Ailələr uşaqlarını kefindən işlətmirlər

Söhbət tədrisdən yayınmadan gedirsə, məscidlərə gedən uşaqların sayı işləyənlərdən daha çoxdur
15 yaşdan aşağı uşağı əməyə cəlb etmək qanun pozuntusudur. Bu yaşda uşaqla əmək müqaviləsi bağlana bilməz

Qeyri-qanuni əməyə cəlb edilən uşaqların sayının artdığı bildirilir. Bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov Milli Məclisdəki hesabatı zamanı rəqəmlər açıqlayıb. Milli Koordinator qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib.

Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Həmçinin, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Göstərilən halların ötən ilə nisbətən artdığı da bildirilib. 2015-ci ildə 450 uşaq qeyri-qanuni əməyə cəlb edilmişdisə, 2016-da bu rəqəm 600-ə qalxıb. Eyni zamanda barəsində inzibati tənbeh cəzası tətbiq edilən və cərimə olunan valideynlərin sayında da 2015-ci ilə nisbətən artım müşahidə edilib. Deputatlar da çıxışlarında bildiriblər ki, rəqəmlər bu sahədə ciddi problemlərin olduğunu göstərir.

Azyaşlıların məcburi əməyə cəlb edilməsinin bir çox səbəbləri var. Burada ailənin iqtisadi çətinlikləri, sosial vəziyyət də rol oynayır. Övladını pul qazanmağa göndərən valideynlər var. Elə valideyn də var ki, sadəcə səhlənkardır, uşağın nə işlə məşğul olması ilə maraqlanmır. İstənilən halda uşaqların qanunsuz əməyə cəlb edilməsində valideynlər məsuliyyət daşıyır. Amma görünən budur ki, valideynlərə bu qanunsuz əmələ görə inzibati tənbeh cəzası verilir. İstisna hallarda da cərimə tətbiq olunur. Belə çıxır ki, valideyn uşağın üzərində hüdudsuz hüquqa malikdir və istədiyini edə bilər?!

Məsələ ilə bağlı "Şərq”ə danışan Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov ailələri tərəfindən uşaqların məcburi əməyə cəlb edilməsinin qarşısını ala biləcək mexanizmin olmadığını dedi:

- Təəssüf ki, belə bir mexanizm yoxdur. Ailə fermer təsərrüfatlarında uşaqlar çalışır. Uşaq dərsdən gəlir, göndərirlər tarlaya, mal-qara otarmağa və s. Kimə irad tuta bilərsən ki, uşağı niyə işlədirsən? Ailə təsərrüfatıdır, burada hamı çalışır. Elə ölkələr var ki, orada administrativ qaydalar tətbiq edilir, o zaman da ailə təsərrüfatında problemlər yaranır. Yəni, bu işlər hansısa administrativ cəzalarla, cərimələrlə həll olunan məsələ deyil. Söhbət tədrisdən yayınmadan gedirsə, məscidlərə gedən uşaqların sayı işləyənlərdən daha çoxdur. Problem öyrənilməlidir. Rəqəmlər söyləməklə, faiz göstəriciləri müəyyənləşdirməklə iş bitmir. Milli Koordinatorun hesabatında uşaq əməyindən istifadə hallarının artdığı göstərilir, amma məncə, uşaqların qanunsuz əməyə cəlb edilməsində artım yoxdur. Uşaq əməyinin istismarı bizdə əsasən hansı sahələrdədir; roman qrupuna daxil olanların uşaqları diləndirməsi, ictimai iaşə obyektlərində işə cəlb etmə, rəqqasəlik və s. bir də ailə fermer təsərrüfatları. 

Bir neçə ilə əvvələ kimi azyaşlıları avtobuslarda sürücü köməkçisi - "çarcı” görürdük, artıq onlar yoxdur, "Binə”, "Sədərək” ticarət mərkəzlərində uşaqlar çalışırdılar, indi bu da azalıb. Sonra avtomobil şüşəsi silənlər, yolda dayanıb süngər satanlar da indi yoxdur. Tikinti meydançalarında uşaq əməyindən istifadə hallarını şəxsən mən görməmişəm. Böyüklər dura-dura niyə uşaqları işlətsinlər?! 15 yaşdan aşağı uşağı əməyə cəlb etmək qanun pozuntusudur. Bu yaşda uşaqla əmək müqaviləsi bağlana bilməz. Konstitusiya bunu qadağan edir. Belə bir hal aşkarlandıqda yüksək məbləğdə cərimə kəsilir. Ona görə də inanmıram ki, hansısa tikinti şirkəti uşaqları işə cəlb etsin. Ümumi vəziyyəti analiz edəndə uşaq əməyinin istismarı hallarında azalma var. Uşaqların qeyri-qanuni əməyə cəlb edilməsi hallarının aşkarlanması məqsədilə aparılan reydlər də ala-yarımçıqdır. Məsələ rəqəm göstərməklə bitmir. Problem ciddi şəkildə araşdırma və təhlil tələb edir. Uşaqlar niyə işə cəlb edilir və ya uşaq niyə işləmək məcburiyyətində qalır. Hesab edirəm ki, bu məsələlər aydınlaşmalıdır.

Məlahət Rzayeva