Akademiya tələbəsi bulvarda özünü niyə dənizə atdı? - TƏFƏRRÜAT




Dünən Bakı bulvarının ərazisində 23 yaşlı oğlanın özünü dənizə atması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbəsi olduğu müəyyən edilib.

Məlum olub ki, Nizami rayonunda yaşayan gənc səhərlər Binə qəsəbəsində yerləşən akademiyaya getməyə ərinirmiş və bu səbəbdən mütəmadi olaraq atası ilə mübahisə edirmiş. Dünən də həmin mövzuda mübahisə yaranıb və atası İlhamı zorla yuxudan qaldıraraq dərsə yola salıb. Tələbə oğlan isə dərsə deyil, bulvara gəlib və "Yaxt klub"un yaxınlığında özünü dənizə atıb. O, təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına aparılıb.

*****
11 aprel
Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlu xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 10:23-də başa çatıb.