Türkiyədə boşanma prosesləri, aliment ödənişləri və sosial media hesablarının yoxlanılması ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanması gündəmdədir.
Türkiyənin Ədliyyə Nazirliyi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələri yeni qanunvericilik ili çərçivəsində Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi gözlənilən 13-cü Məhkəmə Paketi üzərində işləri davam etdirir.
Yeni paketdə ailə hüququ ilə bağlı mühüm dəyişikliklərlə yanaşı, sosial media vasitəsilə törədilən cinayətlərin qarşısının alınmasına yönəlmiş yeni tədbirlərin də yer alacağı gözlənilir.
Alimentə nikah müddətinə görə limit qoyula bilər
Paket çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri boşanma zamanı təyin olunan yoxsulluq alimentinin müddətinin məhdudlaşdırılmasıdır.
Məlumata görə, Türkiyə Konstitusiya Məhkəməsinin 4 iyun 2026-cı il tarixli qərarının əsaslandırmasının açıqlanmasından sonra bu istiqamətdə yeni tənzimləmə hazırlanması nəzərdə tutulur.
Təklif edilən modelə əsasən, boşanma zamanı qadına təyin edilən yoxsulluq alimentinin avtomatik olaraq müddətsiz ödənilməsinin qarşısının alınması və ödəniş müddətinin hakim tərəfindən müəyyən sərhədlər daxilində müəyyənləşdirilməsi planlaşdırılır.
Müzakirə edilən alternativlər arasında bir il və ya daha az davam edən nikahlarda alimentin maksimum 5 il, 5 ildən uzun davam edən nikahlarda isə maksimum 15 il ödənilməsi variantları da var.
Boşanma prosesi maliyyə mübahisələrindən ayrılacaq
Paketdə nəzərdə tutulan digər mühüm dəyişiklik uzun illər davam edən boşanma proseslərinin sürətləndirilməsi ilə bağlıdır.
AK Parti mənbələri bildirirlər ki, tərəflərin aliment, maddi və mənəvi təzminat, əmlak bölgüsü və digər məsələlərdə razılığa gələ bilməməsi boşanma işlərinin illərlə uzanmasına səbəb olur. Bu isə tərəflər arasında gərginliyi daha da artırır.
Hazırlanan yeni modelə görə, məhkəmə nikah münasibətlərinin faktiki və mənəvi baxımdan başa çatdığına və ər-arvadın yenidən birgə həyat qurmasının mümkün olmadığına qənaət gələrsə, digər mübahisələrin həllini gözləmədən boşanma haqqında qərar verə biləcək.
Beləliklə, əvvəlcə nikahın pozulmasına qərar veriləcək, aliment, təzminat, əmlak bölgüsü və digər maliyyə məsələləri üzrə məhkəmə prosesi isə ayrıca davam etdirilə biləcək.
Sosial mediada “iki mərhələli doğrulama” sistemi
13-cü Məhkəmə Paketinin üçüncü əsas istiqaməti isə sosial media hesabları ilə bağlıdır.
AK Parti mənbələrinin bildirdiyinə görə, saxta və bot hesablar yalnız təhqir və təhdid məqsədilə deyil, qanunsuz mərc oyunları, narkotik vasitələrə təşviq, uşaqların cinayətə yönəldilməsi və əxlaqsız məzmunların yayılması kimi müxtəlif qanun pozuntularında da istifadə olunur.
Bu səbəbdən cinayət araşdırması zamanı sosial media hesabının arxasında dayanan real şəxsin müəyyən edilməsini təmin edəcək mexanizmin yaradılması üzərində iş aparılır.
Bu çərçivədə istifadəçilərin kimliyinin təsdiqlənməsinə imkan verəcək “iki mərhələli doğrulama sistemi”nin tətbiqi nəzərdən keçirilir.
Yeni qanunvericilik ilinin ilk gündəmi Kızılay olacaq
Yeni qanunvericilik ilində TBMM-də müzakirəyə çıxarılması gözlənilən ilk qanun layihəsinin isə 11 maddədən ibarət Kızılay Qanunu olacağı bildirilir.
Layihə ilə Türk Kızılayının fəlakətlər, müharibələr və humanitar böhranlar zamanı səlahiyyət və vəzifələrinin yenidən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, dövlət qurumlarının ilk yardım, fəlakət logistikası və müvəqqəti sığınacaqla bağlı strateji məhsul və xidmətləri müəyyən hallarda Dövlət Satınalmaları Qanununun tələblərinə tabe olmadan birbaşa Türk Kızılayından və onun əksər səhmlərinə sahib olduğu şirkətlərdən əldə edə bilməsinə imkan yaradılması planlaşdırılır.
“135 Alo Ədalət” xətti fəaliyyətə başlayıb
Türkiyənin ədliyyə naziri Akın Gürlek isə sosial media hesabında “135 Alo Ədalət” xidmətinin fəaliyyətə başladığını açıqlayıb.
Onun sözlərinə görə, yeni məhkəmə ilinin ilk günündən etibarən Ankara Batı, İzmir və Kayseri məhkəmələrində pilot layihə kimi fəaliyyətə başlayan xidmət vasitəsilə 5 ildən çox davam edən məhkəmə işləri və 3 ildən çox davam edən istintaq dosyeləri ilə bağlı vətəndaşlar birbaşa müraciət edə biləcəklər.