“Biz həmişə vətəndaşlara tövsiyə edirik, həm də xəbərdarlıq edirik ki, həkimin təyinatı olmadan, özbaşına gedib aptekdən dərman preparatları alıb qəbul etməsinlər”
ABŞ Azərbaycanda satılan dərmanların tərkibinə şübhə ilə yanaşır
Səhiyyə Nazirliyi Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti olmadığını deyib
“Biz həmişə vətəndaşlara tövsiyə edirik, həm də xəbərdarlıq edirik ki, həkimin təyinatı olmadan, özbaşına gedib aptekdən dərman preparatları alıb qəbul etməsinlər”
“Biz həmişə vətəndaşlara tövsiyə edirik, həm də xəbərdarlıq edirik ki, həkimin təyinatı olmadan, özbaşına gedib aptekdən dərman preparatları alıb qəbul etməsinlər”
ABŞ Azərbaycana səfər edən vətəndaşlarına ölkəmizdəki apteklərdən dərman almamağa çağırıb. Strateq.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığında deyilir. Burada yerləşdirilmiş mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır:
"Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.
Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: "Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orijinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu resept sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.
ABŞ idarəsi həmçinin Bakıda təcili və keyfiyyətli tibbi xidmətin normal işləmədiyini qeyd edib: "Bakıda sutka ərzində beynəlxalq SOS siqnalı ilə yalnız bir tibbi klinika fəaliyyət göstərir. Bu klinika isə fövqəladə vəziyyətlər zamanı yalnız əhəmiyyətsiz tibbi problemləri həll edə bilir”.
ABŞ Dövlət Departamentinin xəbərdarlığına Azərbaycan Səhiyyə Nazirliyinin cavabı da gecikməyib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report”a açıqlamasında ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti olmadığını deyib.
S.Əhmədova ABŞ hökumətinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsini şərh edərkən bildirib ki, ABŞ bir çox dövlətlərə dair dəfələrlə belə bəyanatlarla, müraciətlərlə çıxış edib: "Bu, onların öz vətəndaşlarına bir növ yanaşma tərzidir. Bu da onların öz işidir. Yəni tövsiyənin bizim ölkə səhiyyəsinə qətiyyən aidiyyəti yoxdur”.
Nazirlik rəsmisi deyib ki, bu gün Azərbaycandakı tibb müəssisələrinin hazırkı vəziyyəti, mütəxəssislərin peşəkarlığı xarici dövlətlər tərəfindən qəbul edilib: "Bu gün yüzlərlə xarici ölkə vətəndaşı Azərbaycana gələrək yüksək səviyyədə müalicə alır və əməliyyat olunurlar”.
S.Əhmədova, eyni zamanda, ABŞ Dövlət Departamentinin Azərbaycanda vərəmin yayılması haqda yaydığı məlumata da münasibət bildirib: "Bu barədə deyilən fikirlər həqiqəti əks etdirmir. Azərbaycanda bu sahədə qeydə alınan göstəricilər ilbəil aşağı düşür. Vərəm xəstəliyi ilə bağlı statistik rəqəmlər digər ölkələrlə müqayisədə daha yaxşıdır. Bunu Qlobal Fond da təsdiqləyir”.
Göründüyü kimi, Səhiyyə Nazirliyi ittihamları rədd edir.
Lakin Azərbaycanda apteklərdə keyfiyyətsiz dərmanların da bəzən satışa çıxarıldığı, satılan dərman preparatlarının komponentlərinin lazımi səviyyədə olmadığı, bu səbəbdən də müalicənin qeyri-effektiv sonuclandığına dair dəfələrlə ittihamlar səslənib. Əhali də aptekdən alınan adi başağrısı dərmanlarının təsirsiz olduğunu, amma hansısa xarici ölkədə aldıqları dərmanların qısa zamanda effekt verdiyini deyir.
Bəs mütəxəssislər hansı fikirdədir? Deyilənlərdə həqiqət yükü nə qədərdir?
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında ABŞ Dövlət Departamentinin xəbərdarlığını daha çox siyasi xarakterli adlandırdı:
- Bu xəbərin siyasi tərəfləri daha çoxdur. Bilirsiz ki, ABŞ Dövlət Departamenti ölkəmizə qarşı qərəzli mövqedən çıxış edir. Dəfələrlə bu hallar təkrarlanıb. Ona görə də mən həmin xəbərdarlığa əhəmiyyət verilməməsini tövsiyə edirəm. Səhiyyə Nazirliyi də xəbərdarlıqda yazılanları təkzib etdi, mövqeyini açıqladı. Məlumdur ki, son illər dərman preparatları ilə bağlı sertifikatlaşdırma aparılıb. Tarif Şurası vahid qiymət siyasətinə keçib. Ümumiyyətlə, son 10 ildə Azərbaycan səhiyyəsində xeyli irəliləyişlər baş verib. Demək olar, tibbin bütün sahələrində kifayət qədər mütəxəssislərimiz də var. Azərbaycan klinikalarında, xəstəxanalarında ən müasir aparaturalar quraşdırılıb. Amma dərman bazarında, təəssüf ki, bir qədər qarışıqlıq var. Hazırda hansısa dərman preparatını qeydiyyatdan keçirmək problem deyil. İstənilən şəxs bunu edə bilir. Dərman preparatları həddindən artıq çoxdur.
Aptekə daxil olanda rəflərdə gördüyünüz o qutu-qutu dərmanların heç də hamısı konkret müalicə dərmanları deyil. Onların çoxu bioloji əlavələrdir. Bir var, konkret xəstəliyin müalicəsi üçün nəzərdə tutulan və tərkibində konkret molekullar olan dərman preparatları, bir də var tərkibində bioloji əlavələr olan preparatlar.
Məsələn, biz həkimlər mədə xorası xəstəliyində pasiyentə "Pantoprozol”la yanaşı başqa vasitələr də yazırıq. Başqa vasitələr konkret müalicə dərmanları deyil. Amma müalicə dərmanları ilə yanaşı qəbul olunmaları tövsiyə edilən vasitələrdir. Həkim əgər həqiqətən öz sahəsinin mütəxəssisidirsə, pasiyentə hansı dərman vasitəsinin yazılmalı olduğunu bilməlidir, pasiyenti əlavə dərmanlarla yükləməməlidir.
Həmçinin, biz həmişə vətəndaşlara tövsiyə edirik, həm də xəbərdarlıq edirik ki, həkimin təyinatı olmadan, özbaşına gedib aptekdən dərman preparatları alıb qəbul etməsinlər. Tibbi müayinə aparılmamış qəbul edilən hansısa dərmanlar mənfi nəticə verə bilər.
Məlahət Rzayeva