AKP və MHP koalisiyası daha realdır

“Millətçilər 4 nazir portfelinə yiyələnmək istəyir”




"Konstitusiyada hökumətin qurulması üçün 45 gün zaman nəzərdə tutulub. İnşallah, bu proses uzanmaz”. Bunu Türkiyədə günlərdir koalisiya hökuməti ilə bağlı aparılan müzakirələrə münasibət bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O deyib ki, seçkinin nəticələri koalisiya hökumətinə işarə edib və seçicilər bir partiyanın təkbaşına iqtidar olmasına icazə verməyib:

"İşlər təbii məcrasında cərəyan edərsə və koalisiya hökuməti qurularsa, o zaman problem olmaz. Ancaq koalisiya qurulmadığı təqdirdə Konstitusiyaya uyğun olaraq, təkrar seçkiyə getmək qaçılmazdır. Mən buna növbədənkənar deyil, təkrar seçki deyirəm. Ölkənin hökumətsiz qalacağı düşünülməməlidir”. Danışıqların davam etdiyi bir məqamda Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğlu daha bir qalmaqallı açıqlama verib. Kılıçdaroğlu bildirib ki, koalisiya hökumətini qurmaq vəzifəsi seçkidə səslərin 60 faizini qazanan müxalif blokun üzərinə düşür. Onun sözlərinə görə, bütün partiyalar öz istək və prinsiplərini ortaya qoymalıdır: "Gəlin, oturub, adam kimi hökumət quraq. CXP problem yaradan partiya deyil. Məsələnin həllinin, sağlam düşüncənin ünvanı CXP-dir. Amma düşünürəm ki, hökumət 40 faizlik deyil, 60 faizlik bloq tərəfindən qurulmalıdır”. Milliyətçi Hərəkət Partiyasının rəhbəri isə koalisiya şərtləri ilə razılaşacağı təqdirdə doqquz nazirliyin partiyaya verilməsini tələb edib. MHP-nin AKP-dən ədliyyə, daxili işlər, təhsil və xarici işlər nazirlikləri başda olmaqla 9 nazirlik istəyi bildirilir. AKP isə ədliyyə nazirliyini və daxili işlər nazirliyini müzakirəyə çıxarmamaqda iddialıdır. İrəli sürülən iddialara görə isə AKP MHP-yə parlamentin sədri, baş nazirin iki müavini və 3 icraçı nazirlik təklif edir. AKP-nin MHP ilə koalisiyada nəticə əldə edə bilməyəcəyi təqdirdə CHP ilə müzakirələrə başlayacaq.

Məsələ ilə bağlı münasibətini bildirən siyasi icmalçı Arzu Nağıyev deyib ki, bu gün Türkiyədə yaranan vəziyyət heç bir partiyaya koalisiya yaratmaq imkanı vermir. Hətta qalib gəlmiş partiya belə çıxılmaz vəziyyətdə qalıb: "CHP-nin təklifi hökumətdə 8 nazirlə təmsil olunma və iki il müddətinə Kılıçdaroğlunun baş nazir vəzifəsinə təyin edilməsidir. Bu təklifə də MHP və AKP razılıq vermir. Çox güman ki, verməyəcək də. MHP isə öz növbəsində 4 nazir portfelinə yiyələnmək istəyir. Millətçilər yalnız bu şərtlə koalisiyaya gedə biləcəyini deyirlər”.

Politoloqun sözlərinə görə, AKP ilə MHP arasında qurula biləcək koalision hökumət daha real təqdim olunur: "Amma fikrimcə, bu da alınan deyil, çünki kvota baxımından CHP-ni qane etmir. Əsas faktorlardan biri isə əlbəttə, prezident Ərdoğanın AKP-ni təmsil etməsidir. Yəni, CHP və MHP koalisiyaya getsə, Prezidentin səlahiyyətinə yenidən baxılması məsələsi gündəmə gələ bilər. Ancaq unutmaq lazım deyil ki, Ərdoğan 52 faizlə birbaşa səsvermə yolu ilə prezident seçilib. Bir sözlə, proseslərin iki çıxış yolu var: - Prezidentin veto hüququndan istifadə edərək seçkilərin nəticələrini ləğv etmək, ikinci yol isə AKP, CHP və MHP koalisiyasını qurmaq. Çünki HDP ilə heç bir partiya əqidə baxımından koalisiyaya getmək fikrində deyil. Erkən seçimin isə ən gözlənilməz hadisəsi o ola bilər ki, AKP tam üstünlük əldə edə bilməsin. Bunu isə iqtidar partiyası və onun rəhbərləri gözəl başa düşür və bu addımı atmaqdan çəkinirlər”.

İsmayıl