Uşaq ədəbiyyatının Cırtdan səviyyəsində ilişib qalması yazıçı və şairləri narahat edir
“Adsız itin qayıdışı”
Seymur Baycan uşaqlara kitab yazdı
Uşaq ədəbiyyatının Cırtdan səviyyəsində ilişib qalması yazıçı və şairləri narahat edir
Uşaq ədəbiyyatının Cırtdan səviyyəsində ilişib qalması yazıçı və şairləri narahat edir
Yazar Seymur Baycanın "Adsız itin qayıdışı” adlı yeni kitabı çap olunub. "12-” xəbərdarlığı ilə çap olunan kitab uşaqlar üçün nəzərdə tutulub. Yazarın sözlərinə görə, kitabda irili-xırdalı 26 hekayə var, onların 20-si yenidir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışıb. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib. S.Baycanın sözlərinə görə, "Adsız itin qayıdışı”nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alıb: "O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adam qismət olmur. Bir yazı adamı üçün bu, bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə, nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə, eləcə də xatırlamışam”. Qeyd edək ki, "Adsız itin qayıdışı” kitabının nəşri az qala unudulmaqda olan uşaq ədəbiyyatı məsələsini yenidən gündəmə gətirib. Sirr deyil ki, son illərdə Azərbaycanda uşaq ədəbiyyatının inkişafı kölgədə qalıb. İldə-ayda çıxan bir-iki nəşr istisna olmaqla uşaqlar üçün bədii əbədiyyat nümunələri gözə dəymir. Daha doğrusu, ölkəmizdə uşaq ədəbiyyatı hələ də "Cırtdan”da ilişib qalıb. Belə getsə, elə Cırtdan boyda da qalacaq.
Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə isə deyib ki, problem odur ki, biz uşaq ədəbiyyatını uşaq yerinə qoyuruq: "Azərbaycanda uşaq ədəbiyyatına tələbatın azalması dövrün, zamanın tələbidir. Eyni zamanda maliyyə qıtlığı ilə bağlıdır. İndiki dövr internet əsridir. Televiziya, kompüter vasitəsilə dünyanın müxtəlif ölkələrinə çıxış var. Uşaqlar fərqli-fərqli çizgi filmlərinə baxır, oyunlar oynayırlar. Böyüklərin kitaba marağının azaldığı bir dövrdə uşaq ədəbiyyatının inkişafından necə danışaq? Problemin kökü dövr, zamanla bağlı olduğu üçün bu məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”. Q.Nəcəfzadənin sözlərinə görə, bugünkü uşaq ədəbiyyatının əsas problemləri arasında çap, poliqrafiya, yayım işləri də var. Bu gün uşaq ədəbiyyatına gəliş yox dərəcəsindədir. Belə getsə, 20 ildən sonra "müasir uşaq ədəbiyyatı” ifadəsini işlədə bilməyəcəyik. Bunun qayğısına qalmalıyıq. Niyə sovet dövründə bizim uşaq ədəbiyyatımız yaxşı inkişaf eləmişdi, SSRİ miqyasında ən qabaqcıl yerlərdən birini tuturdu?
Uşaq ədəbiyyatının Cırtdan səviyyəsində ilişib qalmasına gəldikdə isə şair hesab edir ki, həmin obrazların uşaqlar tərəfindən sevilməsi də birmənalı şəkildə sovet təbliğat maşınının məharəti olub: "Sözün açığı, mənim "Cırtdan”dan heç xoşum gəlməyib. Əvvəla, Cırtdanın vid-fasonu pisdir, yöndəmsiz olub. Adam aldadan, fırıldaq olub. Bu obrazı bizə sovet hökuməti sevdirib. Müasir Azərbaycan ədəbiyyatında Cırtdandan daha gözəl və maraqlı obrazlarımız olub. Amma bizim təbliğatımız zəif olduğu üçün həmin obrazlar Cırtdanı kölgədə qoya bilmədi. Uşaq ədəbiyyatının nümayəndələri olan Sevinc Nuruqızı, İlyas Tapdıq, Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlilin o qədər gözəl obrazları var ki. Amma nədənsə, biz Ələmdarın "Tələt” obrazını "Cırtdan”a çevirə bilmədik. Əslində, "Cırtdan” folklorumuzdan gəlməsə, müstəqillik dövründə yaranmış bir əsər olsaydı, təbliğatı da bu qədər güclü olmayacaqdı. Uşaq ədəbiyyatına aid hansı kitab çıxacaqdı ki, orada da "Cırtdan” olsun? Bütün bunlar Sovetin gücünün, poliqrafiya sahəsinin inkişafı ilə bağlı idi”.
Q.Nəcəfzadənin sözlərinə görə, XX əsrin əvvəlində tülkü necəydisə, XXI əsrin əvvəlində də tülkü elə o tülküdür, canavar da onun kimi. Ədəbiyyatda inkişaf olmalıdır, sərbəst uşaq şeiri olmalıdır, modern uşaq şeiri olmalıdır. Elə tülküylə, dovşanla, Cırtdanla oynamalıyıq? Uşaq ədəbiyyatıda sosial problemlər qatılmalıdır. Uşaq ədəbiyyatına qeyri-hökumət təşkilatları yardım etməlidirlər. Bələdiyyələr, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işlə məşğul olmalıdır. Çox yaxşı olar ki, sözügedən bu qurumlar uşaq kitabıyla da məşğul olsun, nə olar o tikilən məktəblərdə partaların üstünə bir uşaq kitabı qoysun, nə olar uşaq ədəbiyyatıyla bağlı müsabiqə keçirsinlər”.
Şəymən