Ağıllı siyasət: İlham Əliyevin Ankaraya səfəri çirkin niyyətlərin üstündən xətt çəkdi

“Qardaşlıq və iki ölkənin birgə baxışlara malik olmasını dünyaya nümayiş etdirmək sənədlərdən də önəmli idi”



Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında əvvəlcə təkbətək görüş baş tutub. Daha sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib. İclas başa çatdıqdan sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən 6 sənəd imzalanıb. Dövlət başçılarının səmimi görüşü, biri-birinə olan qardaş münasibəti hər iki ölkə ictimaiyyətində geniş müzakirə mövzusu olub və qürurla qarşılanıb.

"Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”

Prezident İlham Əliyevin ötən gün baş tutan Ankara səfərini şərh edən millət vəkili, politoloq Elman Nəsirov deyib ki, ölkə başçısının Türkiyəyə səfəri xüsusi özəlliyi ilə seçilir: "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 2010-cu ildə yaradılarkən, əldə olunan razılaşmaya əsasən Şuranın beşinci iclası Bakıda keçirilməli idi. Artıq ikinci dəfədir ki, Türkiyəni hədəf alan terrorçu qruplaşmalar Rəcəb Tayyib Əroğanın Azərbaycana səfərinin qarşısını almağa çalışdı. Belə vəziyyətdə güman edirdilər ki, iclasın keçirilməsi təxirə salınacaq. Eyni zamanda bu amildən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərində də müəyyən gərginlik yaratmağa çalışırdılar. Lakin Azərbaycan Prezidentinin Ankaraya səfəri belə çirkin niyyətlərin üstündən xətt çəkdi”. E.Nəsirovun sözlərinə görə, Prezidentin Ankara səfəri ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət fikrini bir daha təsdiqlədi: "Həmçinin, Azərbaycanın Türkiyənin ən ağrılı günlərində yanında olduğunu dünyaya isbat etdi. Eyni zamanda bu qanlı terror aktını törədənlərə, onları himayə edənlərə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və onu pozmaq cəhdlərinin baştutma əmsalı sıfıra bərabərdir”.

"Dövlət başçısı bir daha göstərdi ki, ən ağır gündə qardaş Türkiyənin yanındadır”

Millət vəkili, professor Musa Qasımlı da deyib ki, Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsinin dərin mənası var: "Hər şeydən əvvəl, dövlət başçımız bir daha göstərdi ki, dövlətimiz, millətimiz ağır, kədərli günlərində qardaş türk millətinin və Türkiyənin yanındadır, onların acısını bölüşür, kədərlərinə şərik çıxır. Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi. Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib, ona qarşı edilən əsassız hücumlara layiqincə cavab verib”. Deputat əlavə edib ki, Prezident İlham Əliyev dünyada çox təhlükəli proseslərin getdiyini birmənalı olaraq bildirdi, müsəlmanlar olan yerdə terrorçu axtarmağın dövlətlər və xalqlararası münasibətlərə ziyan vurduğunu xüsusi vurğuladı: "Bəzi ölkələr islamafobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıblar. Belə yanaşma tamamilə yanlışdır. Çünki islam sülh, birgə yaşayış dinidir. İslamı terrorla eyniləşdirmək konkret məqsədlər üçün edilir. Azərbaycan isə dinlərarası, mədəniyyətlərarası dialoq baxımından bir model ölkə halına gəlib”.

Sözdə deyil, əməldə - "Bir millət, iki dövlət”

Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Azərbaycan və Türkiyə terrora, bütün cinayətlərə qarşı birgə mübarizə aparır: "Bölgədə ən pozitiv, hamının marağına uyğun olan iqtisadi, siyasi, nəqliyyatla bağlı bütün layihələri Azərbaycan və Türkiyə reallaşdırır. Prezident İlham Əliyevin Türkiyə səfərinin əsas mahiyyəti Türkiyənin ağır günündə yanında olmaq və iki ölkə arasında münasibəti gözəl formada ifadə etməkdən ibarət idi. İki ölkə arasında münasibətlərdə "bir millət, iki dövlət” forması bu dəfə də özünü göstərdi. Bilirsiniz ki, Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirildi və həmin iclas çərçivəsində Azərbaycan-Türkiyə arasında 6 sənəd imzalandı. Bu sənədlər böyük əhəmiyyətə malik idi. Lakin düşünürəm ki, qardaşlıq və iki ölkənin birgə baxışlara malik olmasını dünyaya nümayiş etdirmək sənədlərdən də önəmli idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirirəm”.

"Bu humanist addımı yalnız Azərbaycan Prezidenti ata bilərdi”

Millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsi mühüm addım idi: "Ölkə başçımızın səfəri Azərbaycanın hər zaman, hətta ən acı zamanında Türkiyənin yanında olduğunu, iki ölkə arasında möhkəm sarsılmaz dostluğun mövcudluğunu sübut etdi. Bilirsiniz ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Azərbaycanda keçirilməli idi. Lakin Ankarada bir ay ərzində 2 terror hadisəsinin baş verməsi nəticəsində tədbir təxirə salındı və qardaş ölkənin Prezidenti Azərbaycana gələ bilmədi. Belə olan halda Azərbaycan Prezidenti türkiyəli həmkarına jest edərək qardaş ölkəyə səfər etdi. Bu cür humanist addım yalnız Azərbaycan Prezidenti tərəfindən atıla bilərdi. Əslində bu addım gözlənilən idi. Türkiyənin ağır vəziyyətində dövlət başçımızın qardaş ölkəyə səfəri hər iki ölkə tərəfindən çox müsbət qarşılandı. Türkiyə bizim üçün qonşu ölkə olmaqla yanaşı, həm də dost, qardaş ölkədir. Sonuncu səfərlə sübut olundu ki, Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir və buna heç kim mane ola bilməz”.

"Prezident İlham Əliyev təkcə yaxşı günlərin deyil, həm də dar günlərin dostudur”

Politoloq Qabil Hüseynliyə görə, bu səfərlə dünya türklərinə mesaj göndərildi ki, bütün türk ölkələri Türkiyənin yanında olmalıdır: "Prezident İlham Əliyevin Ankaraya getməsi həm Ərdoğana, həm də bütöv türk xalqına başsağlığının verilməsi kimi dəyərləndirilə bilər. İlham Əliyev nümayiş etdirdi ki, o, təkcə yaxşı günlərin deyil, həm də çətin və dar günlərin dostudur. Görüş çox prinsipial əhəmiyyətə malik idi. Parisdə terror aktı törədildikdən sonra 100-dən artıq dövlət başçısı gəldi və böyük bir yürüş keçirildi. Ankarada isə son beş ayda 3 dəfə irimiqyaslı terror aktı törədilib və yüzlərlə insan həyatını itirib. Lakin elə ölkə var ki, hətta Türkiyəyə başsağlığı belə verməyib. Məgər Parisdə toplaşanlar Ankarada da toplaşa bilməzdilər? Bu nöqteyi-nəzərdən düşünürəm ki, İlham Əliyevin Ankaraya işgüzar səfəri digər ölkələrə ünvanlanmış bir mesaj idi ki, bütün terror aktlarına eyni qiymət verilməlidir”. Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi də səfər çərçivəsində bir daha müzakirə edildi. Bu məsələ ilə bağlı Türkiyə tərəfi özünün prinsipial mövqeyini bir daha ortaya qoydu.

İsmayıl