ABŞ imkan verməyəcək

Neftin qiymətinin artacağını gözləmək mənasızdır



"Neftin qiyməti qalxacaq, yenə kef edəcəyik” yanaşması əsassız və çox zərərlidir. Eyni zamanda neftin yaxın 1-2 il ərzində bahalaşacağını söyləmək çətindir”. Bu sözləri "Şərq”ə iqtisadçı-ekspert Natiq Cəfərli neftin gələcək qiyməti barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, hazırda Azərbaycana investisiya hava-su kimi lazımdır:

"Xarici investisiyalar olmasa, düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik. Amma hər hansı bir xarici investor bir ölkədə yatırım qoymazdan öncə şirkətində çalışan komandaya həmin ölkə haqqında ətraflı məlumat toplamağı tapşırır. Məlumat qovluğuna ölkənin beynəlxalq reytinqlərdə yeri, korrupsiyanın səviyyəsi, məhkəmələrin durumu, mülkiyyət toxunulmazlığının vəziyyəti, ancaq bundan sonra daxili bazarın araşdırması, işləmək istədikləri seqmentin analizi daxil olur. Bu məlumatlar toplanandan sonra investor qərar verir”.

Ekspertin qənaətincə, görünən odur ki, hökumətin yeganə anti-böhran planı neftin qiymətinin qalxmasını gözləməkdir: "Bu gün neft 35 dollar olub və bunun 2 səbəbi var. Birinci, "Bloomberg” agentliyi bu günlərdə məlumat yaydı ki, Dohada Rusiya və Səudiyyə arasında neft bazarının stabilləşdirilməsi mövzusunda gizli danışıqlar başlayıb. Bu danışıqların nəticə verəcəyi sual altındadır, çünki Səudiyyə və Rusiya indi ayrı-ayrı cəbhələrdədirlər. İkincisi, İran artıq

bazara aqressiv şəkildə daxil olur. Avropaya 4 mln. barel neft satıb. Əvvəlcədən yığdığı (gündəlik hasilatdan başqa) 70 mln. barel xam nefti tez satmağa çalışır. Səudiyyə və Rusiya hasilatı azaltsalar (ehtimal 0-a yaxındır), o zaman onların bazar payını İran tutacaq”.

N.Cəfərlinin fikrincə, neftin qiymətinin bahalaşmasına imkan verməyən başqa bir məsələ odur ki, Rusiya hasilatı azalda bilmir, texnoloji olaraq buna hazır deyil: "Digər bir məsələ də mövcuddur. ABŞ-da "slans klapanı” adlı effekt neft bazarında işə düşür. Yəni, "slans neftinin” maya dəyəri artıq 15-17 dollara qədər enir. Yeni texnologiyalar gəlir. Əgər qiymət qalxsa, 40 dolları keçsə, həmin 10 gün ərzində ABŞ-da yeni quyuları istifadəyə vermək üçün texnoloji altyapı var. Qiymət qalxsa, dərhal ABŞ-da hasilat da artacaq. "Slans klapanı” işə düşərək, qiyməti yenə aşağı salacaq. Digər səbəb isə bütün neft hasil edən ölkələrin endirimli qiymət siyasətidir. Bu gün Londonda satılan Brent markalı fyuçerslərin qiyməti ilə, real qiymət arasında 5-8 faiz fərq var. Real qiymətlər daha aşağıdır. Londona satılan Brent markası "kağız neftdir”, fiziki neft deyil. Yəni, hökumətin, "neftin qiyməti qalxacaq, yenə kef edəcəyik” yanaşması əsassız və zərərlidir. Təəssüf ki, real mənzərə budur”.

Ayyət Əhməd