“Bu istiqamətdə davam edən siyasi addımlar beynəlxalq münasibətlərdə gərginliyi daha da gücləndirəcək”
Agent damğası...
20-dən çox ölkə rus diplomatlarını ölkələrindən çıxarmaqla bağlı qərar verib
“Bu istiqamətdə davam edən siyasi addımlar beynəlxalq münasibətlərdə gərginliyi daha da gücləndirəcək”
“Bu istiqamətdə davam edən siyasi addımlar beynəlxalq münasibətlərdə gərginliyi daha da gücləndirəcək”
ABŞ Prezidenti Donald Tramp Londonda zəhərlənən agent Sergey Skripal hadisəsindən sonra 60 rus diplomatın ölkədən deportasiya edilməsi haqda göstəriş verib. Prezidentin sərəncamı ilə Rusiyanın bu ölkədəki səfirliyi də bağlanıb. Vaşinqtonun qərarından sonra, Avropa Birliyinin 14 ölkəsi də oxşar qərar verib. Həmçinin, Polşa da ölkədəki rus diplomatlarını deportasiya edəcəyini bildirib. Avropa Şurasının başçısı Donald Tusk bildirib ki, Böyük Britaniya ilə yanaşı, digər Avropa dövlətləri də Skripalın zəhərlənməsində Rusiya dövlətini günahkar sayırlar.
"Rusiyalı diplomatları çıxaran hər bir ölkəyə qarşı tədbirlər görüləcək”
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, rəsmi Moskva rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək: "Şübhəsiz ki, bizə qarşı atılan addımlara reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”. Zaxarovanın sözlərinə görə, Solsberi şəhərində baş vermiş təxribatın arxasında Böyük Britaniya və ABŞ durur: "Ölkədən çıxarılan diplomatların sayı bunda şübhə qoymur. Təbii ki, biz Londonun müttəfiqlərinin bu hərəkətlərinə hazır idik”. "Reuters”ə danışan Rusiya Xarici İşlər Nazirliyinin daha bir səlahiyyətlisi Moskvanın Amerika da daxil olmaqla 16 ölkədən 60 diplomatı ölkədən çıxaracağını açıqlayıb.
"23 ölkə 116 rus diplomatı çıxarmaq istəyir”
Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, 20-ə yaxın ölkənin rusiyalı diplomatları təxliyyə etməsinə dair qərarı Vaşinqtonun Rusiyaya qarşı "böyük sanksiyası”nın tərkib hissəsidir. Lavrovun sözlərinə görə, 16-sı Avropa Birliyinin üzvü olmaqla 23 ölkə ən azı 116 rus diplomatı ölkələrindən çıxarmaq istəyir: "Hazırda Vaşinqton 60 rusiyalı diplomatı agent damğası ilə ölkədən çıxarır. Əlbəttə, biz onların bütün şübhələrini rədd edirik, çünki bunlar əsassız ittihamlardır”.
"Rusiya diplomatların deportasiyasına analoji formada cavab verəcək”
Ukraynalı diplomat Boqdar Yaremenko bildirib ki, rus diplomatların qovulması Moskvanın aqressiv və hərbiləşdirilmiş xarici siyasətinə reaksiyadır: "Bəs bu proses necə bitə bilər? Proses müxtəlif formalara qədər, hətta dünya müharibəsinə qədər çata bilər. Qarşıdurmalar gərginləşir, konfliktlər dərinləşir. Rusiya geriyə addım atmayacaq. Rusiya Qərbin eyni hüquqlu tərəfdaşı ola bilməyib. Bu yanaşma eskalasiyanın davam etdirilməsini diktə edir”.
"Trampın Putinə təbrik zəngi Rusiya rəhbərliyini ümidləndirmişdi”
Politoloq Şahin Cəfərli deyib ki, ABŞ-ın sərt qərarı son 1-2 ildə Moskvada növbəti dəfə "Tramp məyusluğu”nun yaşanmasına səbəb olub: "ABŞ Avropa Birliyi ölkələri kimi Britaniya ilə həmrəylik əlaməti olaraq simvolik addım da ata bilərdi. Amma Sietldəki Rusiya Baş Konsulluğunun bağlanması, 60 rus diplomat-kəşfiyyatçısının "arzu olunmayan şəxs” elan olunması çox sərt qərardır. Amerika "soyuq müharibə” dövründə belə bu qədər sovet diplomatik xidmət personalını ölkədən çıxarmayıb.
Artıq Tramp dövründə Rusiyanın ABŞ-dakı 4 Baş Konsulluğundan ikisi bağlanıb. Qəbul olunan qərarlara əsasən, Amerika və digər Avropa ölkələrindən 100-dən çox Rusiya diplomatı çıxarılıb. Britaniya isə ölkə ərazisində rusiyalılar tərəfindən mənbəyi şübhəli olan pullarla alınmış əmlaka həbs qoymağa başlayıb. Yanvarın sonunda qüvvəyə minmiş "Kriminal maliyyə vəsaitləri haqqında” yeni qanuna əsasən, dövlət orqanları 50 min funt-sterlinqdən artıq dəyərdə əmlak, mal-mülk almış əcnəbilərdən gəlirlərinin mənbəyini soruşmaq hüququna malikdir. Bunu inandırıcı şəkildə izah edə bilməyənlərin əmlakına həbs qoyulacaq”.
"Bu qarşıdurmanın sonu görsənmir”
Politoloq Fikrət Sadıqov isə deyib ki, Skripalın zəhərlənməsi fonunda baş verənlər geosiyasi qarşıdurmanın davamıdır: "Ola bilsin ki, Rusiyada kimlərsə, Skripalın zəhərlənməsində maraqlı idi. Ona görə də Rusiyaya qarşı münasibətdə daha ciddi addımlar atmadan öncə, məsələni araşdırıb, sübuta yetirmək lazımdır. Məsələni bu şəkildə şişirdilmiş vəziyyətdə qələmə vermək, diplomatları Avropa ölkələrindən xaric etmək geosiyasi qarşıdurmanın açıq şəkildə davamıdır. Bu məsələdə təkcə Skripal amili yox, digər amillər də rol oynayır.
Bunlar Krım və Donbasdakı vəziyyət, ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı məsələlərdir. Hesab edirəm ki, yaranmış vəziyyət çox acı nəticələrə səbəb olacaq”. Politoloq qeyd edib ki, yeni fazaya keçən qarşıdurma hələ uzun müddət davam edəcək: "Bu qarşıdurmanın sonu görsənmir. Məsələdə açıq şəkildə aparıcı dövlətlərin marağı görünür. Hesab edirəm ki, bu istiqamətdə davam edən siyasi addımlar beynəlxalq münasibətlərdə gərginliyi daha da gücləndirəcək”.
İsmayıl