“Əcnəbi idmançı dostlarım zəng vurub, məni təbrik edirlər”
Elnur Məmmədli: “İllər, əsrlər ötəcək, Avropa Oyunları haqda danışanda Azərbaycanı xatırlayacaqlar”
Hazırda Azərbaycan ilk və mötəbər Avropa Oyunları ərəfəsindədir. Tədbirə qısa müddət qalsa da, ölkəmizdə bu əlamətdar yarışa dair hazırlıqlar yüksək səviyyədə aparılır. Artıq həmin istiqamətdə bir sıra idman obyektləri tikilib, istifadəyə verilib. Şübhəsiz ki, müəyyən bir sektorun inkişaf səviyyəsi onun beynəlxalq miqyasda aldığı adekvat qiymətlə ölçülür. Bu səbəbdən qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın idman müstəvisində beynəlxalq imici güclənməkdədir.
Ölkəmizin dünya arenasında artan nüfuzunun nəticəsidir ki, bir çox təşkilatlar öz möhtəşəm oyunlarının reallaşmasını Azərbaycana həvalə edir. Bundan başqa qeyd edək ki, ölkəmizdə idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Gənclərimizin işıqlı gələcəyinə həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilib. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması sözügedən sahənin inkişafı üçün başlıca yol kimi seçilib. Eyni zamanda beynəlxalq təcrübədən bəllidir ki, istənilən sahənin tərəqqisi maddi-texniki təminat məsələlərinin uğurla həlli və intellektual kadr potensialının yetişdirilməsindən asılıdır. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman kompleksləri tikilərək yeniyetmələrin ixtiyarına verilib. Nailiyyətlərimizin Avropa və dünya məkanında etiraf edilməsi də məhz görülən işlərin təzahürüdür. Bununla yanaşı, əminliklə vurğulaya bilərik ki, hazırda dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın və Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Buna rəğmən, Avropa Oyunları gündəmə gələndən bəzi xarici və onların dəyirmanına su tökən daxili qüvvələr ölkəmizə qarşı "qara piar” kampaniyası aparmaqdadırlar. Heç kimə sirr deyil ki, bütün qarayaxmalar ölkəmizin gücünü gözü götürməyən ünsürlərin ucuz təbliğatından başqa bir şey deyil. Ona görə də dünyanın hansısa ölkəsi və xalqı bu cür kampaniyalara etimad göstərmir. Əksinə, ölkəmizi demokratiya, ifadə azadlığı və dini tolerantlığın beşiyi kimi dəyərləndirir. Mövcud reallıqlar fonunda ilk Avropa Oyunlarının tarixi əhəmiyyəti və cüdoçularımızın məlum yarışa hazırlıqları barədə Olimpiya çempionu, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin münasibətini öyrəndik. Tanınmış idmançı "Şərq”ə müsahibəsində söylədi ki, adıçəkilən mötəbər yarış Azərbaycanın idman tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılacaq. Onun sözlərinə görə, bu əlamətdar tədbir ölkəmizə yalnız müsbət dividendlər qazandıracaq:
- Öncə özümün və ailəmin adından ölkə başçısı cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Çox sağolsunlar ki, biz idmançılara və xalqımıza belə bir sevinci yaşadırlar. Doğrudan da bu yarış ölkəmiz üçün bayramdır. Nəinki idmançılar, bütün Azərbaycan xalqı buna sevinir. Sevincimizin həddi-hüdudu yoxdur. Xalqımız çox gözəl əhval-ruhiyyədədir. Bu, ölkə başçısının idmana olan diqqət və qayğısının göstəricisidir.
- Avropa Oyunlarının ilk olaraq Azərbaycanda baş tutması bizə hansı imtiyazları vəd edir?
- Əcnəbi idmançı dostlarım zəng vurub, məni təbrik edirlər. Bu addımı dəstəkləyirlər. Çünki Azərbaycan böyük bir tarixə imza atacaq. Baxın, ilk Olimpiya Oyunları Yunanıstanda baş tutub. Üstündən illər ötüb, indi yenə də Olimpiya Oyunları deyəndə ilk olaraq Yunanıstan yada düşür. İllər, əsrlər ötəcək, Avropa Oyunları haqda danışanda Azərbaycanı xatırlayacaqlar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, "Bakı-2015” bütün dünya və Avropa xalqlarının yaddaşına həkk olunacaq. Bunun üçün yenə də ölkə rəhbərinə təşəkkür edirəm. Bütün idmançılar iyunun 12-ni səbirsizliklə gözləyir.
- Ölkəmizin mədəni və tarixi irsinin dünya ictimaiyyətinə çatdırılması yönündə oyunlar nə kimi rol oynayacaq?
- Tədbir ərəfəsi ölkəmizə çoxsaylı idmançı və eyni zamanda turist axını olacaq. Əlbəttə, hansısa idmançı və turist başqa bir ölkəyə səfər edirsə, internet vasitəsilə həmin ölkənin tarix və mədəniyyətinə dair məlumatlar əldə edir. Əminəm ki, ölkəmizə təşrif buyuracaq qonaqlar da Azərbaycanın tarixi gerçəklikləri və mədəni irsinə dair müəyyən bilgilər toplayıblar. Ölkəmizə gələndə isə həmin faktları gözləri ilə görəcəklər. Şübhəsiz ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 20 Yanvar hadisələrinə dair həqiqətlərin canlı şahidi olacaqlar. Bir sözlə, marafon tarixi reallıqlarımızın dünya və Avropa ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayacaq. Bundan başqa, əcnəbi ölkəmizin, xalqımızın qonaqpərvərliyini öz gözləri ilə görəcək. Dünya qonaqpərvərliyimizdən danışacaq. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətin təzahürüdür. Oyunlar ölkə başçısı ilə yanaşı, xalqımızın da nailiyyətidir. Zaman gələcək ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində işğaldakı torpaqlarımız azad olunacaq. Mən bunu əminliklə qeyd edirəm və inanıram.
- Belə böyük idman törəninin ölkəmizdə reallaşması Azərbaycan idmanına nə kimi töhfələr verəcək?
- İdman sağlamlığın rəhnidir. Ölkəmizdə hər ailədə bir idmançı var. Odlar Yurdu Azərbaycan həmişə öz idmanı və idmançıları ilə fəxr edib. Oyunlar isə ölkəmizdə idman sahəsinə axını, meyli daha da gücləndirəcək. Ölkədə peşəkar idmançıların sayının artmasına, eyni zamanda Azərbaycan insanının sağlam böyüməsinə gətirib çıxaracaq. Çünki sağlam ruh yalnız sağlam bədəndə olar. Sağlam bədən isə idmanla qazanılır. Əlbəttə, Azərbaycan güclü bir idman ölkəsidir. Bu tarixi yarış Azərbaycanın idman ölkəsi olmasını bütün dünyaya sübut edəcək. Məlumdur ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu, təəssüf doğurur. Lakin vəzifəsindən asılı olmayaraq hər bir idmançı və azərbaycanlı vətən üçün bir əsgərdir. Düşünürəm ki, ölkəmizdə idmanın güclü şəkildə təbliği, insanlarımızın kütləvi olaraq idmana cəlb olunması ərazi bütövlüyümüzün təminatı baxımından çox önəmli məsələdir.
- Bu yarışın təşkili Olimpiya Oyunları kimi daha geniş miqyaslı yarışların keçirilməsi baxımından ölkəmizə hansı təcrübəni qazandıracaq?
- Azərbaycanda idmanın müxtəlif növləri üzrə Avropa və Dünya Çempionatları gerçəkləşdirilib. İndi də ilk Avropa Oyunları keçirilir. Bircə Olimpiya Oyunları qalır. İnanıram ki, çox yaxın perspektivdə Azərbaycan Olimpiya Oyunlarına da ev sahibliyi edəcək. Olimpiya çempionu və Cüdo Federasiyasının vitse-prezidenti kimi əminəm ki, paytaxtımıza təşrif buyuran bütün qonaqlar sözün yaxşı mənasında Bakını görüb şoka düşürlər. Çünki Azərbaycan yenicə müstəqillik əldə etmiş bir ölkədir. Əcnəbilər ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini təsəvvür edə bilmirlər. Azərbaycanın sürətli iqtisadi inkişafı və Bakımızın gündən-günə gözəlləşməsinə heyran qalırlar. Bütün bunlar dövlət başçısının danılmaz səyləri nəticəsində ərsəyə gəlib. Artıq Azərbaycanı bütün dünya tanıyır. Bu da çox arzuolunan və qürurverici haldır.
- Oyunların Fransa, Almaniya, İngiltərə və s. kimi Avropa ölkələrinə deyil, Azərbaycana həvalə olunmasının kökündə nə dayanır?
- Bu, Milli Olimpiya Komitəsinin sədri, dövlət başçısı İlham Əliyevin mütərəqqi addımlarının göstəricisidir. Fikir verin, prezident hər dəfə Avropa, Dünya və Olimpiya çempionlarını mükafatlandırır. Onların sosial və mənzil təminatlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Qalib idmançılara mənzil və pul mükafatı bağışlayır. İdmançılarımızda bir stumul
yaradır. Artıq digər vətəndaşlarımız da şahidi olur ki, ölkə başçısı idmançılara məxsusi diqqət və qayğı göstərir. Bu da idmana olan marağın yüksəlməsinə səbəb olur.
- Tədbirin Azərbaycanda baş tutması məlum olan andan bəzi xarici və onların dəyirmanına su töküb işə salan, sapı özümüzdən olan qüvvələr ölkəmizin kürəyinə balta saplamaq üçün məqam axtarırlar. Belə qaragüruhçu və qərəzli insanların "addımını” necə dəyərləndirirsiniz?
- Azərbaycanın inkişafı göz önündədir. Potensialımız və istənilən sahədəki qüdrətimizə kimsə şübhə ilə yanaşa bilməz. Qarayaxma kampaniyası ölkəmizə qarşı paxıllıqdan irəli gəlir. Tərəqqimizi gözü və qəlbi götürməyən insanlardır. Onlar bizim üçün qüvvə deyillər. Kim nə deyir desin, biz öz karvanımızı çox proqressiv və operativ şəkildə keçirdirik. Öz işimizlə məşğuluq. Belə insanlar könül bulandırmaq istəyirlər. Lakin nail ola bilməyəcəklər. Onlara heç kim etimad göstərməyəcək. Əllərinin ləkəsi öz üst-başlarını batıracaq. Yel qayadan nə apara bilər ki? Heç nə. Təsəvvür edin, bu gün bizə qibtə edən xarici dövlətlər varsa, deməli, gücümüz onları narahat etməyə başlayıb. Bu, böyüklüyümüzün göstəricisidir. Azərbaycan sözün yaxşı mənasında dünyaya meydan oxuyur. Bu, təkzibolunmazdır. Belə anti-milli təbliğatlar bizi təkamüldən dayandıra bilməz. Bir amalımız var. O da bütün maneələri aşaraq yalnız irəliyə doğru addımlamaqdır. Qoyun onlar danışmaqlarında olsun, biz isə öz inkişafımızda. Qoyun paxıllıq etsinlər. Biz gücümüzü danışmaqla deyil, əməli işimizlə isbat edirik. Hər şey göz qabağındadır. Əsas odur ki, biz idmançılar və ya vətəndaşlar dövlətimizə, ölkəmizə və ölkə başçımıza sadiqik.
- Elnur müəllim, idmançılardan söz düşmüşkən, bilmək istərdik ki, cüdoçularımızın hazırlıq səviyyəsi nə yerdədir?
- Bu ayın 8-10-da ümummilli lider Heydər Əliyevin adı ilə bağlı böyük bir yarış baş tutdu. 2 qızıl, bir bürünc medal əldə etdik. Yarışa Avropanın hər bir ölkəsindən gəlmişdilər. Əlbəttə ki, idmanda qabaqcadan heç bir proqnoz vermək olmur. Amma deyə bilərəm ki, uşaqlarımız çox yüksək səviyyədə hazırlaşırlar. Onların gücünə və ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram. Arzu edirəm ki, idmanın bütün növlərində yer alan igidlərimiz çempion olsunlar. Azərbaycan himninin sədaları altında üçrəngli şanlı bayrağımızı zirvələrə ucaltsınlar. Xalqımızı sevindirsinlər. Əminəm ki, sevindirəcəklər də. Çünki tatami üzərinə çıxan hər bir azərbaycanlı idmançı arxasında İlham Əliyev kimi güclü bir dövlət başçısının dayandığını çox yaxşı bilir. Bir daha bütün idmançılara güc, qüvvət və tükənməz müvəffəqiyyətlər arzu edirəm.
Ayyət Əhməd