ABŞ Türkiyəni sıxışdırır

Ona görə ölkəni təhlükəli bölgə kimi tanıtmaq üçün bu cür bəyanatlarla, açıqlamalarla çıxış edirlər



ABŞ Dövlət Departamenti amerikalılara Türkiyəyə getməmək barədə xəbərdarlıq edib. İlk növbədə amerikalılara Türkiyənin cənub-şərq regionuna, Suriya ilə sərhəd ərazilərə getmək məsləhət görülməyib:

"Terror hücumlarını, beynəlxalq və yerli qruplardan gələn təhdidləri nəzərə alaraq ABŞ vətəndaşları Türkiyəyə səyahət edərkən ehtiyatlılıq göstərməlidir”. Sənəddə bildirilib ki, populyar turistik obyektlər, ABŞ-a məxsus binalar terrorçuların əsas hədəfi ola bilər. Dövlət Departamenti Türkiyənin cənub-şərqində adam qaçırılması təhlükəsinin də olduğunu bildirib. Departamentin bəyanatını "Şərq”ə şərh edən tanınmış politoloq Natiq Miri deyib ki, bu xəbərdarlıq Ağ Evin geosiyasi maraqlarına xidmət edir: "ABŞ rəsmiləri Türkiyəni sıxışdırmaq və bu ölkəni təhlükəli bölgə kimi tanıtmaq üçün bu cür bəyanatlarla, açıqlamalarla çıxış edirlər. Bu xəbərdarlıq dünya çapında Türkiyənin təhlükəsizlik imicinə zərbə vurur. ABŞ-ın bu yöndə açıqlama verməsi heç də uyğun deyil. Çünki Türkiyə ABŞ-ın strateji müttəfiqidir. Doğrudur, əvvəllər Avropa ölkələri də bu yöndə açıqlamalar verirdi. Amma son dönəmlərdə Avropa Birliyi Türkiyə ilə yaxınlaşıb. Xüsusən Yaxın Şərq ölkələrindən Avropaya üz tutan qaçqınların və Türkiyənin bu istiqamətdə AB-yə ciddi dəstək verməsi Qərb ölkələrinin Türkiyəyə olan mövqeyini müsbətə doğru dəyişib. İndi onlar Türkiyəni Avropa dövlətləri kimi təhlükəsiz sayırlar. Əgər Türkiyədə terror aktı olursa, Avropanın göbəyi sayılan Paris şəhərində də olur. Onda belə çıxır ki, Fransa da təhlükəsiz ölkə deyil. Dünyanın heç bir bölgəsi terror bəlasından sığortalanmayıb. Hətta İŞİD-çilər ABŞ-ın müxtəlif ştatlarında partlayış törədiblər. Ona görə də hesab edirəm ki, öz vətəndaşlarına xəbərdarlıq etmək naminə olsa belə, ABŞ-ın müttəfiqi Türkiyəni təhlükəli ölkə kimi göstərməsi yolverilməzdir”.

İsmayıl