ABŞ-ın niyyəti AÇIQLANDI: "Şimali Koreya, Rusiya və İranı... "




"ABŞ Şimali Koreya, Rusiya və İran kimi ölkələrə sanksiya tətbiq etməklə onları dünya iqtisadiyyatında gedən əsas proseslərdən təcrid etmək istəyir”.

Bunu "Sherg.az”a prezident Donald Trampın sözügedən ölkələrə qarşı kəskin sanksiyalar tətbiq etməsinin səbəbini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, ABŞ onların iqtisadiyyatına maksimum zərbə vurmağa çalışır: "

"Təcrübə göstərir ki, bu hədəflər müəyyən şəkildə həyata keçirilir və öz bəhrəsini də verir. Düzdür, tam şəkildə bu ölkələri dünya iqtisadiyyatından təcrid etmək çətindir. Çünki onlar sıx tellərlə həm dünya, həm də regional iqtisadiyyatla bağlıdırlar. Burada söhbət yalnız Amerikanın sanksiyalarından gedir. Amma digər ölkələrlə əməkdaşlıqlar sıx inkişaf edir və bu ölkələr çalışır ki, sanksiyalardan yan keçsinlər.

Bu ölkələrin tam təcrid olunmasından danışmaq çətin olsa da onların iqtisadiyyatına güclü təsir göstərilir. İqtisadiyyat zəifləyir və bununla bərabər hərbi potensiala da təsir edir. Yəqin ki, sanksiyaların tətbiqi və bu ölkələrin iqtisadi cəhətdən zəifləməsi davam edəcək. Lakin bu zərərlərin təsir edəcəyini bilən ölkələr sanksiyaların təsirlərini azaltmağa çalışırlar”.

Qeyd edək ki, son günlər ABŞ prezdenti Donald Trampın İran, Rusiya və Şimali Koreya kimi ölkələrə qarşı bəyanatları ara vermir. 

Aysel Aslan