ABŞ-ın sanksiyalarından yaxa qurtara bilməyəcəklər

İranda əcnəbilərin pasportlarına möhür vurmamaq çıxış yolu deyil



İran rəhbərliyi bəzi Avropa ölkələrinin iş adamlarının pasportlarına viza möhürünün vurulmaması qərarını verib. İranın Turizm Agentlikləri Birliyinin sədri Hörmətullah Rəfii deyib ki, Avropanın bəzi ölkələrində vətəndaşların pasportlarına İran möhürü vurulduqda onlar Qərb ölkələrində müəyyən problemlərlə üzləşirlər. Həmin şəxslər ABŞ-la ticarət mübadiləsində iştirak edə bilmirdilər: "Artıq bu problem aradan qaldırılıb. Bundan sonra İrana daxil olarkən onların pasportuna viza icazəsi ilə bağlı möhür vurulmayacaq”. Ekspertlər Tehranın maraqlı çıxış yolu tapdığını vurğulasalar da, bu metodun Qərbin sanksiyalarına qarşı duruş gətirə bilməyəcəyini ifadə edirlər.

Politoloq Sədrəddin Soltan "Şərq”ə açıqlamasında bildirib ki, ABŞ-a, Avropa Birliyi ölkələrinə, İsrailə səfər edənlərin pasportlarında İrana girişlə bağlı möhür olanda onlar üçün ciddi problem yaranırdı. Daha doğrusu, həmin şəxslərin bu ölkələrə girişinə icazə verilmirdi:

 "Düzdür, bu məhdudiyyət açıq elan edilmir, ancaq müxtəlif bəhanələrlə ölkəyə buraxılmırlar. Bu isə İran üçün çox ciddi problem yaradır. Söhbət təkcə sərmayə qoyuluşundan getmir, İranda turizmin inkişafına da ciddi problem yaradır. Bundan çıxış yolu kimi İran tərəfi həmin şəxslərin pasportunu "korlamamağı” qərara alıb. Ancaq bu həmin adamların qeydiyyata alınmaması demək deyil. Əlbəttə, qeydiyyat qapalı aparıldığından ondan yalnız İran tərəfi istifadə edə biləcək. Lakin pasportlara möhür vurulmaması sanksiyalardan yayınmağa yardım edə bilməz. Çünki sərmayə yatıracaq şirkət və dövlətləri izləmək elə də çətin deyil. Bu barədə məlumatların yayılması belə həmin şirkətlər üçün ciddi problemlər yaradacaq. Odur ki, pasportlara möhür vurmamaq çıxış yolu deyil”.

Analitik bəyan edib ki, bu günlərdə Rusiyanın "LUKOYL” şirkəti İranda fəaliyyətini dayandırdığını bildirib. İranın dərdinin əlacı belə şirkətlərdədir: "Onların sahibləri Qərbdəki müştəriləri itirmə riskinə girməzlər. Bu, perspektivdə İranın təhlükəsizliyi üçün də problem yarada bilər. Mən dünya praktikasında "möhür vurulmaması” metodunun olduğunu bilmirəm. Eyni zamanda möhür vurmamaqla İranın böyük sərmayələr cəlb edəcəyinə də inanmıram”.

İsmayıl