ABŞ dövlət katibi sükutu pozdu

Kerrinin Rusiya və Türkiyəyə səfəri dünyadakı münaqişə ocaqları ilə bağlıdır



Dünən ABŞ dövlət katibi Con Kerri Rusiyada səfərdə olub. Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla və Prezident Vladimir Putinlə görüşüb. Verilən məlumata görə, tərəflərin Soçidə keçirilən görüşündə Yəmən, Suriya, İran və Ukrayna münaqişələri əsas müzakirə mövzusu olub.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, görüşün gedişatında Moskva və Vaşinqton arasında münasibətlərin bütün problemli məsələləri də müzakirə edilib. Həmçinin, dünyadakı münaqişələr və bunların həlli yollarından danışılıb. Putinin mətbuat katibi Dmitri Peskov görüşün gündəliyinin geniş olduğunu bildirib. Lakin Peskov sanksiyaların müzakirə predmeti olmadığını deyib. Xatırladaq ki, Soçidən sonra Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyəyə yollanıb. Kerrinin Türkiyə rəhbərliyi ilə mühüm görüşlər keçirəcəyi deyilir. Son günlər Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir dövrdə Amerika xarici siyasət rəhbərinin əvvəlcə Rusiyaya, ardınca Türkiyəyə səfər etməsi ekspertlər tərəfindən fərqli şərh olunur. Amma əksəriyyət hesab edir ki, Vaşinqtonun məqsədi rəsmi Moskva və Ankara ilə dil tapmaqla gərginləşən münasibətləri yoluna qoymaqdır.

ABŞ rəsmisinin səfərlərini dəyərləndirən tanınmış siyasi icmalçı Arzu Nağıyev də düşünür ki, Kerri Rusiya və Türkiyədə əsasən dünyadakı münaqişə ocaqları ilə bağlı müzakirələr aparacaq: "Əvvəla qeyd edim ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginliyi tək erməni "soyqırım” məsələsi ilə ölçülmür. Hər iki dövlətin qarşılıqlı ticari və strateji maraqları var. Bunlar nüvə proqramı, turizm əlaqələri və digər sahələrlə bağlıdır. Geniş planda isə Türkiyə NATO-nun üzvü olan bir dövlətdir. Bu baxımdan rəsmi Ankara özündən başqa hərbi tərəfdaşlarının da marağını müdafiə etməlidir. Konkret olaraq, ABŞ dövlət katibi Kerrinin Rusiyaya səfərinə gəlincə, deyə bilərəm ki, burada əsasən Ukrayna, daha doğrusu, Donbas məsələsinin müzakirəsi olacaq. Çünki son vaxtlar münaqişənin həlli, necə deyərlər, "dalana dirənib” və istənilən vaxt yenidən alovlana bilər. Bu isə artıq dünya müharibəsi demək olar. Əlbəttə ki, super güc olan ABŞ indiki məqamda bunun reallaşmasını istəməz”.

Politoloq ABŞ dövlət katibinin Türkiyə səfərini belə şərh edib: "Kerrinin Türkiyəyə planlaşdırılan səfəri Suriya və ümumiyyətlə, ərəb dünyasının problemlərinin həlli yollarını nəzərdən keçirmək məqsədi güdür. Eyni zamanda bu görüşdə İran məsələsinə də toxunulacaq və Dağlıq Qarabağ da daxil olmaqla bir sıra regional münaqişələrin müzakirəsi aparılacaq”.

İsmayıl