Abdullah Gül hakimiyyət çevrilişi edə bilməz

Natiq Miri: “Məqsəd AKP daxilində münaqişə yaratmaq, hökuməti zəiflətməkdir”



Türkiyənin keçmiş əmək və sosial müdafiə naziri Yaşar Okuyan 11-ci prezident Abdullah Gülün hökuməti devirmək istədiyini iddia edib. Keçmiş nazir Gülün bu məqsədlə ABŞ, İsrail və İngiltərə ilə gizli görüşlər keçirdiyini bildirib. Eks-prezidentə yaxın olan mənbələr isə iddianı təkzib ediblər:

"Belə iddialar müəyyən yerlərə xidmət edən insanlarlar tərəfindən dövriyyəyə buraxılır. Gül dövlətin və millətin əleyhinə olan heç bir danışıqların içində yoxdur”. Yayılan xəbərlərlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri də düşünür ki, Abdullah Gül səviyyəsində bir adam heç vaxt hakimiyyət çevrilişinə cəhd etməz: "Gülün provokasiyaya gedəcəyinə inanmıram. Çünki o, çox gözəl anlayır ki, xalq tərəfindən seçilmiş bir siyasi hakimiyyətin zorla devrilməsi Türkiyə dövlətinin xeyrinə olmayacaq. Belə bir addım Türkiyəni yenidən 1970-ci illərə qaytarar. Bu da ölkədə dominant güclərin baş qaldırmasına səbəb olar. AKP hakimiyyətinin son 10 ildə ən böyük nailiyyətlərindən biri Türkiyənin müstəqil siyasət yürütməsidir. Qardaş ölkə iqtisadi və hərbi cəhətdən xeyli inkişaf edib və qüdrətli dövlətə çevrilib. Türkiyə dünyanın inkişaf etmiş 20 dövlətindən biridir”. Ekspertin sözlərinə görə, Abdullah Gülün şəxsiyyəti, xarakteri onun xarici dövlətlərin kəşfiyyat xidmətləri ilə əlaqə qurmasına və ölkədə anarxiya yaratmasına imkan vermir: "Bu iddialar hansısa kəşfiyyat qurumlarının növbəti təxribatıdır. Hətta "paralel yapı” adı altında fəaliyyət göstərən şəbəkənin də işi ola bilər. Məqsəd isə AKP daxilində münaqişə yaratmaq, hökuməti zəiflətməkdir”.

İsmayıl