ABŞ yeni dostlar axtarır

Donald Tramp prezidentlik dövrünün 6 ayını qeyri-müəyyənliklər içərisində keçirəcək



ABŞ Prezidenti Donald Tramp ilk dəfə Konqres qarşısında çıxış edib və xarici siyasətlə bağlı bəzi məqamlara toxunub. Tramp bildirib ki, ABŞ ölkələr arasında yeni dostlar axtaracaq: "Amerika yeni əməkdaşlıqlar qurmağa tam hazırdır. Hazırda ABŞ üçün ən böyük təhlükə Rusiya deyil, Şimali Koreyadır.

Biz Şimali Koreyanın nüvə potensialından imtina etməsi üçün lazımi addımlar atacağıq”. Ağ Ev rəhbəri dünyanı cənginə alan miqrant böhranının həlli ilə bağlı təklif də irəli sürüb. Tramp ABŞ-dakı miqrantları müəyyən keyfiyyət meyarlarına əsasən, kateqoriyalara bölünməsini təklif edib: "Bununla biz terrorçularla miqrantları ayırd edə bilərik. Miqrantların öz ölkələrinə geri dönməsini və təhlükəsiz yaşamasını təmin etməliyik”. Tramp Meksika-ABŞ sərhədində tikiləcək divarın tikintisinin tezliklə başlayacağını deyib. 

Prezidentin açıqlamaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Araz Aslanlı deyib ki, Tramp dövrünün ən azı 6 ayı qeyri-müəyyənliklərlə keçəcək: 

"ABŞ-la Şimali Koreya arasında münasibətlər onsuz da kifayət qədər gərgin idi. Tərəflər hər zaman ən sərt şəkildə biri-birini ittiham ediblər. Amerikanın Şimali Koreyaya daxildən nəsə etmək ehtimalı çətindir. Xaricdən hərbi müdaxilə etməsi də asan görünmür. Çünki Şimali Koreya kütləvi qırğın silahlarına malikdir. Bu baxımdan iki dövlətin açıq münaqişəyə gedəcəyi inandırıcı deyil. Ümumiyyətlə, Trampın verdiyi açıqlamaların hansının xarici siyasət strategiyasına əsaslandığını, hansının öz şəxsi düşüncəsindən qaynaqlandığını müəyyən etmək çətindir. Sadəcə xatırlatmaq lazımdır ki, Şimali Koreyanın indiki hala düşməsində iki dövlətin mühüm rolu olub. Onlardan biri Rusiya, digəri isə Çindir. İndi ABŞ rəhbərliyinin Rusiya ilə yaxın münasibətdə olacağını, ancaq Şimali Koreya ilə düşmənçilik edəcəyini söyləməsi strateji mahiyyət daşımır”. Ekspertin fikrincə, ABŞ-Rusiya münasibətləri tarix boyu eyni müstəvidə olmayıb. Gah normallaşıb, gah da pisləşib: "Görünür, bu, belə də davam edəcək. Türkiyə isə NATO-da Amerikanın müttəfiqidir. Obama dövründə bir qədər soyuq münasibətlər formalaşsa da, ekspertlərə görə, Trampın zamanında Ankara ilə əlaqələr daha yaxşı olacaq. Bir də ehtimal olunur ki, ABŞ Şərqi Avropa ölkələri ilə də əməkdaşlığını artırsın”.

İsmayıl