Xaricdən istehlak olunan bu məhsulları alış qiymətindən ucuz satmaq mümkün deyil
Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub. Hazırda ölkəyə idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla 1.35-1.40 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir.
Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu. Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti isə 1.82 AZN-dir. Türkiyədə müvafiq olaraq 1.94 AZN v. 2 AZN təşkil edir. Ukraynada da bu növdə avtomobil benzinlərinin satış qiyməti 2 AZN-dir. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstanda bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir. İqtisadiyyat Nazirliyindən verilən açıqlamaya görə, "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur. Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək, Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir.
"Sherg.az”a açıqlamasında millət vəkili Aydın Hüseynov söyləyib ki, "Premium Euro-95” və "Super Euro-98” markalı benzin xaricdən alınır və ölkədə bu kateqoriyalı benzinə olan tələbat cəmi 5 faizdir. Deputat qeyd edib ki, bu markaların bahalaşması əhalinin xərclərinə ciddi təsir göstərməyəcək: "Ölkə daxilində əsas tələbat dizel və "Aİ - 92” markalı benzinədir. Avtomobil istifadəçilərinin 95 faizi bu yanacaqları alır. Bu yanacaqların qiymətində isə heç bir artım yoxdur. "Premium Euro-95” və "Super Euro-98” tipli yanacaqlardan mühərrikləri güclü olan ən bahalı maşınların sahibləri istifadə edirlər. Ona görə, bu markalı benzinlərin bahalaşmasının ölkədə orta təbəqənin gəlirlərinə, maddi imkanı aşağı olan ailələrin büdcəsinə heç bir mənfi təsiri olmayacaq.
Bir məqamı da qeyd edim ki, sözügedən benzin markaları xarici ölkələrdə istehsal olunur, Azərbaycan onu idxal edir. Bu baxımdan, həmin benzinlərin qiymətini Tarif Şurası müəyyənləşdirmir. Xaricdən istehlak olunan bu məhsulları alış qiymətindən ucuz satmaq mümkün deyil. Ona görə, hər iki benzin markasının qiymətlərinin bahalaşması obyektiv səbəblərdən baş verib”.
Sabiq maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov da bildirib ki, Azərbaycanda benzinin qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır:
"Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı benzin istehlakçılarının sayı çox deyil. Bu benzin markalarının xaricdən gətirilməsi qiymətin müəyyənləşməsinə çətinlik yaradır. "Premium Euro-95” və "Super Euro-98” markalı benzinlər Azərbaycana idxal edildikdə maya dəyərindən baha satılmalıdır ki, satıcılar ziyanla işləməsinlər. Əslində sözügedən benzin markalarının bahalaşması gözlənilən idi. Bir müddətdir, bu benzinlərin ölkəmizdə maya dəyərindən belə aşağı satıldığı iddia edilirdi. Hər iki benzin markasının bahalaşmasının Azərbaycan iqtisadiyyatına ziyanı olacağını düşünmürəm. Çünki qeyd edildiyi kimi, "Premium Euro-95” və "Super Euro-98 markalı benzin istehlakçıları ölkəmizdə cəmi 5 faiz təşkil edir. O da böyük göstərici deyil. Bütün bu faktorları nəzərə alsaq, bu marka benzinin qiymətinin bahalaşması məqsədəuyğundur”. F.Yusifov onu da vurğulayıb ki, Azərbaycanda benzinin qiyməti qonşu ölkələrlə müqayisədə nisbətən aşağıdır: "Gürcüstan, Türkiyə, Rusiya kimi qonşu dövlətlərdə benzinin qiyməti ölkəmizdəkindən daha yüksəkdir. Avropa ölkələri ilə isə heç müqayisə belə etmirik. Həmin dövlətlərdə qiymətlər daha bahadır”.
İsmayıl