
“ABŞ Suriyada hələ uduzmayıb”
Fərrux Məmmədov: “Axı Rusiyanın müdafiə etdiyi Əsəd qalib gəlməyib ki, Amerika məğlub hesab olunsun”“Görünən odur ki, hazırda ABŞ Rusiyanı bir neçə konfliktə cəlb edərək tamamilə passiv fiqura çevirməyə çalışır”

"Hillari Klintonun seçilməsi Putin üçün kabus ssenari deməkdir”

Rusiya ilə ABŞ arasında Suriya böhranı ilə bağlı əldə olunmuş bütün razılaşmalar ləğv edilib. Bu barədə Dövlət Departamentinin sözçüsü Con Kirbi məlumat verib. Yazılı açıqlama verən sözçü iddia edib ki, Moskva atəşkəsin əldə olunması və humanitar yardımların çatdırılması barədə üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.
Xatırladaq ki, buna qədər Moskva da eyni məzmunlu açıqlamalar verib. Ötən gün Sergey Lavrov bəyanatında bildirib ki, Rusiya ilə ABŞ arasında Suriya münaqişəsi üzrə əldə olunan razılaşmalar böyük ölçüdə təxirə salınıb. Rusiyalı diplomatın sözlərinə görə, Vaşinqtonun dəstəklədiyi müxalif qruplaşmalar əldə olunan razılaşmaları qəbul etmir. Amerikanı ittiham edən Lavrovun sözlərinə görə, Qərbin addımları şərtlərin tətbiq edilməsinə mane olur: "Vaşinqton əvvəlcə bu məsələyə aydınlıq gətirməlidir”.
İki supergüc arasında artan gərginliyi və bölgədə cərəyan edən prosesləri şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov "Şərq”ə müsahibəsində Rusiyanı ittiham edib. Ekspertə görə, regionun əsas təhlükəsi Kremlin işğalçı planlarıdır.
- ABŞ-Rusiya gərginliyi Ağ Ev rəsmilərinin Moskvanı ittiham etməsindən sonra daha da artdı. Sizcə, Vaşinqton hansı məqsədlər üçün Rusiya təhlükəsini qabartmağa ehtiyac duydu?
- Rusiya və İranın Suriyada keçirdiyi siyasi və hərbi əməliyyatlar regiondakı güc balansını pozdu. Rusiya artıq real təhlükə mənbəyinə çevrilib. Əvvəllər bu təhlükəni siyasi yolla passivləşdirə bilirdilər, amma indi mümkün deyil. Səbəb isə Putinin imperialist siyasəti və yenidən SSRİ sərhədlərini vizyon olaraq bərpa etməkdir. Bu bərpa siyasəti Türkiyə başda olmaqla, Yaxın Şərq və xüsusən də Cənubi Qafqaz üçün olduqca böyük təhlükə deməkdir. Rusiya güc balansını pozaraq yeni siyasi və hərbi mühit yaradır. Bu, gələcək üçün olduqca ciddi təhlükədir. ABŞ və müttəfiqləri hazırda bunun qarşısını almağa çalışırlar. Rusiyanın uzun müddət müharibə aparmaq gücü yoxdur və Amerika hazırkı durumda prosesdən maksimum istifadə etməyə çalışacaq. Əslində Qərbin gedişi Rusiyanın maliyyə resurslarının bitirilməsinə hesablanmış siyasi proses də ola bilər.
- İki supergüc arasında qarşıdurma hansı həddə qədər gedib çıxa bilər? Ümumiyyətlə, tərəflər münaqişədə maraqlıdırmı?
- ABŞ superdövlətdir və demək olar yeganə qlobal gücdür. Rusiya isə regional güc olaraq qalmaqdadır. Rusiyanın ərazisi və təbii sərvətləri var, onların hesabına hələki siyasi-hərbi proseslərə tab gətirə bilir. Əslində Rusiya və ABŞ müharibə aparır, sadəcə açıq şəkildə üz-üzə durmurlar və öz mövqelərinə uyğun hərəkət edən qüvvələri dəstəkləyirlər. Yəni Bəşər Əsəd Rusiya, Azad Suriya Ordusu isə ABŞ deməkdir. Bir növ SSRİ zamanında Əfqanıstan ssenarisi təkrar olunur. Lakin bir həqiqət var ki, Rusiya getdikcə region üçün bəlaya çevrilir. Bu baxımdan Amerika müxtəlif variantlarla Rusiyanı zəiflətməyə çalışır. Əgər Moskva passivləşərsə, o zaman bölgə təhlükəli proseslərden xilas olacaq.
- Rusiyanın aqressivliyi tez-tez vurğulanır. Sizcə, iqtisadi sanksiyalardan ciddi ziyan görən Rusiya ABŞ, ümumiyyətlə, Qərb dünyası ilə ciddi qarşıdurmaya gedəcəkmi?
- Rusiya hazırda biz düşündüyümüzdən daha ağır siyasi və maliyyə böhranı içərisindədir. Lakin bu böhran Putin üçün önəmli deyil. Əsas məsələ Putinin siyasi imicidir. Məhz öz imicini qorumaq üçün o, Rusiyanı səfalət və aclıq içində qoymağa hazırdır. Görünür, ABŞ bu situasiyanı bildiyinə görə, hələlik Suriya probleminin tezliklə həllində maraqlı deyil. Qərb əlavə sanksiya paketi qəbul edəcək və bir neçə ilə Rusiya "defolt” olacaq.
- Ekspertlərə görə, ABŞ-a nisbətən Avropa ölkələri Moskva ilə münasibətləri sonlandırmaq istəmirlər. Bunun səbəbi Avropanın enerji təhlükəsizliyində Rusiyanın mühüm rol oynamasıdır. Həqiqətən belədirmi?
- ABŞ alternativi olmayan heç bir siyasi prosesə start vermir. Əslində Rusiya üçün böyük enerji bazarı məhz Avropadır. Burada Amerikadan daha çox Rusiyanın maraqları var. Ancaq Avropa Rusiyadan qaz almasa, böyük problem yaşamaz. Çünki Avropanın əlavə enerji qaynaqları mövcuddur. Yəni neft və qaz Avropa üçün o qədər də qlobal problem sayılmır. Lakin məsələ burasındadır ki, Avropa Rusiyadan qaz almazsa, bu, Moskva üçün fəlakət ssenarisi olacaq. Ona görə də Rusiya bu məsələdə həssas davranır və böyük bazar hesab olunan Avropadan qopa bilmir. Düzdür, Çin və digər ölkələr də Rusiya üçün enerji bazarıdır. Amma Avropa kimi əlverişli deyil.
- ABŞ-ın Rusiyaya ünvanladığı mesajlarda İŞİD və terrorçular məsələsi gündəmə gətirilir. İddia edilir ki, Amerika Rusiyada çeçen və digər etnik xalqların problemini qabardaraq Rusiyanı parçalamağa çalışır. Bu iddiaya münasibətiniz necədir?
- Bu, Rusiyanın təbliğatıdır. İllər öncə SSRİ də Amerika və Avropaya qarşı propaqanda apararaq varlığını sürdürürdü. İndi də Rusiya belə edir. Belə xəbərlər daxili auditoriya üçün hesablanmış bir gedişdir və sadəcə iddiadan ibarətdir. Siyasətdə isə iddia yox, sübut önəmlidir.
- Rusiya XİN rəsmisi M.Zaxarovanın sözlərinə görə, ABŞ Suriyadakı uğursuzluğunu Moskvanın üzərinə atmağa çalışır. Bu barədə nə deyə bilərsiz?
- ABŞ-ın Suriyada hansısa uğursuzluğu yoxdur. Axı Rusiyanın müdafiə etdiyi Əsəd qalib gəlməyib ki, Amerika məğlub hesab olunsun. Bu da təbliğat vasitəsidir. Müharibə şəraitində informasiya mübarizəsində kim qalib gəlirsə, real savaşda da o zəfər çalır. Rusiya XİN nümayəndələri, eləcə də digər rəsmi şəxslər "yuxarıdan” gələn təlimatlar üzrə açıqlama verirlər. Onların şəxsi fikri olmur. Bu baxımdan yayılan xəbərləri sadəcə informasiya savaşı kimi başa düşməliyik.
- Amerika rəsmiləri hesab edirlər ki, Rusiya ABŞ-da keçiriləcək prezident seçkisinə təsir göstərməyə çalışır? Moskvanın bu işə qarışmaqda marağı nədir?
- Rusiya üçün Amerikanın başında duran şəxslər önəmlidir. ABŞ-da prezidentliyə namizəd olan Donald Trampın, yoxsa Hillari Klintonun hakimiyyətə gəlməsi Putini ciddi maraqlandırır. Çünki Hillari Klintonun seçilməsi Putin üçün kabus ssenari deməkdir. Klinton xanımdır və xanımın bir növ toxunulmazlığı var. Eyni zamanda Klintonun Rusiya siyasəti hər kəsə bəllidir. Bu isə Putin üçün arzuolunan deyil. Tramp isə biznesmendir, onun dövlət rəhbəri olması Putin üçün uğur sayılır. O düşünür ki, Tramp qalib gələrsə, Amerikanı asanlıqla "məğlub” edə bilər və Rusiya rahat nəfəs alar. Lakin Trampın seçkidə qalib gəlməsi inandırıcı görünmür. Əgər Amerika "dərin dövləti” Rusiyanın qarşısına ikinci "Reyqan ssenarisi” çıxarmazsa, vəziyyət çox mürəkkəb olacaq.
- Suriya böhranında ABŞ və Rusiya ilə yanaşı, Türkiyə də mühüm rol oynayır. İki supergüc arasında müşahidə olunan gərginlik Ankaraya necə təsir edəcək? Son günlər Moskva ilə əlaqələri düzələn NATO üzvü Türkiyə hansı tərəfin mövqeyini müdafiə edəcək?
- Türkiyə-Rusiya yaxınlaşması əslində Amerika siyasətinin tərkib hissəsi də ola bilər. Bu gün Putinin möhkəm tərəfdaşlara ehtiyacı var. Moskvanın müttəfiqləri sayılan İran və Çin kimi ölkələrdən isə informasiya çıxışı mümkün deyil. Ona görə də belə siyasi gedişdə Türkiyənin yer alması önəmlidir. Bu, bir tərəfdən informasiya qaynağı, digər tərəfdən isə proseslərin içərisində bir NATO ölkəsinin iştirakı deməkdir. Türkiyə regionda söz sahibi ölkədir və bu məqam Amerikanın nəzərindən kənar qala bilməz.
- Əslində Rusiyadan əsas narazılıq Suriya məsələsinə görədir. Bəs Moskvanın Ukrayna və Qafqaz regionu üçün yaratdığı təhlükə daha ciddi deyilmi?
- Suriya məsələsi digər donmuş münaqişələrin həlli üçün böyük bir siyasi prosesin başlanğıcıdır. Suriya bataqlığında Rusiya nə qədər batarsa, region ölkələri bir o qədər rahat nəfəs alarlar. Məncə, Rusiyanın zəifləməsi və hətta dağılması qaçılmazdır. Sadəcə siyasi mühit hazırda bunun üçün münasib deyil. Amerika bu dağıdıcı situasiyanı fərqli istiqamətə yönləndirmək istəyir. Təbii ki, bunun müxtəlif səbəbləri var, məsələn, maliyyə, miqrant problemi, beynəlxalq siyasət və s. Görünən isə odur ki, hazırda ABŞ Rusiyanı bir neçə konfliktə cəlb edərək tamamilə passiv fiqura çevirməyə çalışır”.
İsmayıl