Osman Gündüz: “Əksinə, fikrimcə, İnformatika fənninin mahiyyətini daha da dərinləşdirmək, ona baxışları dəyişmək, onun adi Əməliyyat Sistemi və ya ofis proqramlarından ibarət olmadığını elan etmək lazımdır”Ramin Mahmudzadə: “Nazirin bu qərarı informatikaya 4-cü hücumdur, amma mən bilirəm nə baş verib”
Təhsil naziri Mikayıl Cabbarov ölkədə İKT və təhsil ictimaiyyətinin birmənalı qarşılamadığı təmayülləşmə ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, 50 məktəbin 10-11-ci siniflərində gələn ildən informatika fənni tədris olunmayacaq. Nazirin bu əmri də təhsil və İKT ekspertləri tərəfindən narazılıqla qarşılanıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qənaətincə, təhsil nazirinin təmayülləşmə ilə bağlı məlum qərarı düzgün yanaşma deyil: "Bəzən cəmiyyətdə, sosial mediada İnformatika fənninin ləğvini əsaslandıran müxtəlif fikirlər səslənir. Fikrimcə, İnformatikanın bəzi məktəblərdə zəif tədrisi, TQDK-da informatikadan imtahan olmaması, məktəblərdə kompüterləşmənin zəif olması, informatika müəllimlərinin sayının yetərli olmaması, bəzi məktəblərdə kompüterlərdən istifadə edilməməsi və s. bütün bu kimi səbəblər İnformatika fənninin ləğvinə əsas vermir. Bu tip səbəblərin ləğv edilməklə bağlı müzakirə obyektinə çevrilməsi belə doğru deyildir”.
Texnologiyalar və kommunikasiyalar, informasiya sahəsində Azərbaycanın bəlli bir milli maraqları olduğunu vurğulayan O.Gündüzün sözlərinə görə, biz ölkədə modern bir informasiya cəmiyyəti formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq: "Ölkədə Elektron hökumət quruculuğu prioritetdir. Biz dünya informatika olimpiadalarına uşaqlar göndəririk. Qlobal dünyaya inteqrasiya üzərində çalışırıq. Biz uşaqlar üçün texno-park yaratmaq üzərində düşünürük. Bütün bunlar isə İKT sahəsində yüksək bilik və bacarıqlara malik olan gənc nəslin yetişməsini tələb edir. Belə olan halda isə 10-11-ci siniflərdə İnformatika fənninin ləğvini, xüsusilə də Texniki təmayül üzrə İnformatika fənninin ləğvini anlamıram. Əksinə, fikrimcə, İnformatika fənninin mahiyyətini daha da dərinləşdirmək, ona baxışları dəyişmək, onun adi Əməliyyat Sistemi və ya ofis proqramlarından ibarət olmadığını elan etmək lazımdır”.
Ekspert əlavə edib ki, İnformatikanın tədris proqramını dəyişmək, kodlaşdırmaya, alqoritmik təfəkkürün formalaşmasına diqqəti yönəltmək daha doğru addım olardı”.
Əvvəllər üç dəfə İnformatika fənninin ləğv edilməsinə cəhdin mütəxəssislərin müzakirəsinə çevrildiyini vurğulayan fizika-riyaziyyat elmləri namizədi, "Şöhrət” ordenli İnformatika müəllimi Ramin Mahmudzadə isə nazirliyin bu qərarını informatikaya 4-cü hücum adlandırıb: "Amma mən bilirəm nə baş verib. Güman ki, bəziləri düşünür ki, artıq hamı kompüterdə yazmağı, internetə daxil olmağı, kompüterdə müxtəlif oyunlar oynamağı bacarır, belə hallarda informatika nəyə lazımdır. Əslində isə məsələ tam başqadır. İnformatika fundamental elmdir. Bu elmin bünövrəsini məktəblərdə tədris etmək lazımdır: "Qərar qəbul edənlər bilirmi İnformatika elmi nədir? Cənab prezident "Bakutel 2012”-də "İnformasiya və Kommunikasiya Texnologiyaları bizim üçün prioritet məsələ deməkdir, bu elm inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə addım üçün vasitədir” deyibsə, bugünkü məsələ nə deməkdir axı? İKT-nin inkişafı İKT mütəxəssislərsiz necə mümkün ola bilər? İKT mütəxəssisləri yalnız universitetdəki biliklərlə kifayətlənə bilməz axı?”.
Ramin Mahmudzadənin sözlərinə görə, qərar qəbul edənlər cəmiyyətin inkişaf tendensiyasını nəzərə almalıdırlar. Gələcəkdə bizə hansı mütəxəssislərin lazım olacağına diqqət yetirilməlidir. İnformatikadan imtahan salmaq əvəzinə, informatika fənninin tədrisini təkmilləşdirmək əvəzinə, belə addımın atılması anlaşılmazdır. Qəbul imtahanına kimya salınır, amma sonradan heç kim onu öyrənmir, informatikadan imtahan yoxdur, amma sonradan hamımız onu öyrənirik və istifadə edirik. Bu, necə izah oluna bilər? "1961-ci ildən tələbələrlə, 1962-ci ildən şagirdlərlə işləyən, yetişdirmələri İKT sahəsində müxtəlif ölkələrin universitet və şirkətlərinə, dövlət qurumlarında işləyən təcrübəli pedaqoq olaraq əminəm ki, informatikasız heç nə, başqa elmlər, mədəniyyət və s. mümkün deyil və İKT potensialı da dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu potensialdan istifadə isə İKT mütəxəssislərsiz mümkün deyil”.
Şəymən