“Elm haqqında” qanunda mübahisəli məsələlər hələ qalırAncaq bütövlükdə layihə haqqında professorlar müsbət fikirdədirlər
Uzun zamandır barəsində danışılan "Elm haqqında” qanun layihəsi nəhayət, Milli Məclisin yaz sessiyasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bu barədə məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev millət vəkillərinin irəli sürdükləri təkliflərin qanun layihəsində nəzərə alındığını deyib.
Sədrin sözlərinə görə, bura magistratura təhsili, elmin idarə edilməsi və elmin maliyyələşdirilməsi barədə təkliflər daxildir. Qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi də əksini tapıb.
Layihə ilə bağlı fikirlərini "Şərq”ə bölüşən millət vəkili, professor Fəzail İbrahimli "Elm haqqında” qanun layihəsinin günümüzün tələbi olduğunu deyib: "Fikrimcə, "Elm haqqında” qanun layihəsinin ancaq və ancaq müsbət tərəfləri ola bilər. İndiyə kimi layihə Elm və Təhsil Komitəsi ilə yanaşı, genişləndirilmiş formada digər bir neçə komitələrdə də ətraflı müzakirə olunub. Müzakirələrdə elm adamları öz fikirlərini və mülahizələrini söyləyiblər, təkliflərini veriblər. Qanun layihəsi iki məsələni özündə birləşdirir. Layihə elm adamlarının maddi həyatını, sosial rifahını yüksəltməklə yanaşı, elmin ümumi inkişafına təsir mexanizmlərini də özündə ehtiva edir. Yəqin ki, layihə müzakirəyə çıxarılan zaman yeni təkliflər olacaq və həmin təkliflər plenar iclasda nəzərə alınacaq. Hər halda layihənin tələblərinə uyğun olaraq elmin ümumi inkişafı təmin olunacaq”.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov da layihəni olduqca müsbət və kifayət qədər uğurlu bir qanun adlandırıb: "Belə bir qanunun qəbul olunmasının özü elm adına böyük uğurdur. "Elm haqqında” qanun kifayət qədər uzun və hərtərəfli müzakirələrdən sonra hazırlanıb. Burada Azərbaycanda elmin inkişafı üçün tələb olunan hüquqi münasibətlər öz əksini tapıb. Layihə müstəqillik dövründə elm sahəsində qazandığımız təcrübələrlə əhatə olunub. Sırf bu baxımdan layihəni səviyyəli adlandırmaq olar. Həmçinin, bu işin başında duran Şəmsəddin müəllim də elm sahəsində mütəxəssisdir”.
Ancaq N.Cəfərov layihədə mübahisəli tərəflərin olduğunu da deyib: "Yəqin ki, mübahisəli cəhətlər qanunda öz əksini tapmayacaq. Əgər qanunda hansısa məsələ ilə bağlı mübahisə varsa, deməli, təcrübənin özündə həmin proses hələ tam yetişməyib. Məsələn, deyək ki, bakalavr pilləsini başa vuran tələbələrin dərhal hərbi xidmətə aparılması və ya onlara möhlət verilməsi hələlik müzakirə olunan mübahisəli məsələdir. Hesab edirəm ki, bu mövzu ümumi yox, reallıq nəzərə alınaraq detallı şəkildə müzakirə olunmalıdır. Çünki ordunun inkişafı da bizim üçün önəmlidir. Ümid edirik, bu cür mübahisəli məsələlər tədricən müzakirə olunacaq və öz həllini tapacaq. Əgər həll oluna bilmirsə, onda qanun layihəsinə də salınmamalıdır”.
Professor qanun layihəsində bir sıra yeni, eyni zamanda mübahisəli məsələlərin öz əksini tapdığını da bildirib: "AMEA-nın institutlarında magistratura təhsilinin başlanması qanunda yer alıb. Bununla da akademiyaya həm də təhsil hüququ verilib. Bilirsiz ki, bu məsələ yeni və bir sıra hallarda mübahisəlidir. Amma buna baxmayaraq, müzakirəyə çıxarılacaq layihədə öz əksini tapacaq. Çünki bununla bağlı mübahisə o qədər dərin deyil. Həmçinin, qanun layihəsində ali təhsil ocaqlarında elmi-tədqiqat işlərinin aparılması üçün maliyyə şəraitinin genişləndirilməsi məsələsi də öz əksini tapacaq. Düzdür, indiyə kimi bu sahəyə o qədər də diqqət yetirilməyib. Lakin bu, olduqca mühüm elementdir”.
İsmayıl