Aqşin Yenisey: “Jurnalistikaya təzə gələnlərin hamısı köşə yazmaq istəyir. Onlar hələ bilmir ki, “laqqırtı” köşə yazmaq deyil. Bəzən sayt rəhbərləri də jurnalistlərə sifariş verirlər ki, filankəs haqqında köşə ya
Medianın köşə yazıları
Zamin Hacı: “Bu sahədəki ən böyük çatışmazlıq hər yerindən duranın köşə yazmasıdır. Jurnalistikada hələ yeni-yeni “iməkləməyə” başlayan adamın bu sahəyə müraciət etməsi bir az gülməli alınır”
Aqşin Yenisey: “Jurnalistikaya təzə gələnlərin hamısı köşə yazmaq istəyir. Onlar hələ bilmir ki, “laqqırtı” köşə yazmaq deyil. Bəzən sayt rəhbərləri də jurnalistlərə sifariş verirlər ki, filankəs haqqında köşə ya
Aqşin Yenisey: “Jurnalistikaya təzə gələnlərin hamısı köşə yazmaq istəyir. Onlar hələ bilmir ki, “laqqırtı” köşə yazmaq deyil. Bəzən sayt rəhbərləri də jurnalistlərə sifariş verirlər ki, filankəs haqqında köşə ya
Müasir jurnalistikanın mühüm və cəlbedici sahələrindən biri də köşə yazılarıdır. Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılar "köşə” sayılır. Köşələr adətən günü və ya həftəni əks etdirir. Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox fikir deyə bilirlər.
Məhz bu baxımdan, dünya mediasında köşə yazarları yüksək qiymətləndirilir. Köşə yazarları müxtəlif qruplara ayrılır. Məsələn, ümumi bir köşə başlığı altında, akademik olmayan dildə, xalq ağzı ilə və daha çox nəsihət formasında yazan yazarlara məsləhət yazarı deyilir. Bu status daha çox jurnalistika peşəsinin "fəhləliyindən” yetişənlərə aid edilir. İkinci tip yazarlar tənqidçi köşə yazarlarıdır. Bu tip yazarlar öz sahələrində mütəxəssis olanlardır. Dünya praktikasında tənqidçi köşə yazarı sifəti daha çox ədəbiyyat və sənət sahəsindəki yazıları ilə ortaya çıxanlara aid edilir. Üçüncü tip yazarlar isə dedi-qodu, şayiə yazarlarıdır. Siyasətdən şou aləminə qədər bütün sahələrdə dəqiq olmayan xəbərlərə, mənbəyi bilinməyən informasiyalara dayanan yazılar adətən belə adlandırılır. Mizah, satira yazarları da ayrıca kateqoriya hesab olunur. Bundan əlavə, mətbəx, hava durumu, hüquq, birja yazarları kimi ayrıca kateqoriyalar da mövcuddur. Müasir qəzetçilikdə bu kateqoriyalarla yanaşı, siyasət, diplomatiya, iqtisadiyyat, maqazin, idman yazarları kimi anlayışlar da formalaşıb. Zaman keçdikcə, xüsusilə Qərb ölkələrində hər şeydən yazan köşə yazarları yerinə konkret sahə üzrə ixtisaslaşmış köşə yazarı tipi daha çox önə çıxmağa başlayır. Bu sırada xəbər əsaslı çalışan köşə yazarı tipi daha geniş yayılıb. Belə tip yazarların özlərinin xüsusi bürosu var, xəbər toplama işi ilə ayrı adamlar məşğul olurlar. Köşə yazarı həmin xəbərlər əsasında ilgili dairələrlə ya özü, ya köməkçiləri vasitəsilə danışır, əlavə məlumatlarını toplayır, analiz edir və ondan sonra səhifəyə qoyur. İstinad edəcəyimiz Türkiyə mətbuatında da bu tendensiya müşahidə olunur. Türkiyə mətbuatında köşə yazıları say etibarilə çoxluq təşkil edir. Mütəxəssislər bunu belə əsaslandırır ki, köşə yazısına dayanan qəzetçilik xəbərə əsaslanan qəzetçilikdən daha ucuz başa gəlir. Çünki ciddi xəbər toplama işi bahalıdır və media patronları az xərclə başa gələn populyarlığa, xəbərə əsaslanmayan köşələrə üstünlük verirlər. Qəzetlərdə yazarın nüfuzuna, yazısının oxunaqlığına görə səhifə bölgüsü aparılır. Məsələn, Türkiyədə yazarın "çəki”sinə görə köşə yazıları sinifləndirilir. Sağ köşə yazarı, sol köşə yazarı, orta köşə yazarı, yan köşə yazarı və s. Ən "hörmətli” yazar isə üçüncü səhifə yazarı sayılır. Üçüncü səhifə yazarı qəzetin ağır topu deməkdir. Böyük qəzetlərin əksəriyyətində bu ənənə qorunur. Türkiyədə hansı qəzetdə çalışmasından asılı olmayaraq, özünün oxucu kütləsi olan çox sayda köşə yazarı var. Bu şəxslərin əksəriyyəti orta yaşı keçmiş, qəzetçiliyə müxbirlikdən başlamış, çoxillik təcrübəsi olan jurnalistlərdir. Eyni zamanda əvvəllər diplomat, yaxud məmur olmuş, yüksək vəzifələrdə çalışmış və bu təcrübəsindən köşə yazılarında istifadə edən şəxslər də var. Onlar da daxil olmaqla mənbələri etibarlı sayılan nüfuzlu köşə yazarlarının yazılarını sadəcə sıravi oxucular deyil, rəsmi dairələr də diqqətlə izləyir, nəzərə alır, reaksiya verirlər. Bu baxımdan Türkiyədə tanınan köşə yazarları nazirlərin çoxundan məşhur və varlıdır. Ümumi götürsək, köşə yazarlarının orta aylıq maaşı 10 minlə 50 min dollar arasında dəyişir.
Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, Azərbaycanda elə qəzetlər var ki, onu sadəcə tanınmış köşə yazarının yazısına görə alırlar. Yəni bizdə "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var. Amma dünya praktikasından fərqli olaraq Azərbaycanda yaşından və başından asılı olmayaraq, kim istəsə köşə yaza bilir. Təbii ki, onların hamısının geniş oxucu auditoriyası yoxdur. Köşə yazarlarımızın maddi durumu da o qədər ürəkaçan deyil. Azərbaycanda gündəlik qəzetlərdə bir köşə yazısının qiyməti orta hesabla 30-50 manatdır.
Özünəməxsus üslubu və köşə yazıları ilə kifayət qədər oxucu kütləsi qazanmış Zamin Hacı Azərbaycanda köşə yazarlığı sahəsində vəziyyətin qənaətbəxş olmadığını deyib: "Bu gün Azərbaycanda köşə yazıları oxunur. Hətta deyərdim ki, oxucular daha çox qəzet səhifələrində köşə yazılarına üstünlük verirlər. Əgər diqqət varsa, inkişaf da var. Bununla belə problemlər də çoxdur. Bu sahədəki ən böyük çatışmazlıq isə hər yerindən duranın köşə yazmasıdır. Çoxları mətbuatın çiyinlərinə düşən məsuliyyəti dərk etmədən, əllərinə qələm alan kimi dərhal köşə yazırlar. Halbuki köşə yaza bilmək üçün mətbuat sahəsində kifayət qədər təcrübə yığmaq lazımdır. Elə adamlar var ki, müxtəlif peşə sahibi, yazıçı, şair, alim, siyasətçi olsalar da, mətbuatda köşə yazıları ilə çıxış edirlər. Bu, normaldır. Çünki janrın spesifikası elədir ki, insanın tutduğu yerə uyğun olaraq cəmiyyət ondan müəyyən hadisələrə baxışlarını gözləyir. Bu cür insanların öz sahələrinə uyğun köşə yazması təbiidir. Amma jurnalistikada hələ yeni-yeni "iməkləməyə” başlayan adamın bu sahəyə müraciət etməsi bir az gülməli alınır. Ondan soruşmaq lazımdır ki, sən nə yatmısan ki, nə də yuxu görürsən?! 18-20 yaşlı gənc hansı təfəkkürə sahibdir ki, onun düşüncələri də cəmiyyət üçün maraqlı olsun”. Köşə yazarlarının mövzu seçiminə gəldikdə, Zamin Hacı mövzu tapmaq sarıdan problemi olmadığını bildirib: "Müxtəlif mənbələrdən mövzular alıram. Kimsə məktub yazaraq, yaxud zəng edərək material verir. Həmçinin, internetdən oxuduğum kitablardan və həyatda rastlaşdığım məsələlərdən yazıram. Amma olur ki, hərdən yazmaq üçün mövzu seçimində çətinlik çəkmişəm. Hətta xatırlayırsınızsa, vaxtı ilə Azərbaycan mətbuatında "nədən yazım” janrı haqqında da köşə yazmışdım. Yəni jurnalistlərin mövzu qıtlığı yaşadığı anda mənim "mövzu yoxdur” adında mövzum ortaya çıxdı. Yəni demək istəyirəm ki, biz mövzunun yoxluğundan da mövzu çıxarmağı bacaran millətik”. Azərbaycanda köşə yazısına görə, ödənilən məbləğin qaneedici olmadığını deyən Zamin Hacının sözlərinə görə, ölkədə heç bir mətbuat nümayəndəsi əməyinin qarşılığını tam şəkildə ala bilmir: "Redaksiya tərəfindən bir köşə yazısına görə yazarlara ödənilən qonorarı yetərli hesab etmirəm. Bunun günahı da təbii ki, redaktorlarda deyil. Mətbuatın reklam bazarı olmadığı və müəyyən problemlərə görə redaktorlar köşə yazısına yüksək məbləğ ödəyə bilmirlər”.
Qəzetçiliyin digər janrlarından fərqli olaraq, köşə yazılarının jurnalistika sahəsi olmadığını iddia edən Z.Hacının sözlərinə görə, köşə yazısı yazmaq üçün o qədər də güclü maddi-texniki bazaya ehtiyac yoxdur: "Digər janrların istifadəçilərindən fərqli olaraq, köşə yazarlarının fəaliyyəti üçün yüksək xərc tələb olunmur. Çünki reportaj hazırlayan jurnalistə mütləq diktofon və fotoaparat lazımdır ki, material hazırladığı ərazidə danışdırdığı adamların səsini yaza, şəkillərini çəkib göstərə bilsin. Araşdırma sahəsində yazan jurnalistlərin isə xərci daha çoxdur. Lakin köşə yazarları ancaq öz fikirlərini yazıya köçürür. Təbii ki, köşə yazarlarında baza olmalıdır, həmin baza təcrübə və söz ehtiyatıdır. Köşə yazmaq üçün illərin təcrübəsinə sahib olmaqla yanaşı, saatlarla oxumaq və mütaliə etmək əsas şərtdir”.
Hər köşə yazarının öz dəsti-xətti, üslubu olmasının şərt olub-olmadığına gəldikdə isə Zamin Hacı bildirib ki, üslub insanın potensialından xəbər verdiyi və müəllifin baxış bucağını müəyyən etdiyi üçün fərqli olmalıdır: "Əsas olan ərsəyə gələn yazının keyfiyyəti və gündəlik deyiləcək sözün olmasıdır. Hər gün köşə yazıram. Məncə, vaxtı və həvəsi olan köşə yazarının gündə 2-3 yazı yazması da mümkündür. Əsas odur ki, yazdığın mövzu ilə bağlı kifayət qədər bilgin olsun və öz-özünü təkrarlamamağı bacarasan”.
Azərbaycanda 2-3 nəfər tanınmış köşə yazarı olduğunu deyən gənc yazar Aqşin Yeniseyin sözlərinə görə, bəzi yazarlar yazıçılığın ən ucuz yoluna - köşə yazmağa üz tutublar: "Jurnalistikaya təzə gələnlərin hamısı köşə yazmaq istəyir. Onlar hələ bilmir ki, "laqqırtı” köşə yazmaq deyil. Bəzən sayt rəhbərləri də jurnalistlərə sifariş verirlər ki, filankəs haqqında köşə yazsın. Bunlar köşə deyil, yazı xatirinə nəsə qaralamaqdır. Adını yaza bilməyənlər köşə yazmaq iddiasına düşür. Onların düşüncəsinə görə, köşə yazmaq çox rahatdır. Ancaq onlar köşə yazısı ilə məhəllə söhbətlərini qarışdırırlar. Çünki qısa mətndə bütöv bir hadisənin izahını yazıb, onu oxuculara təqdim eləmək heç də asan deyil”.
Köşə yazarlarının maddi durumuna münasibət bildirən yazar deyib ki, yazı Azərbaycanda ən ucuz istehsal məhsuludur: "Qardaş Türkiyə ilə müqayisədə bizdə köşə yazısının qiyməti çox aşağıdır. Bu da yəqin ki, oxucu sayı ilə bağlıdır. Bir var yazını 15 milyon adam oxusun, bir də var 9-10 nəfər. Bizdə ölən yeri müəllif yazılarının 1000-2000 oxucusu olur. Bu qədər oxucu ilə redaksiyanın özünü saxlaması qeyri-mümkündür”.
Köşə yazarı, jurnalist Aida Eyvazova bildirib ki, köşə yazarı gündəmin nəbzini tutan, çoxunun deyə bilmədiyini yazan adamdır. Hər jurnalistə köşə yazarı demək olmaz: "Köşə yazarının auditoriyası olmalı və o, bəlli bir yaşa çatmalıdır. Mən ümumiyyətlə özümü köşə yazarı hesab etməmişəm. Amma yazılarımın kifayət qədər oxucusu var. Bəzən bir köşəmin 10 minə qədər oxunma sayı olur. Yazılarımda bacardığım qədər mövzunu gündəmə uyğun seçməyə çalışıram. Mövzu var ki, onu illərlə yazmağı planlayırsan. Mövzu da var, bir gündə yazıb ictimailəşdirirsən. Məsələn, Ukrayna hadisələri ərəfəsində gecə saat 2-də bir köşə yazmağa başladım və səhər 6-da bitirdim. Elə həmin dəqiqə də göndərdim sayta. Ancaq köşə yazılarıma görə, heç vaxt qonorar almamışam”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb