"ABŞ-ın hegemonluq cəhdləri bumeranq effekti verir" - Politoloq






"Türkiyə-ABŞ qarşıdurması oyuna bənzəyir”.

Bunu "Sherg.az”a Amerikanın YPG silahlılarının nəzarətində olan Suriyanın Mənbiç bölgəsində iki hərbi baza yaratmasını şərh edərkən politoloq Rasim Ağayev söyləyib. 

O qeyd edib ki, ABŞ dünyada, Avropada baş verən hadisələrə düzgün qiymət verib, siyasətinə düzəlişlər edə bilmir:

"İndi dünya dəyişiklik ərəfəsindədir, ABŞ isə bunu görmür. Düşünür ki, Vaşinqtondan hər hansı xəbər göndərəndə hər yer silkələnəcək.

Türkiyə isə son 20 ildir, regionda yeni mövqedə çıxış edir. Rusiya da özünəməxsus mövqedən çıxış etməyə çalışır. Bütün bunlar isə Amerikanın xoşuna gəlmir. Bu mövqeyin əksinə Avropa və Asiya ölkələri əmin-amanlıq yaratmaq, problemlərdən uzaqlaşmaq istəyirlər. Məsələnin bir qismi də Suriya ilə bağlıdır.

Türkiyə və ABŞ arasındakı kəskin ziddiyyət ABŞ-ın kürdlərlə münasibətindən doğub. Amerika özünə yeni müttəfiq kimi onları seçib, yenilik yaratmağa çalışır. Lakin ABŞ bu yolla getməməli idi, öz siyasətini fərqli qurmalı, özünü bərabər iştirakçı kimi göstərməli idi. Halbuki hər zaman olduğu kimi ABŞ hegemonluq etməyə çalışır. Bu hal isə bumeranq effekti verir.

Suriyada indiyə qədər olan bütün hadisələr Amerikanın həmin bölgə ilə bağlı siyasətinin davamıdır. Maraqlısı budur ki, Yaxın Şərqdə ABŞ-a inam azalır. Nəticədə güclü siyasi proseslər gedir, ABŞ qarşısını ala bilmir”.

Qeyd edək ki, məlumata görə, ABŞ bazalarından birini Mənbicdən şimalda, Dadat yaşayış məntəqəsi yaxınlığında inşa etmək niyyətindədir. Həmin əraziyə xeyli sayda tikinti texnikasının cəlb edildiyi bildirilir. Xatırladaq ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.

Aysel Aslan