ABŞ yenə İrəvana güzəşt edəcək

"İranın yardımlarından və ticarət əlaqəsindən məhrum olmaq Ermənistan üçün çox ciddi problem yarada bilər "
"Ancaq bu ölkə Qərb və Rusiya üçün oyuncaq kimi lazım olduğundan Ermənistanın İranla əlaqələrinə göz də yumula bilər"


"İranla enerji əməkdaşlığı Ermənistan üçün çox vacibdir. Amerikalı tərəfdaşlarımıza bununla bağlı ətraflı izahat verilir". Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Energetika naziri Qaregin Baqramyan deyib. O, bir neçə gün əvvəl Ermənistan Energetika Nazirliyi rəhbərliyinin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələri ilə görüşdüyünü bildirib: "Bizim Azərbaycan və Türkiyə ilə sərhədlərimiz bağlıdır. Energetika sistemimiz Tehran yönündə inkişaf edir. İran Ermənistandakı atom elektrik stansiyasının fasiləsiz işləməsi və enerji sisteminin balansı üçün çox vacibdir”. Məlumdur ki, ABŞ İrana sanksiyalar çərçivəsində üçüncü ölkə kimi Ermənistana heç bir güzəşt edilməyəcəyini, Tehran-İrəvan iqtisadi əməkdaşlığının məhdudlaşdırılmasını tələb edir. Hər tərəfdən əli üzülən, bölgədə təcrid edilən Ermənistanın yeganə ümid yeri ona iqtisadi dəstək verən İrandır. Ona görə də İrəvan əlindəki son imkandan məhrum olmamaq üçün Vaşinqtonun İrana sanksiya tətbiq etməsini xoş qarşılamır.

Ermənistanın narahatlığı ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, İrəvanın İran və Rusiya hesabına mövcud olması, ayaqda qalması sirr deyil: 

"Ermənistan rəsmiləri dəfələrlə bəyan edib ki, 1990-cı illərdə İran olmasaydı, ermənilər çox çətinlik çəkərdi. Rusiya isə Ermənistanın bütün mənalarda sponsoru, onun yaradıcısıdır. ABŞ indiki halda İranın energetika sahəsinə sanksiya tətbiq edib və bildirib ki, İranla ticarət əlaqəsi edənlər terrora yardım edir. Ermənistan 10 ildən artıqdır İranın təbii qazı ilə də qızınır. Bundan başqa bu ölkədən neft və neft məhsulları da alır. Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında İranla əməkdaşlığa böyük üstünlük verdiklərini bir daha açıqlayıb”.

Ekspertin fikrincə, İranın yardımlarından və ticarət əlaqəsindən məhrum olmaq Ermənistan üçün çox ciddi problem yarada bilər: 

"Ancaq bu ölkə Qərb və Rusiya üçün oyuncaq kimi lazım olduğundan Ermənistanın İranla əlaqələrinə göz də yumula bilər. Ötən illərdə də belə olub. İslam respublikası ilə ticarət əlaqələrinə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Ona görə hesab edirəm ki, ABŞ bu məsələdə yenə Yerevana güzəşt edəcək. Ermənistan hökumətinin çətinliklərlə bağlı verdikləri bəyanatlar isə hay-küy salmaqdan başqa bir şey deyil”.

İsmayıl