“Böyük Britaniya İranın mülki şəxslərə və infrastruktura hücumlarına, eləcə də ticarət gəmiçiliyinə qarşı təhdidlərinə laqeyd qalmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Yaxın Şərq məsələləri üzrə dövlət naziri Stiven Dauti İranın Bəsrə körfəzində mülki infrastruktura və gəmiçiliyə qarşı təhdidləri barədə danışarkən deyib.
Nazir İranın Yaxın Şərqdəki proksi qüvvələrinin fəaliyyətlərinə də diqqət çəkib: “İranın və proksi qüvvələrinin yaratdığı son dərəcə ciddi təhdidlərə münasibətdə mövqeyimiz aydın və ortaqdır. Uzun müddətdir qəti mövqeyimiz ondan ibarətdir ki, İranın nüvə silahına sahib olmasına imkan verilməməlidir”.
Dauti “Hizbullah”, HƏMAS, “Ənsarallah” (husilər) və İraqda yerləşən silahlı qruplaşmaların fəaliyyətini də regionun təhlükəsizlik problemləri sırasında qeyd edib.
Britaniyanın dövlət naziri vurğulayıb ki, İran tərəfdaşlarını, dostlarını, kommersiya maraqlarını və mülki şəxsləri hədəfə almamalıdır:
“İranın Bəsrə körfəzində mülki infrastruktura və dənizçilərə qarşı təhdidləri Britaniyanın regional tərəfdaşlarının milli suverenliyini və təhlükəsizliyini, eləcə də qaydalara əsaslanan beynəlxalq nizamı təhlükə altına qoyur”.