Alimlərin mətbuatda çıxış etməsi vacibdir

Çünki elm xadimindən jurnalist, jurnalistdən elm xadimi düzəltmək olmaz
Müşfiq Ələsgərli: "Hansısa sahənin təşviq olunmasını mediadan kənarda təsəvvür etmək olmaz"



Elman Cəfərli: "Mediadan getmiş xeyli elm adamları var. Onları təkrar əməkdaşlığa cəlb etmək olar"

Elşad Məmmədli: "İxtisaslı yazarlar yetişdirməklə paralel elm xadimləri də media səhifələrinə çıxmaq üçün işlər ortaya qoymalıdırlar"

(Əvvəli ötən sayımızda)

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və akademiyanın Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda "dəyirmi masa" keçirilib. AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmini bildirib. 

Həmçinin, bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb. Akademiyanın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva isə ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da bildirib ki, bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzərində də qurulur. Amma çox təəssüf ki, Azərbaycanda jurnalistika fakültəsində tədris yalnız humanitar yönümlü istiqamət üzərində qurulur. Ə.Amaşov Azərbaycanda elmin populyarlaşdırılmasını da vacib sayıb: 

"Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq”. Şura sədri qeyd edib ki, artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər. Onun fikrincə, Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə edilər. Ə.Amaşov əlavə edib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi daha da populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq”.

Jurnalistika dedikdə öncə yazılı və internet media, televiziya və radiolar ağlımıza gəlir. Ancaq jurnalistikanın mühüm sahələrindən biri də elmi jurnalistikadır. Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. 

Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. 

Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib. Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.

Uzun zamandır müzakirə mövzusu olan problemlə bağlı danışan ekspertlər də alimlərin mətbuatda çıxış etməsini vacib sayıblar. Onların fikrincə, elm xadimindən jurnalist, jurnalistdən elm xadimi düzəltmək olmaz. 

Hesab edilir ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır, lakin bunun üçün zaman tələb olunur. İlk növbədə, elm xadimləri Avropa üçün deyil, Azərbaycan üçün yetişdirilməlidir. Alimlərin elmi məqalələri yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdəki rolu alimlərin dilindən göstərilməlidir. Ekspert qismində də onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Ancaq təəssüflər olsun ki, alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərdən daha fəaldırlar. Ona görə də Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalı, alimlər öz məqalələrini dərc etdirməkdə aktivlik nümayiş etdirməlidirlər.

Mövzunu "Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, məsələyə iki kontekstdə qiymət vermək lazımdır. Onun fikrincə, müasir dövrdə texnologiyaları inkişaf edən ölkələr daha öndə olurlar və həmin ölkələrdə elmi inkişaf innovativ tutumlu olur:

 "Bu baxımdan ayrı-ayrı ölkələrin inkişafını elmsiz, texnologiyasız təsəvvür etmək mümkün deyil. Bir nümunə deyim. Təsəvvür edin ki, bu gün texnoloji inkişafla, xüsusən informasiya texnologiyalarının inkişafı ilə məşğul olan elə şirkətlər var ki, onların büdcəsi aparıcı dövlətlərin ümumi büdcələrindən on dəfələrlə böyükdür. Bu reallığı nəzərə almaq lazımdır. Nümunəyə əsaslanıb deyə bilərik ki, hazırda dünyada aparıcı trendlər elmin üzərində durur. Burada nəinki özəl müəssisələr, ayrı-ayrı şirkətlər, bütövlükdə dövlətlər udurlar. Bu baxımdan Əflatun müəllimin vurğuladığı fikirdə həqiqət var. Əksər inkişaf etmiş ölkələr elmin və texnologiyanın inkişafından xeyli gəlir əldə edirlər. Bəs Azərbaycanda məsələ necədir? Əlbəttə, hansısa sahənin təşviq olunmasını mediadan kənarda təsəvvür etmək olmaz. Əgər bir yerdə iş, nailiyyət və inkişaf varsa, təbii ki, bu məsələlər mediada işıqlandırılmalı, təşviq olunmalıdır. Hesab edirəm ki, məsələnin əsas və daha mühüm tərəfi elmi mərkəzlərin üzərinə düşür. Əgər onlar özləri maraqlı olsalar və nailiyyətlərini təşviq etmək istəsələr, mətbuat onlara yer verəcək. Bundan sonrakı məsələ isə medianın əldə etdiyi materialları hansı formada işıqlandırması və cəmiyyətə necə təqdim etməsidir”. 

M.Ələsgərlinin fikrincə, hər sahədə olduğu kimi elmdən yazan jurnalistlərin də ixtisaslaşmış olması vacibdir: 

"Bir jurnalistin hazırladığı material, verdiyi bilgi, cəmiyyət üçün faydalılıq əmsalı onun peşəkar hazırlanmasından asılıdır. Amma biz hələ o mərhələyə çatmamışıq. Jurnalistin bu sahədə ixtisaslaşması ikinci məsələdir. İlk məqam elm adamlarının hansı nailiyyətləri qazanması və onları cəmiyyətə təqdim etmək niyyətində olub-olmamasıdır. Məncə, mövcud problem sırf bununla bağlıdır. Ola bilər ki, alimlərin nailiyyətləri kifayət qədərdir. Sadəcə olaraq onları təşviq və təbliğ etməkdə müəyyən problemlər var. Ona görə də alimlər öz işlərini düzgün qurmalı, informasiyalara əl çatmasını təmin etməlidirlər. Bundan sonra media üzərində cəmləşmək olar. Həmçinin, elmi mərkəzlər üzərində də ciddi iş aparılmalıdır. Ümumiyyətlə, hər iki tərəf öz işini düzgün qurmalıdır. Bizim media sahəsində ciddi islahatlar gedir. Əflatun müəllim də bunun anonsunu verdi”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də "Şərq”ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun fikri ilə razı olduğunu deyib:

 "Azərbaycanda elmin populyarlaşdırılması çox vacibdir. O da doğrudur ki, ölkədə elmi jurnalistika yoxdur. Əflatun müəllim deyib ki, ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq və bu problem tədricən aradan qaldırılacaq. Ancaq bir nüansı unutmayaq ki, 1990-cı illərin, 2000-ci illərin mətbuatında kifayət qədər elmlə bağlı yazarlar var idi. Onlar həm AMEA-da çalışır, həm də qəzetlərlə əməkdaşlıq edirdilər. Bununla yanaşı mediadan getmiş xeyli elm adamları da var. Onları təkrar əməkdaşlığa cəlb etmək olar. Məsələn, Füzuli Qurbanlı, Vüqar Zifəroğlu, Anar Turan, Bəhmən Faziloğlu, Faiq Qəzənfəroğlu bu cür alimlərdəndir. Media ilə yaxşı əlaqələri olan, vaxtaşırı araşdırmalarla çıxış edən siyasi elmlər doktoru Zaur Əliyevi də əməkdaşlığa cəlb etmək olar. Hesab edirəm ki, mediada elmin populyarlaşdırılmasına tanınmış yazar Vüsal Məmmədov da öz sanballı töhfəsini verə bilər”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də bunun olduqca ciddi məsələ olduğunu vurğulayıb: "Əflatun Amaşovun fikirlərini dəstəkləyirəm. 

Əlbəttə, elmin inkişafının təbliğ olunması, nailiyyətlərin ictimaiyyətə çatdırılması üçün ixtisaslı media əməkdaşlarının olması mühüm şərtdir. Təbii ki, ayrıca elmi jurnalların, portalların olması, habelə mövcud ictimai-siyasi qəzetlərdə, populyar saytlarda ixtisaslı elm yazarlarının çalışması da gözəl təşəbbüsdür və zəruridir. Eyni zamanda vurğulamalıyam ki, bizdə problem həm də elm sahəsindədir. Elm sahəsinin sanballı adamları, yüksək dövlət məmurları da bildirir ki, son dövrlərdə elm sahəsinə dövlətin diqqət və qayğısına baxmayaraq, elmi nailiyyətlər, ixtiralar həddən artıq azdır və durum qənaətbəxş deyil. Bəzən bu məqam elmi kadr bankında da özünü büruzə verir. Elm sahəsinin adamlarına diqqət göstərilməklə yanaşı, hansısa elmi vəzifələrdə maneə kimi oturub, gerçək elmlə məşğul olmaq istəyən şəxslərə, xüsusən gənc kadrlara süni əngəllər törədən şəxslər barəsində də tədbirlər görülməlidir. Hesab edirəm ki, bu sahədə kompleks tədbirlər görülməlidir, paralel olaraq da elmi yazarlarla bağlı məsələ həllini tapmalıdır. İxtisaslı yazarlar yetişdirməklə paralel elm xadimləri də media səhifələrinə çıxmaq üçün işlər ortaya qoymalıdırlar”.

(Davamı var)

İsmayıl