Amerika demokratik seçkilərdə qalib gələn prezidenti, küçədə elan edilmiş digər “prezidentlə” əvəzləyir
Venesuelada parlament sədri Xuan Quaidonun çağırışı ilə ölkə Prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyaları davam edir. Hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 175 etirazçı isə həbs edilib. Xatırladaq ki, iki gün əvvəl Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Quaidonun bu qərarını ilk olaraq ABŞ Prezidenti Donald Tramp dəstəkləyib və onu ölkənin qanuni prezidenti kimi tanıyıb. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya və Gürcüstan Quaidonu prezident vəzifəsinin icraçısı kimi tanıyıb. Bundan başqa, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerini də Quaidonu dəstəkləyib. İran, Meksika, Rusiya və Türkiyə isə Maduronu dəstəklədiklərini və onu Venesuelanın qanuni prezidenti kimi tanıdıqlarını bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta tvitter səhifəsində Maduronu dəstəkləyən açıqlama verib:
"Qardaşım Maduro, möhkəm dayan, biz səninləyik”. Əfsanəvi futbolçu Dieqo Maradona da prezidenti Nikolas Maduronu dəstəkləyib və onun qanuni prezident olduğunu bildirib. Maduro ölkədə baş verənlərdə ABŞ-ı günahlandırıb və bu ölkə ilə bütün əlaqələri kəsdiyini bəyan edib. Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. Bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.
Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu qanunsuz prezident adlandırıb. Ordunun Maduronu dəstəklədiyi deyilir.
Dünya gündəmini zəbt edən mövzunu "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli deyib ki, Venesuelada yeni president yaranır:
"Görünür bu, ABŞ-ın hakimiyyəti dəyişmək üçün istifadə etdiyi yeni metodudur. Eyni üsulu Vaşinqton başqa dövlətlərdə də həyata keçirə bilər.
Bunu "küçədə prezident elan edilməsi” metodu adlandırmaq olar. Amerika demokratik seçkilərdə qalib gələn prezidenti, küçədə elan edilmiş digər "prezidentlə” əvəzləyir. Quaido ixtisasca mühəndisdir və ABŞ-da Corc Vaşinqton universitetini bitirib. O, məhz Maduronun prezidentliyi dövründə parlament seçkilərində qalib gəlib və spiker seçilib. Əgər bir iqtidarın dövründə parlament seçkilərində müxalifət qalib gəlirsə, həmin hakimiyyətin prezidentinə diktator demək çox yanlışdır. Müxalifət parlamentdə qalib gələndən sonra öz işi ilə məşğul olmaq əvəzinə, qanuni seçilmiş prezidenti devirməyə çalışıb.
Təbii ki, Maduro buna sərt reaksiya verməkdə haqlıdır. Vəziyyət o yerə çatıb ki, prezident parlamentə alternativ qurum yaratmağa məcbur qalıb. Venesuelada indiki durum mənə 1993-cü ildə Rusiyada baş verən prezident-parlament qarşıdurmasını xatırlatdı. O vaxt prezident Yeltsin legitim parlamenti bombalamışdı.
Ancaq Venesuelanın indiki Prezidenti Maduro parlamenti bombalamayıb. Buna rəğmən ABŞ və dostları Maduronu devirmək istəyir. Çünki Ağ Evin Madurodan xoşu gəlmir. Məsələ bu qədər sadədir. Venesuelada daha az həcmdə Liviya senarisi tətbiq edilə bilər. Paytaxt Karakas iki yerə bölünüb. Hələlik tərəfləri qarşıdurmadan ordu və polis ayırır. Ancaq vəziyyət gərginləşə bilər”.
İsmayıl