanın idman tarixinə yazacaq. Ölkəmizin beynəlxalq aləmdə, dünyada daha yaxından tanınmasına yol açacaq. Bu da o deməkdir ki, 16 (12-28 iyun) gün ərzində bütün dünya, Avropa məkanı Azərbaycandan bəhs edəcək. Yayımlararası fasilə zamanı reklam roliklərində isə ölkəmizin mədəniyyəti, mətbəxi, turizm imkanları barədə məlumatların efirə getməsi avropalılara Azərbaycanı daha yaxından tanımaq imkanı yaradacaq. Üstəgəl, bu beynəlxalq tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımızın üzləşdiyi problemlərin Avropa insanına, dünya ictimaiyyətinə çatdırılmasında da xüsusi rol oynayacaq. Buna rəğmən mötəbər idman bayramına hazırlaşdığımız bir vaxtda bəzi daxili və xarici qüvvələr ölkəmizə qarşı qara-piar kampaniyasına başladılar. Lakin onların qaragüruhçu çıxışlarına heç kəs etimad göstərmir. Hər kəsin qəbul etdiyi reallıq ondan ibarətdir ki, məlum yarış Azərbaycana kifayət qədər dividendlər gətirəcək. Bütün reallıqları nəzərə alıb Milli Məclisin deputatı, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevin də bu möhtəşəm idman yarışına dair fikirlərini öyrəndik. Vitse-prezident "Şərq”ə müsahibəsində söylədi ki, dünya Azərbaycanı sözlə deyil, gözlə görəcək: "Azərbaycanda ayrı-ayrı idman növləri üzrə Dünya və Avropa Çempionatları keçirilib. Hər dəfə 3 yüz, 5 yüz nəfər nümayəndə heyəti gəlirdi. Amma bu yarışa 24 idman növü üzrə bütün Avropa ölkələri qatılacaq. Biz də yüksək səviyyədə hazırlaşmışıq. Qonaqların gəlişini gözləyirik. Onlar Azərbaycanın nüfuzlu və füsunkar bir ölkə olmasının canlı şahidi olacaqlar.

- Bu möhtəşəm idman yarışının digər ölkələrə deyil, məhz Azərbaycana həvalə olunması nəyin göstəricisidir?

- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkəmizdə keçirilən beynəlxalq yarışların dəfələrlə şahidi olub. O, Masallı Rayon Olimpiya Kompleksinin açılışında çox maraqlı və yaddaqalan fikirlərlə çıxış etdi. Bildirdi ki, Azərbaycan dünyanın olimpiya mərkəzlərindən birinə çevrilib. P.Hikki bu ifadəni əbəs yerə işlətmədi. O, ölkəmizdə idman və idmançılara göstərilən qayğının şahidi oldu. İndi bütün dünya və Avropa görəcək ki, Azərbaycan bir idman ölkəsidir. Əlbəttə, bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının müsbət təzahürüdür. İdmançılarımıza ulu öndər Heydər Əliyevin dönəmindən başlayan qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İ.Əliyevin göstərdiyi böyük xidmətlər nəticəsində Azərbaycan idmanı dünyada ad qazanıb. Olimpiya Oyunlarında 10 medal qazanmağımız bəzilərinə möcüzə kimi görsənir. Bu möcüzənin arxasında dövlət qayğısı dayanır.

- İdmançılarımız onlara göstərilən diqqət və qayğını dəyərləndirib, dövlətin etimadını doğrulda bilirmi?

- Əlbəttə, onlar bütün etimadları doğruldurlar. Bu qayğını çox yaxşı görürülər. Ona görə də turnirlərdə həvəslə çıxış edib, böyük uğurlara imza atırlar. Xalqımızı sevindirirlər. Himnimizi səsləndirib, üçrəngli şanlı bayrağımızı zirvələrə ucaldırlar. Ölkəmizin dünyadakı imicini daha da yüksəldirlər. Məhz bu müvəffəqiyyətlərin təzahürüdür ki, hazırda Azərbaycan möhtəşəm bir marafona ev sahibliyi edir. Bu yarış tarixə düşəcək. Necə ki, Olimpiya Oyunları Afinadan başlayır. Hər dəfə məşəl Afinada yandırılır. Bundan sonra Avropa Oyunları da Azərbaycandan başlayacaq. Oyunların məşəli ölkəmizdə yandırılacaq.

- Məlum mötəbər idman tədbiri ölkəmizin tarixi və mədəni irsinin dünya ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayacaq?

- Bədən tərbiyəsi və idman mədəniyyətin bir növüdü. Hesab edirəm ki, ilk Avropa Oyunları mədəniyyət, tarix və intellektimizi bütün dünyaya tanıdacaq. Dünya klassik və müasir mədəniyyətimizi görəcək. Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çıxarılmasına çox böyük təkan verəcək. 12-28 iyun tarixlərində bütün dünyanın gözü Azərbaycanda olacaq.

- Oyunlar ölkəmizi dünyaya həm də bir turistik məkan kimi tanıtdıra biləcəkmi?

- Əlbəttə, oyunlar zamanı ölkəmizə yalnız 10 minə yaxın idmançı və idman işçisi təşrif buyuracaq. Hələ turistləri demirəm. Qonaqlar ölkəmizin səfalı guşələrini görəcəklər və bundan sonra da turistik məkan kimi məhz Azərbaycanı seçəcəklər. Bu da hər il ölkəmizə turist axınının güclənməsinə gətirib çıxaracaq. Bundan əlavə turistlər xalqımızla təmasda olacaq. Qonaqpərvərliyimizin şahidinə çevriləcəklər. Mədəni insan olduğumuzu anlayacaqlar. Azərbaycanın bütün sahələrdə qüdrətli ölkə olduğunu dərk edəcəklər.

- Turnirin ölkəmizdə baş tutması Azərbaycan idmanına nə kimi müsbət irəliləyişlər bəxş edəcək?

- Bu, nəinki Azərbaycanda, hətta bütün Avropa ölkələrində idmana olan marağı daha da artıracaq. Gənclərimiz görəcəklər ki, idmana çox böyük diqqət var. Bundan sonra hamı idman sahəsinə axışacaq. İdmanımızda yeni bir sıçrayış olacaq. Baxın, Sidney Olimpiadasında idmançılarımızın uğurlu çıxışından sonra Azərbaycanda idmana maraq artdı. Avropa Oyunlarından sonra da ölkəmizdə idmana olan tendensiya yüksələcək. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İ.Əliyev bu axının daha da şiddətlənməsi istiqamətində əlindən gələni əsirgəmir. Demək olar ki, bütün rayonlarda olimpiya kompleksləri tikilib. Bütün bunlar idmana olan meyli yüksəltməyə və gəncləri bu sahəyə cəlb etməyə hesablanıb. Bir daha vurğulayıram ki, bu oyunlar ölkə idmanında ikinci sıçrayış olacaq. İdmanımızın inkişafına həm keyfiyyət, həm də kəmiyyət baxımından çox müsbət impuls verəcək.

- Oyunlar bizə hansı təcrübəni qazandıracaq?

- Azərbaycan bundan sonra daha böyük idman turnirlərinə ev sahibliyi edə biləcək. Artıq bu təcrübəni əldə etmişik. Ölkəmizdə çoxsaylı böyük yarışlar həyata keçirilib. Bircə böyük Olimpiya Oyunları qalıb. Bunun üçün də artıq təcrübəmiz var. Allah qoysa, Avropa Oyunları başa çatdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsi görəcək ki, Azərbaycan möhtəşəm yarışları reallaşdırmaq bacarığına malikdir. Ondan sonra Olimpiya Oyunlarının keçirilməsi də bizə həvalə olunacaq.

- Tədbir başlamamış ölkəmizə qarşı müəyyən qarayaxmalarla məşğul olan xarici və düşmən dəyirmanına su tökən daxili qüvvələr peyda olub. Azərbaycana qarşı niyə bu cür ucuz yol tuturlar?

- Kubanın prezidenti Fidel Kastronun gözəl bir sözü var. O, Amerikaya həmişə deyirdi ki, "no passaran”. Bu sözün dilimizə tərcüməsi "keçməz” deməkdir. İndi bu qarayaxanların ləkələri öz üzərlərinə töküləcək. Azərbaycana o ləkə yapışmır. Günəş heç zaman palçıq götürmür. Özləri deyib, özləri eşidəcəklər. Dünyanın 99, 9 faizi Azərbaycanın necə ölkə olduğunu yaxşı bilir. V o cür ürəkbulandıran kampaniyalara heç fikir verən də olmayacaq. Heç kim onlara inanmır. Kimsə düşünməsin ki, o arzuolunmaz kampaniya bizə mənfi təsir göstərəcək.

- Ağacan müəllim, idmançılarımızın hazırlığı nə yerdədir?

- Yüksək səviyyədə hazırlaşırlar. Bütün idman federasiyalarında çox güclü hazırlıqlar aparılır. Əminəm ki, idmançılarımız Azərbaycanın adını daha da yüksəldəcəklər. Hər şey yaxşı gedir.

- İdmançılarımıza arzularınız nədir?

- Hər birinə uğurlar diləyirəm. Nailiyyətləri bol və tükənməz olsun. Həmişə himnimizin sədaları altında bayrağımızı zirvələrə ucaltsınlar.

Ayyət Əhməd