ABŞ-ın İrana qarşı sanksiyasına Rusiya, Türkiyə və Çin cavabsız qalmayacaq" - III dünya müharibəsi təhlükəsi

"İrana qarşı sanksiyaların bərpası təkcə rəsmi Vaşinqton və Tehran arasında münasibətlərə təsir göstərmir”.
Bunu "Sherg.az”a ABŞ-ın İrana qarşı sanksiyalarını yenidən bərpa etməsinə münasibət bildirərkən politoloq Elşən Manafov söyləyib. 
O vurğulayıb ki, İran ABŞ-ın Yaxın və Orta Doğu ilə bağlı siyasətinin əleyhinə mövqe sərgiləyib:
"Ona görə, sanksiyalar tək İran-ABŞ münasibətlərinə deyil, bütövlükdə bölgədəki vəziyyətə təsir göstərəcək. Sanksiyaların tətbiq edilməsi İranın maliyyə, iqtisadi durumunun pisləşməsinə gətirib çıxaracaq. Artıq İran rialının dollara nisbətdə bir neçə dəfə ucuzlaşması özünü göstərib. Amerikanın İrana dollar satmaqdan imtina etməsi, bank, maliyyə, enerji sektorunu hədəfə alması, bəzi şirkətləri İranla əməkdaşlıqdan imtinaya sövq edib. Bütün bunlar İranla bağlı vəziyyətin kritik olduğunu göstərir.
Qərb və İran arasında münasibətlərin gərginləşməsi dünyanın neft və qaz bazarında qiymətlərə təsir edərək. Üstəlik, İran iddia etdiyi kimi, Hörmüz boğazını bağlasa, bu, Avropanın enerji təhlükəsizliyinə təhdid deməkdir. Ona görə, hesab edirəm ki, ABŞ müttəfiqlərini vəziyyətdən çıxartmaq üçün İranla münasibətləri hərbi müstəvidə tənzimləməyə çalışacaq.
ABŞ-ın bu addımları, Rusiya, Türkiyə, Çin kimi dövlətlər tərəfindən cavabsız qalmayacaq. İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində dünya neft bazarında qiymətlərin yüksəlməsi Rusiyanın xeyrinədir. Amma geopolitik anlamda bölgədəki vəziyyət Rusiyanın mənafeyinə uyğun olmayacaq. Bu vəziyyət İrandan neft idxal edən Çinin də maraqlarına xidmət etmir. Bütün bunları qeyd etdikdə, hətta Üçüncü Dünya Müharibəsi təhlükəsi kimi məsələlərin gündəmə gəlməsi də mümkündür”.
E.Manafovun sözlərinə görə, bu məsələdə Azərbaycanı maraqlandıran məqam İranın birgə layihələr üçün vəd etdiyi investisiyanı yatırıb-yatırmayacağıdır:
"İran qonşu dövlətdir. İranda baş verə biləcək hər hansı münaqişədən sonra Azərbaycanın qaçqınlar ordusu ilə üzləşmə problemi ola bilər. Dövlətimiz sərhədlərinin yaxınlığında gərginliyin yaranmasının tərəfdarı deyil".
Aysel Aslan