ABŞ özünü təcrid vəziyyətə sala bilər

Tramp yeni qaydalarla ölkəsini təhlükələrdən sığortalamaq istəyir


Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp viza yoxlaması ilə bağlı yeni qaydaları təsdiqləyib. Yoxlamaya sosial media məlumatlarının da araşdırılması daxil edilib.

Viza üçün müraciət edən şəxslərin son 5 ildə sosial mediadakı, o cümlədən, "Facebook”, "Twitter”, "İnstagram” kimi sosial şəbəkələrdəki fəaliyyəti araşdırılacaq. Bundan əlavə, şəxsin 15 il əvvələ qədər olan tərcümeyi-halı da tədqiq olunacaq. Tənqidçilərə görə, Trampın qərarı hüquqi proseslərin ləngiməsinə səbəb olacaq və Amerika Birləşmiş Ştatlarına gəlmək istəyən tələbələri, alimləri həvəsdən salacaq. 

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Fikrət Sadıqov deyib ki, ABŞ Prezidenti yeni qaydalarla təsadüfi qrupların və şəxslərin Amerikaya gəlişinin qarşısını almağa çalışır. Ekspertin fikrincə, zəruri məqamlarda bu cür addım atan Qərb dövlətlərini, o cümlədən ABŞ-ı başa düşmək olar: 

"Görürsüz ki, hazırda Avropa dövlətləri terror təhlükəsi ilə üz-üzə qalıb. Düzdür, baş verən terror hadisələrinin günahı əslində Qərb dövlətlərinin özündədir. Amma bununla yanaşı, Qərb ölkələrinin başçıları hesab edirlər ki, sərt qaydalar tətbiq etməklə terror hadisələrinin qarşısını ala bilərlər. Tramp da yeni qaydalarla Amerikanı təcrid edilmiş bir dövlətə çevirmək istəyir. Həqiqətən də ABŞ bir sıra təhlükələrdən sığortalanmaq üçün özünü təcrid vəziyyətinə sala bilər. Lakin əsas məsələ ifrat dərəcədə sərt addımların atılmamasıdır. Əlbəttə, təhlükəsizliklə bağlı müəyyən qərarlar verilə bilər. Amma bu o demək deyil ki, müxtəlif bəhanələrlə sərhədləri bağlamaq lazımdır”. 

Politoloq bildirib ki, əgər Trampın qərarı sadəcə bəhanədirsə, çox pis amildir. Yox əgər terrorun qarşısını almaq məqsədi daşıyırsa, o zaman ABŞ-ı başa düşmək mümkündür: 

"Ümumiyyətlə, Tramp administrasiyasının qərarları çox zaman həddindən artıq sərt olur. Sonuncu məsələ də onun tərkib hissəsidir. Qərar sərt olsa da, terror aktlarının törədilməsinin qarşısını almağa hesablanıb”.

İsmayıl