ABŞ-ıTürkiyəyə yaxınlaşdıran SƏBƏBLƏR... - Aktual ŞƏRH

"Türkiyənin ABŞ və Qərb üçün əsas önəmi odur ki, bu ölkə NATO-nun üzvüdür”.
Bunu "Sherg.az”a Amerika-Türkiyə yaxınlaşmasının səbəblərini izah edərkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, analitik Azər Rəşidoğlu söyləyib. 
O bildirib ki, rəsmi Vaşinqtonun Türkiyənin NATO nəzarətindən çıxmasına imkan verməyəcəyi əvvəldən bəlli idi:
"Sadəcə Türkiyənin Avropa Birliyinə qoşulmaq cəhdlərinin qarşısı alınırdı. Bu dövlət Qərb ölkələrindən, beynəlxalq təşkilatlardan gözlədiyi krediti ala bilmirdi. Bu isə münasibətlərdə soyuqluq yaradırdı. Bu zaman Türkiyə məcbur qalaraq Rusiya ilə yaxınlaşdı və Suriyadakı addımları ilə müstəqil siyasət yürütdü. Daha sonra rəsmi Vaşinqtonun Kürdüstan dövləti barədə ortaya atdığı iddialar Türkiyənin müstəqilliyinə təhdid idi və rəsmi Ankara bunu cavabsız qoya bilməzdi. Yaranmış vəziyyətə görə, Türkiyə bir güclə yaxınlaşmalı idi. Bu isə aralıq müddətə Rusiya oldu. Donald Tramp və Avropa ölkələri də başa düşür ki, Türkiyə Yaxın Şərqdə, Cənubi Qafqazda açar və körpü rolunu oynayır. Bu baxımdan Ankaranı uzaqlaşdırmaq bu dövlətlərin strateji geopolitik maraqlarına cavab vermir”.
A.Rəşidoğlu hesab edir ki, ABŞ, həqiqətən, NATO üzvü olan ölkələrlə əməkdaşlığa maraqlıdırsa, Ankaranın fikirlərini nəzərə almalıdır:
"Belə barışıq jesti varsa, PKK/PYD üçün yaradılacaq xəyali Kürdüstan dövlətinin üzərindən xətt çəkiləcək. Hətta Ərdoğanın könlünü almaq üçün Fətullah Gülənin ABŞ-dan qovulması baş verə bilər. Hər bir siyasi təhlilçi anlayır ki, Rusiya Türkiyə münasibətləri uzun müddət yaxşı qala bilməz. Nə vaxtsa, mütləq pozulacaq. Hələlik nə qədər ki, Qərb və Türkiyə münasibətlərində müəyyən gərginlik var, bu müddətdə Ankara Moskva ilə yaxın olmalıdır.
Hazırda Trampın hədəfində İrandır. O İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək niyyətindədir. Ona görə, İrana qarşı birləşmək üçün qonşu ölkələrlə əlaqələr qurmalıdır. Mən istisna etmirəm ki, İrana mümkün həmlələr ssenarisində Türkiyə də yer alacaq. Bu Amerika ilə razılaşdırılıb. ABŞ prezidentinin xoş jestləri də görünür bundan qaynaqlanır. Əgər İrana qarşı hərbi əməliyyatlar olacaqsa, Trampın hədəfində Türkiyə olacaq. Ərdoğan da bunu anlayır”.
Qeyd edək ki, bir neçə gün əvvəl, Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO zirvəsi ABŞ –Avropa İttifaqı böhranının kölgəsində davam edərkən Amerika mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti söhbəti işıqlandırıb. Məqalədə qeyd olunur ki, Donald Tramp Rəcəb Tayyib Ərdoğanı tərifləməkdən doymayıb. İkili arasındakı söhbətdən sonra Tramp Ərdoğanı nəzərdə tutaraq yanındakı liderlərə "onu sevirəm” sözlərini deyib.
Aysel Aslan