4-ü qız, 4-ü oğlan...

Taekvandoçularımız da Avropa Oyunlarına hazırdır



Tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq "Bakı-2015” I Avropa Oyunlarının başlanmasına 14 gün qalıb. Oyunlarda təmsil olunacaq bütün idman növləri üzrə yarışacaq idmançılar dayanmadan məşqlərini davam etdirirlər. Azərbaycan taekvondoçuları da "Bakı-2015” I Avropa Oyunlarında yüksək nailiyyətlər əldə etmək üçün ciddi və yüksək hazırlıq prosesi keçirlər.

ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev "Şərq”ə açıqlamasında I Avropa Oyunlarına hazırlığı barədə danışdı: "Bakı-2015” I Avropa Oyunlarında ümumilikdə 8 idmançı ilə təmsil olunacağıq. Onlardan 4-ü qız, 4-ü oğlan taekvandoçulardır. Hazırda milli komandamız Azərbaycan Taekvondo Federasiyasının bazasında təlim-məşq toplanışındadır. İdmançılarımız bir müddət öncə Rusiyada Dünya Çempionatında iştirak etdilər. Millimizin üzvü Radik İsayev yarışda qızıl medal qazandı. Mən Dünya çempionu olandan 14 il sonra Radikin Dünya Çempionatında qızıl medal qazanması komandamızda böyük ruh yüksəkliyi yaratdı. Bu da millimizin I Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşmasına stimul verir. İnanıram ki, idmançılarımız "Bakı-2015”də yüksək nəticələr əldə edəcək, xalqımızı sevindirəcəklər.

İyunun 12-dən milli komandamız ATF-nin binasından ayrılıb Atletlər Kəndində yerləşəcək və yarışlara hazırlaşacaq. Bu, tarixi hadisədir. Hər bir idmançımız, ev sahibi bu məsuliyyəti hiss edir. Doğma arenada iştirak etmək daha çətin və məsuliyyətlidir. Ona görə də biz idmançılırımızı təkcə fiziki baxımdan deyil, psixoloji baxımdan bu yarışlara hazırlayırıq ki, yarışlarda yüksək nailiyyətlər əldə edə bilək. Biz idmançılar üçün belə mötəbər yarışın Azərbaycanda təməlinin qoyulmasından qürur hissi keçiririk. Bizim tanıdığımız, bizi tanıyan tanınmış idmançılar var ki, onlar dünyanın müxtəlif ölkələrini təmsil edirlər. Onları ev sahibi olaraq Azərbaycanda qarşılamaq isə inanın, bizdə qürur yaradır”.

N.Paşayev tanınmış taekvandoçumuz, milli komandamızın aparıcı üzvlərindən olan Ramin Əzizovun I Avropa Oyunlarında iştirak edə bilməyəcəyini qeyd edib: "Ramin Əzizov yığmamızın aparıcı idmançılarından biri və kapitanıdır. Biz onun həm Dünya Çempionatında, həm də I Avropa Oyunlarında iştirakını və nəticə qazanmasını gözləyirdik. Amma o, zədələnib. İdmançılarımıza dəstək üçün R.Əzizov hazırda komanda ilə birlikdədir. Amma təəssüf ki, o, yarışa qatıla bilməyəcək. Ramini I Avropa Oyunlarında əvəz edəcək taekvandoçumuzun da potensialı yüksəkdir. Bütün idmançılarımıza inanır, onlardan yüksək nəticələr gözləyirik”.

Milli komandanın üzvü Məhəmməd Məmmədov də "Şərq”ə açıqlamasında "Bakı-2015” I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını bildirdi: "Məşqlər yüksək səviyyədə keçir. I Avropa Oyunlarında ölkəmizi layiqli təmsil edəcəyik. Nəticələr barədə indidən proqnoz vermək çətindir. Rəqiblərimiz güclü olsa da, medallar qazanacağımızı düşünürəm. Portuqaliya, Belçika və Almaniya idmançılarını daha güclü rəqib kimi görürəm. Onlar reytinqdə də ön sıralarda yer alan idmançılardır. Portuqaliya və Belçika taekvondoçularını öncəki yarışlarda məğlub etmişəm”.

Tahirə