ABŞ Suriya savaşından hələ qazanmayıb

Türkiyə, Rusiya və İran mövqelərini möhkəmlədib, ona görə böhran dərinləşəcək


Ötən gün Moskvada dünyanın diqqətlə izlədiyi görüş baş tutdu. ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında 5 saat çəkən görüş oldu. Daha sonra Prezident Vladimir Putinlə görüşən Tillerson Rusiya və ABŞ-ın Suriyada əməkdaşlıq məsələsində razılığa gəldiyini bəyan etdi.

Bununla yanaşı, Amerika rəsmisi Suriya ilə bağlı müzakirələrin davam etdirilməsinin zəruri olduğunu bildirdi: "Əməkdaşlığımıza mane olmaq cəhdləri var idi. Düşünürük ki, bu heç də uzaqgörən yanaşma deyil. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlığından təkcə xalqlarımız deyil, bütün dünya udur”. Tillerson onu vurğulayıb ki, artıq Əsəd rejiminin sonu çatıb: "İllərdir davam edən müharibənin günahı rejimin boynunadır”. Sergey Lavrov da bəyan edib ki, tərəflər bir-birini daha yaxşı anlamağa başlayıb: "ABŞ-ın dövlət katibini Vladimir Putinin də qəbul etməsi Moskvanın Rusiya-ABŞ münasibətlərində çoxsaylı problemlərin həllinə can atdığını təsdiqləyir”. Lavrov Suriyanın hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi məsələsinin Moskva və Vaşinqton arasında ciddi fikir ayrılığına səbəb olduğunu etiraf edib. Ancaq fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ əvvəlki kimi bütün vasitələrlə terrorla mübarizənin vacib olduğunu vurğulayıblar. ABŞ Prezidenti Donald Tramp tvitter səhifəsində yazıb ki, "Rusiya ilə münasibətlər yaxşı olacaq. Vaxtı çatanda hamı özünə gələcək və hər şey qaydasına düşəcək”. Suriya məsələsində ABŞ-Rusiya anlaşmasının reallaşacağına münasibət birmənalı deyil. İki dövlət arasında daimi və səmimi razılaşmanın olmayacağını düşünənlər isə daha çoxdur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında deyib ki, tərəflərin razılığa gəlməsi Suriya məsələsində mühüm dönüş yaradar. Amma ABŞ və Rusiya arasında tez zamanda anlaşma olacağı inandırıcı deyil: 

"Suriya 3 min illik tarixə malik bir ölkədir. Bəşər Əsədin isə cəmi 40 yaşı var. Ona görə də "Əsədsiz Suriya” termini çox işlənməməlidir. Ümumiyyətlə, şəxsiyyəti o qədər şişirtmək lazım deyil. Söhbət ondan gedir ki, Suriyada Rusiya, ABŞ, İran və Türkiyənin maraqları uğrunda mübarizə gedir. Əsəd isə sadəcə kukladır. Onu istədikləri kimi idarə edəcəklər. Hələlik yaranmış situasiya həmin dövlətlərə öz maraqlarını təmin etməyə imkan vermir. Türkiyə, Rusiya və İran Suriyada öz güclərini göstəriblər, müəyyən mənada mövqelərini bərkidiblər. ABŞ isə əliboş qaldığı üçün Suriyanı bombalayır ki, "mənə də pay çatmalıdır”. Əgər Amerika və Rusiya razılaşarsa, böhran bitəcək və yeni Suriya meydana çıxacaq. Ancaq burada mütləq Türkiyə və İranın da razılığı labüddür”.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü, politoloq Əli Oruclu "Şərq”ə bildirib ki, əsas ziddiyyətli məsələ Əsədin hakimiyyətdə qalması deyil: "Əsəd aysberqin görünən tərəfidir. Suriyanın taleyini nə Əsəd, nə də suriyalılar müəyyən edəcək. Bölgədə savaşa son qoyacaq olan yalnız beynəlxalq güclərdir. Hələlik regiona sahib olmaq uğrunda ciddi savaş gedir. Suriya çox strateji məkanda yerləşir və Şərqin açar nöqtələrindən sayılır. Həm də Avropaya nəql olunan böyük həcmli karbohidrogen yataqlarını daşıyan marşrut xətləri Suriya üzərindən keçir. Rusiya Suriyada ABŞ-a güzəştə getmək istəmir. Bu baxımdan bölgədə uzunmüddətli sülhdən, atəşkəsdən söhbət gedə bilməz. Rusiyanın ehtiyat etdiyi əsas məsələlərdən biri də terrordur. Əgər Suriyadakı müharibə sona çatarsa, oradakı terrorçu qruplar Rusiya ərazisinə soxulmağa başlayacaq. Məlumdur ki, Suriyada döyüşən əksər terror qruplarının arxasında birbaşa Qərbin xüsusi xidmət orqanları durur”.

İsmayıl