ABŞ Suriyanı vurdu, dünya qarışdı

Türkiyə dəstəklədi, Rusiya tərəfinin açıqlamalarında Əsədin mövqeyi müdafiə olunur



ABŞ-a məxsus hərbi təyyarələr Suriya qüvvələrinə aid Şayrat aviabazasını bombalayıb. Hücum zamanı hava bazasına 50-dən çox "Tomahavk” raketi atılıb. 

Raket zərbələri nəticəsində 20-yə yaxın hərbi təyyarəyə ziyan dəyib, xeyli sayda dinc sakin həyatını itirib. Yerli mənbələr general Şərif Xəlilin öldüyü barədə də məlumat yayıblar. Başqa bir məlumatda isə hərbi bazanın tamamilə darmadağın olduğu deyilib. Pentaqonun yaydığı açıqlamaya görə, raket zərbələrinin endirilməsi ilə bağlı Rusiya tərəfi əvvəlcədən məlumatlandırılıb.

ABŞ dövlət katibi: "Bu bir münasibət bildirmədir”

Amerikanın dövlət katibi Reks Tillerson Bəşər Əsəd rejiminə aid hərbi bazanın vurulması ilə bağlı açıqlama verib: "Hücumu beynəlxalq tərəfdaşlarla diqqətli bir şəkildə koordinasiya etdik. Həm bölgədəki, həm də Yaxın Şərqdəki müttəfiqlərimizdən aldığımız reaksiyalar atdığımız bu addımı dəstəkləyəcək dərəcədədir. Hücumun cavab zərbəsi olduğunu düşünürük. Çünki son kimyəvi hücumun edildiyi aviabaza hədəf alındı”.

Bombalanan baza İŞİD-lə mübarizədə əsas istinadgah olub

ABŞ-ın Suriyada bombaladığı "Şayrat” aviabazası Suriya Silahlı Qüvvələri tərəfindən İŞİD və digər terrorçu qruplara qarşı mübarizədə mühüm qərargah kimi istifadə edilib. Endirilən zərbə nəticəsində aviabazaya dəymiş zərər və itkilərin həcmi hələ dəqiq hesablanmayıb. Suriya hökuməti bəyan edib ki, ABŞ son addımı ilə İŞİD-lə mübarizə işinə ciddi ziyan vurub. Bombalanmış hərbi bazanın əməkdaşlarından biri bildirib ki, Şayrat aviabazası raket zərbələrindən sonra tamamilə məhv edilib. Mənbə bildirib ki, bazadakı bütün aviasiya texnikası sıradan çıxıb.

"ABŞ terrorçu İŞİD və "Nusra” ilə tərəfdaş olduğunu ortaya qoydu”

Suriya Silahlı Qüvvələri komandanlığının yaydığı bəyanata görə, ABŞ Suriyada terrorizmlə mübarizə aparılmasına davamlı olaraq maneələr yaradır: "Bu, ilk belə hal deyil, bundan əvvəl də çox sayda hava əməliyyatları aparmaqla Suriya ordusunun mövqelərini hədəfə alıblar və terrorizmlə mübarizə aparan qüvvələrimizə zərbələr vurublar”. Bəyanatda Amerikanın bütün beynəlxalq qanunlara zidd addım ataraq Suriya ərazisinə hucum etdiyi xüsusi vurğulanıb. Həmçinin, heç bir əsas olmadan Suriyanın kimyəvi silahlardan istifadə etməsini bəhanə edərək ölkəyə hücum etməyin yolverilməz olduğu bildirilib. Suriyanın Moskvadakı səfiri Riyad Həddad da bildirib ki, ABŞ-ın Suriyaya qarşı təcavüzü ölkənin suverenliyinə qarşı yönəlib: "Bu hücum bütün beynəlxalq hüquqların yolverilməz şəkildə pozulmasıdır. Hərbi təcavüz ABŞ-ın "Cəbhat ən-Nusrə” və İŞİD terror təşkilatlarını dəstəklədiyini nümayiş etdirir, həmçinin onlar arasında əməkdaşlığın sübutudur”.

Ərdoğandan ilk münasibət...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanı bombalamasına ilk münasibətini açıqlayıb. Ərdoğan ABŞ-ın atdığı addımın yetərli olmadığını deyib: "Uşaqların vəhşicəsinə qətlə yetirildiyi dünyada kimsənin özünü etibarlı hiss etməsi mümkün deyil. ABŞ-ın Əsəd rejiminə qarşı atdığı addımlarda müsbət cəhdləri oldu. Biz də hər cür cəhdə dəstək verəcəyimizi ifadə etmişdik. Ötən gecə bir əməliyyat həyata keçirildi. Ancaq bu kifayətdirmi? Mən yetərli saymıram”.

"ABŞ-ın Suriyaya hücumu Bəşər Əsədə yaxşı cavabdır”

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da bildirib ki, bu hücumlar Əsəd hakimiyyətinin hərbi cinayətlərinə qarşı verilmiş müsbət bir cavabdır: "Əhəmiyyətli bir addımdır. İdlibdə 4 aprel tarixində baş verənlər əli qanlı Əsəd rejiminin siyasi keçid prosesini və atəşkəs uğrunda görülən işləri heçə saydığını yenidən göstərdi. Bu cür hücumlardan qaçan 3 milyon qaçqına ev sahibliyi edən Türkiyə olaraq bu hücumu bir daha pisləyirik”. İbrahim Kalın deyib ki, aviabazanın istifadəyə yararsız hala salınması vətəndaşlara qarşı hücumların cavabsız qalmaması baxımından əhəmiyyətli bir addımdır: "Bənzər qətliamların yenidən yaşanmaması üçün təcili olaraq uçuşun qadağan edildiyi bölgələr və bufer zonalar yaradılmalıdır. Suriyadakı humanitar böhranın sona çatdırılması naminə beynəlxalq ictimaiyyət birgə hərəkət etməlidir”.

ABŞ-ın Suriya əməliyyatını müsbət qarşılayırıq

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş da ABŞ-ın Suriya əməliyyatını müsbət qarşılayıb: "Əsəd hökuməti cəzalandırılmalıdır. Ümid edirik, bu, sülhə töhfə verər. Prezidentimizin ifadə etdiyi kimi, biz bəyanatların yalnız sözdə qalmasını istəmirik, icra edildiyini görmək istəyirik. Bu çərçivədə ABŞ tərəfindən mülki şəxslərə atəş açıldığı, kimyəvi silahlardan istifadə edildiyi həmin hərbi bazanın vurulması önəmlidir. Amma beynəlxalq ictimaiyyət Əsəd hökumətinin bu barbarlığına qarşı mövqeyini bildirməlidir”.

"Hökumətinin qurulmasında Bəşər Əsad iştirak etməməlidir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bunun gecikmiş müdaxilə olduğunu söyləyib: "Əsəd rejimi vətəndaş müharibəsi başladığı gündən indiyə qədər insanları mərhəmətsizcə öldürür. Bu rejimin dəstəklənməsi onu daha da cəsarətləndirir. Əvvəlki qətliamlarda Əsəd dərhal Suriya dövlətinin rəhbərliyindən uzaqlaşdırılmalı idi. O, rəhbərlikdən getməli və dərhal keçid hökuməti qurulmalıdır. Bu keçid hökuməti isə Əsədsiz olmalıdır. Əsəd ilə həqiqi keçid hökuməti qurula bilməz”.

Rusiya Suriya üzrə ABŞ-la bağladığı müqaviləni dayandırır

Rusiya Suriyada aparılan hərbi əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ABŞ-la bağladığı memorandumun fəaliyyətini dayandırıb. Rusiya XİN-in məlumatına görə, ABŞ İdlibdəki qaz hücumu insidentini bəhanə edərək, Suriya hökumət qoşunlarına zərbə endirib: "Amerika başa düşə bilmir ki, Suriya hökuməti kimyəvi silahdan istifadə etməyib. Dəməşqin kimyəvi silahı yoxdur”. Kreml ABŞ-ın Əsədin hərbi aviabazasını vurmasını rus-amerikan münasibətlərinə ciddi təhdid adlandırıb.


"ABŞ-ın Suriyaya hücumu suveren dövlətə qarşı təcavüzdür”

Rusiya Prezidenti Vladimir Putin hadisəyə münasibət bildirərək deyib ki, ABŞ-ın Suriyadakı obyektlərə hücumu təcavüzdür, bu addım həm Rusiya-ABŞ münasibətlərinə, həm də terrorizmlə ümumi mübarizəyə xələl yetirir: "ABŞ-ın Suriyaya raket zərbələri endirməsi əvvəlcədən hazırlanmış bəhanəyə əsaslanaraq beynəlxalq hüquq normalarını pozmaqla suveren dövlətə qarşı təcavüz aktıdır. Suriya Silahlı Qüvvələrinə aid bütün kimyəvi silah ehtiyatlarının məhvi BMT-nin xüsusiləşdirilmiş bölməsi olan kimyəvi silahın qadağan edilməsi üzrə təşkilat tərəfindən təsdiq edilib”.

"ABŞ-ın Suriyaya hücumu bəhanə ilə törədilmiş təcavüzdür”

Rusiya xarici işlər naziri Sergey Lavrov da hücumu təcavüz aktı adlandırıb: "Vurğulamaq istəyirəm ki, bu, düşünülmüş bəhanə altında törədilən aqressiya aktıdır və 2003-cü ildəki vəziyyəti xatırladır. O zaman ABŞ və Böyük Britaniya bəzi müttəfiqləri ilə Təhlükəsizlik Şurasının razılığı olmadan İraqa müdaxilə etdilər. İndi də həmin proses təkrarlanır”.

ABŞ-ın Suriyaya hücumunun gizli siyasi səbəbləri var

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da hücumun doğru olmadığını deyib: "Belə bir addımı onlar heç nə ilə əsaslandırmayıblar. ABŞ bu hərəkəti törətməklə tam məxfi siyasi məqsədlər güdür. Dəfələrlə söyləmişik ki, hər ötən il Vaşinqtondakı daxili siyasi konyukturanın qlobal vəziyyətə müdaxiləsi artır. ABŞ-dakı seçkiqabağı kampaniyadan sonra Vaşinqtonun daxili siyasi strategiyası hələ də formalaşdırılmayıb”.

"ABŞ "Əl-Qaidə” və İŞİD-lə eyni tərəfdə vuruşur”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb ki, ABŞ Yəmən və Suriyada "əl-Qaidə” və İŞİD terror təşkilatı ilə eyni tərəfdə vuruşur: "11 sentyabr terror aktından heç 20 il keçməyib, amma ABŞ terrorçularla bir cəbhədə vuruşur. Yalan və maskalanmağa son qoymağın vaxtı gəlib çatıb. Amerika 1980-ci illərdə İrana qarşı kimyəvi silahdan istifadə edilməsində Səddam Hüseynə yardım edirdi. Sonra kimyəvi silah barədə saxta ittihamlardan istifadə edərək əvvəlcə 2003-cü ildə İraqda hərbi yola əl atdılar, indi isə Suriyada eyni şeyi edirlər”.

İsmayıl