“Akkord” gənc ailələri soyuqda qoyub

“Abşeron” gənclər şəhərciyinin cəmi iki binasında qaz var



"Abşeron” gənclər şəhərciyində yaşayan sakinlərin problemləri bitmək bilmir. Sherg.az xəbər verir ki, bu ərazidə mənzil sahibi olanların sevinci uzun çəkməyib. Əraziyə işləyən sərnişin avtobusunun marşrutu insanların əsəblərini tarıma çəkib. "Şərq bazarı”-”Abşeron” gənclər şəhərciyi marşrutu üzrə hərəkət edən avtobusa günün pik saatlarında yaxın düşmək olmur. İnterval uzunluğu, marşrtun istiqaməti 199 saylı avtobusda gün ərzində basabasa səbəb olur.

Qeyd edək ki, sakinlərin problemləri yalnız marşrutla məhdudlaşmır. "Abşeron” gənclər şəhərciyində sakinlərin yaşadığı başqa məşəqqətlər də var. Təxminən 10 ildən artıqdır ki, Bakının yaxınlığında, Bakı-Sumqayıt yolunun kənarında "Akkord” yaşayış massivi salınıb. Lakin bu şəhərcikdə olduqca vacib sayılan məsələlər şirkətin, deyəsən, "yadından çıxıb”. 90 blokdan ibarət şəhərcikdə istixananın tikilməməsini heç bir məntiqlə izah etmək mümkün deyil. Şəhərcikdə cəmi iki binaya qaz verilib. Bu binalarda mənzil alan, 36 kv.m layihəli mənzilə sahib olanlar qaz verilməsinin sevincini yaşaya bilmir. Layihəli mənzillərə qaz verilməməsini sakinlərə təhlükəsizlik qaydalarına uyğun olmaması ilə izah edirlər. Əgər sayğacları yalnız açıq sahədə quraşdırmaq vacibdirsə, o zaman "Akkord” bu mənzillərin layihəsini hansı qaydada təsdiq elətdirib? Balkonu olmayan mənzillərin tikintisinə Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi necə rəy verib? Qarşıdan qış gəlir. Görünən isə budur ki, mənzilləri bu il də mərkəzi istilik sistemi ilə qızdırmaq mümkün olmayacaq. Cəmi iki binada qaz olduğundan sakinlər istilik problemini özləri həll ediblər. Yerdə qalan digər binaların sakinləri mənzillərini yalnız elektrik enerjisinin hesabına qızdırmaq varinatını seçiblər. Nəzərə alsaq ki, elektrik qızdırıcıları ilə mənzilləri istiliklə təmin etmək hansı qiymətə başa gəlir, o zaman sakinlərin vəziyyətini anlamaq çətin deyil. Onu da qeyd edək ki, Bakıda bir çox tikinti şirkətləri mənzilləri qazla təmin edə bilməyəndə həmin binalarda mənzil alan vətəndaşlar elektrik enerjisinə görə ödəmədə 50 faiz güzəşt əldə edirlər. Soyuqlu havalarda mənzilləri elektrik enerjisi ilə qızdırmaq sakinlərə əlavə maddi problemlər yaradır. Bir müddət əvvəl "Abşeron” gənclər şəhərciyinin sakinləri əraziyə qaz verilməməsinə etiraz olaraq, aksiya keçiriblər. Etiraz edən sakinlərə verilən məlumatda qeyd olunub ki, "Akkord”un "Azəriqaz”a 600 min manat borcu olduğundan bu problemi yaxın müddət ərzində həll etmək mümkün olmayacaq.

Ayyət Əhməd