Bu onu göstərir ki, Suriyanın gələcəyində söz sahibi olan iki dövlətdən biri Türkiyə olacaq
ABŞ qoşunlarını Suriyadan geri çəkdi
Tramp bəlkə də ilk dəfə önəmli və doğru addım atdı
Bu onu göstərir ki, Suriyanın gələcəyində söz sahibi olan iki dövlətdən biri Türkiyə olacaq
Bu onu göstərir ki, Suriyanın gələcəyində söz sahibi olan iki dövlətdən biri Türkiyə olacaq
Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını deyib. O bildirib ki, prezident olduğu dönəmlərdə Suriyadakı hərbi varlıqlarının tək səbəbi İŞİD idi. ABŞ Prezidenti artıq İŞİD-i məğlub etdiklərini deyib.
Xatırladaq ki, vaxtilə Türkiyə ABŞ-a Suriya ərazisində Amerika qoşunu yerləşdirməyi təklif etmişdi. Birdən-birə ABŞ qoşunlarının Suriyadan çəkilməsi geosiyasi aləmdə maraqla qarşılanıb.
Mövcud durumu "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri Trampın atdığı addımın düzgün olduğunu düşünür. Politoloq bildirib ki, ABŞ-ın Suriyadakı varlığı və siyasəti okean burulğanında heç bir istiqaməti olmayan gəmiyə bənzəyirdi: "Ona görə də gələcəkdə böyük bir məğlubiyyətdən qaçmaq üçün Tramp "İŞİD-i məğlub etdik”- deyib, qalib poza verməklə Suriyadan çəkilmək qərarı aldı. Bununla da ən azından indiyə kimi olan yanlışların üstünü örtdü.
Nə Obama, nə də Tramp hakimiyyəti dönəmində Suriya strategiyası ABŞ-da mövcud deyildi. Yəni konkret hədəflər və hadisələrin hansı yöndə inkişaf edəcəyi ilə bağlı planlar yox idi. Ard-arda gələn yanlış hərəkətlərlə ABŞ böyük maliyyə itkisi ilə üzləşdi. Eyni zamanda Türkiyə kimi strateji müttəfiqi ilə münasibətləri pozulmaq üzrə idi.
Trampın qərarı ilə bağlı ABŞ-da ciddi fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları yenə davam edir. Xüsusilə Pentaqon bu məsələdən ciddi şəkildə narazı qalıb. Hətta Pentaqon rəhbərinin yaxın günlərdə istefa verəcəyi də bildirilir. Həmçinin bəzi senatorlar da Trampın qərarına təpkili mövqe nümayiş etdiriblər və verilən qərarın gələcəkdə ABŞ-a mənfi təsiri olacağını deyiblər. Təbii ki, bu fikir daha çox yəhudi lobbisinə və İsrailə yaxın olan şəxslərə məxsusdur. Onlar İsrailin regiondakı təhlükəsizliyi baxımından çıxış edərək daha çox ABŞ-ın deyil, İsrailin geosiyası maraqlarını müdafiə edirlər. Fikrimcə, dövlət maraqları baxımından ABŞ Prezidenti bəlkə ilk dəfə ən önəmli və doğru addım atdı”.
Politoloq bildirib ki, Trampın verdiyi qərardan sonra bölgədə olan İŞİD-in daha da aktivləşəcəyi ilə bağlı fikirlər səslənir:
"Lakin bu, reallığı o qədər də əks etdirmir. Çünki Trampın verdiyi qərar təsadüf deyil. Türkiyənin bu qərarla əlaqəli olduğunu demək olar. Əgər Suriyada boşluq yaranacağı ilə bağlı ABŞ-dakı müəyyən siyasi dairələr narahatlıq bildirirlərsə, bunlar əbəsdir. Narahatlıqlar əslində ABŞ-ın deyil, İsrailin maraqlarına xidmət edir. Çünki Türkiyə Şərqi Fərat əməliyyatına başlayacağı təqdirdə PKK terrorçularını 500 kilometrlik Türkiyə ilə sərhəddən tamamilə təmizləyəcəyi ilə paralel olaraq həm də İŞİD terrorunun birdəfəlik bitirilməsi öhdəliyini üzərinə götürdü. Bu faktın özü də göstərir ki, artıq Türkiyə İŞİD-in bundan sonra bölgədə aktivləşməsinə və fəaliyyətinə imkan verməyəcək. Türkiyənin bu yöndə qətiyyətli qərar verdiyi ortadadır”.
N.Mirinin fikrincə, ABŞ qoşunları Suriyadan geri çəkildikdən sonra Türkiyə Suriyanın əhəmiyyətli hissəsinə nəzarət edəcək. Bu nəzarət çərçivəsində nəticədə milyonlarla suriyalı qaçqın öz torpaqlarına qayıdacaq: "Həmçinin bu günə kimi dağıdılmış demokratik vəziyyət yenidən düzəldiləcək. Yəni PKK və İŞİD tərəfindən zorla yuvalarından qovulmuş ərəb, kürd və türkmənlər yenidən torpaqlarına qayıdacaq. Əslində bütün bunlar gələcəkdə Suriya əhalisinin Türkiyədən yana mövqeyini ortaya qoyacağını göstərir. Belə olduğu təqdirdə Suriyanın gələcəyində söz sahibi olan iki dövlətdən biri Türkiyə olacaq. ABŞ-la Türkiyə arasındakı danışıqlarda məhz bu məsələlər nəzərə alınmamış deyil. ABŞ-ın Türkiyə ilə razılaşdıqdan sonra qoşunlarını Suriyadan çıxarmasına qərar verilib. Hələlik bu yöndə hansısa fikirlər səslənməyib, amma mövcud gəlişmələr göstərir ki, həqiqətən belə bir razılaşma mövcuddur. Yoxsa yuxudan qəflətən ayılan Tramp birdən-birə bu cür strateji qərar verə bilməzdi. Yaxın zamanda əgər Türkiyə hərbi əməliyyatlara başlayarsa, əməliyyat çərçivəsində demək olar ki, bütün terror ünsürləri Suriyadan təmizlənəcək. Bundan sonra Suriyada siyasi həll prosesi sürətlənəcək. Artıq bu istiqamətdə Rusiyanın da konkret açıqlamaları var.
Əgər Rusiya, İran və Əsəd rejimi dünənə qədər Suriyada terroru bitirə bilmirdilərsə, bu yöndə ABŞ-ı ittiham edirdilərsə, Türkiyənin "Şərqi Fərat əməliyyatına başlayacağıq” açıqlaması ilə demək olar ki, bu proses böyük sürət qazandı. Nəticədə ABŞ qoşunlarının Suriyadan çəkilmə qərarı verildi. Yəni Rusiya, İran və Əsəd rejiminin illərlə edə bilmədiyini Türkiyə cəsarətli bir addımı ilə etdi. Beləliklə, Türkiyə gələcəkdə Suriyada söz sahibi olmaq üçün böyük üstünlüklər qazanacaq”.
Yeganə Bayramova