ABŞ-ın ikili standartlar siyasəti kəskin etiraz doğurdu
Bako Saakyanın Vaşinqton səfərinə şərait yaradılması nonsensdir
Bir müddət öncə özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Amerika səfəri Ermənistan hökuməti və erməni lobbisinin səyləri nəticəsində baş tutub. Səfər zamanı ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib. Qondarma rəhbərin okeanın o tayında yaxşı qarşılanması Azərbaycan xalqı tərəfindən kəskin etirazla qarşılanıb. İctimaiyyət nümayəndələri hesab edirlər ki, Bako Saakyanın Amerikaya səfəri ABŞ siyasətinin ikili standartlarının bariz nümunəsidir.
Xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədri olan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. Əgər bu səfər normaldırsa, o zaman nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?
ABŞ necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir. Konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir. Hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda erməni nümayəndələrlə görüşü, ermənipərəst mərkəzlərlə təmasa girməsi nəzərə alınarsa, bu addım Amerikanın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.
Onu da nəzərə alaq ki, Dağlıq Qarabağın "başçısı” Ermənistan pasportu və vizası ilə ABŞ-a səfər edib. Ekspertlər vurğulayırlar ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə dərhal son verməli və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir. Azərbaycan ictimaiyyəti ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir, bu halı ədalətsizlik kimi qiymətləndirir.
Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, hər bir halda bu cür səfərlər olanda Azərbaycan mütləq şəkildə sərt etirazını bildirməlidir:
"Çünki bu kimi hallar Fransada, Brüsseldə, Avropa Birliyinin paytaxtında da olub. Etiraz etməsək, onlar elə bilərlər ki, Azərbaycan yumşalır və separatçılığı həzm etməyə hazırlaşır. Bu əsla belə deyil. Azərbaycan hər zaman öz etirazını bildirir və bundan sonra da bildirəcək. Həm də izahat tələb etməliyik. Heç şübhəsiz ki, ABŞ-ın da bizdən bir çox istəkləri var. Rəsmi Vaşinqtonun cavabı bizləri qane etmirsə, Amerika anlamalıdır ki, onların istəklərinə biz də rədd cavabı verə bilərik”.
Politoloq Arzu Nağıyev də bildirib ki, ABŞ münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunda təmsil olunan bir dövlətdir. Buna görə daha maraqlı olmalıdır:
"Məlum məsələdir, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu, demək olar ki, yoxdur. Lakin ümumi maraqlar olan yerdə bu "dostluq”lar yada düşür. Əgər qlobal miqyasda götürsək, ABŞ iqtisadi, siyasi və hərbi maraqlarına görə heç vaxt Azərbaycanla münasibətini gərginləşdirib Ermənistanla müttəfiq kimi davranmaz. Burada bir sıra səbəblər var. Birincisi, Rusiya və Ermənistanın siyasi, iqtisadi və hərbi bloklarda birgə təmsil olunmalarıdır. İkinci məsələ ABŞ-ın regionda olan özəl maraqları, o cümlədən İran, Əfqanıstan və digər dövlətlərlə Azərbaycanın ikitərəfli müsbət istiqamətli münasibətləridir. Üçüncüsü, hətta ABŞ prezidenti Donald Trampın da Azərbaycanın tərəfdaş dövlət olduğunu qeyd etməsi və beynəlxalq səviyyəli iqtisadi və siyasi layihələrdə əməkdaşlıq etmələridir”.
Politoloq Məhəmməd Əsədullazadə də bəyan edib ki, ABŞ-ın bu mövqeyi Avropa Birliyinin ölkəmizin ərazi bütövlüyü ilə bağlı verdiyi tam dəstəkdən ciddi fərqlənir: "ABŞ səfirliyinin etiraz notasına verdiyi cavaba nəzər yetirək:
"Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsiplərini - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirir”. Göründüyü kimi, ABŞ-ın "xalqların müqəddəratı" prinsipini əsassız olaraq qeyd etməsi qəbuledilməz və separatizmə dəstəkdir. Məgər, ABŞ bilmir ki, Ermənistan bir dəfə öz müqəddəratını təyin edib və indiki apardığı işğalçı siyasət Rusiyadan idarə olunur? Əlbəttə, bilir”. Politoloq əlavə edib ki, Vaşinqtonun bu siyasəti Rusiyanın dolayı yolla idarə etdiyi separatçılara dəstək kimi qiymətləndirilməlidir”.
İsmayıl