ABŞ səfiri hərbi pilotlarımızla görüşdü

Sekutanın bu addımında qaranlıq məqam axtarmaq lazım deyil



ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Müdafiə Nazirliyinin pilotları ilə görüşüb. Bu barədə səfirliyin rəsmi "Twitter” hesabında məlumat verilib. Məlumata görə, görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edilib.

Addımın mahiyyətindən söz açan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə söyləyib ki, rəsmi Vaşinqtonla Bakı arasında hərbi və təhlükəsizlik istiqamətində əməkdaşlığa dair hüquqi sənəd mövcuddur. Ona uyğun olaraq amerikalı ali hərbi təmsilçilər Bakıya gəlirlər: "Tərəflər arasında müxtəlif xarakterli tədbirlər-kordinasiya işləri, təcrübə mübadilələri və hansısa hərbi proqramların yerinə yetirilməsi işləri aparılır. Səfirin görüşü məhz həmin xarakterlidir. Onun üzərindən qaranlıq məqam və ya ciddi neqativ mətləb axtarmağa ehtiyac yoxdu. Ən azı ona görə ki, Azərbaycanın hərbi hava qüvvələri bu dövr ərzində güclü inkişaf yolu keçib. Zənnimcə, diplomatik korpus olaraq ABŞ nümayəndələri də Azərbaycanın işini, əlaqə və planlarını bilmək istəyindədir. Bəlkə, gələcək dövr üçün hər hansı istiqamətdə münasibətlərə dair qərarlar verilə bilər. Biz Ağ Evin daxili işlərimizə müdaxiləsini pisləyirik. Bununla yanaşı, düşünürük ki, təhlükəsizlik və hərbi məsələlər barədə əlaqələrin qurulmasını süngü ilə qarşılamaq olmaz. Əminəm ki, diplomatın məlum istiqamətdəki görüşü Azərbaycan tərəfindən ciddi ölçülərək həyata keçirilir və dövlətimizin maraqları güclü şəkildə qorunur”.

Ayyət Əhməd