Allahşükür Paşazadənin Əlibala Əsgərovla heç bir problemi yoxdur

Sadəcə məsələ ondadır ki, Hərəkat sədrinin xahişi Şeyxə vaxtında çatdırılmayıb


Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində radikal dini qrupların, müxtəlif yad təriqətlərin yayılması ciddi təhlükəyə çevrilib. Xüsusən, son dönəmlər soydaşlarımızın çoxluq təşkil etdiyi regionlarda İŞİD-çilər, vəhhabilər və şiə təriqətinə mənsub qruplar öz təsir dairələrini genişləndirmək uğrunda yarışırlar. Ötən gün "Şərq”in qonağı olan "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov da bu təhlükəyə diqqət çəkərək bölgənin əldən getdiyini bildirib.

Sədr vurğulayıb ki, Borçalıdakı məscidlərin hamısı İraq, İran və Türkiyəyə məxsus dini dairələrin nəzarətindədir. Amma təəssüflər olsun ki, Azərbaycana məxsus bir dənə də olsun ibadət ocağı yoxdur. Ə.Əsgərovun sözlərinə görə, mövcud problemlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi ilə görüşmək istəsə də, onun israrlı xahişinə məhəl qoyulmayıb. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq.

 QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Şərq”ə açıqlamasında məsələyə aydınlıq gətirib: 

"Şeyx həzrətləri məzuniyyətdə idi, ona görə də Ramazan bayramından sonra işə çıxmırdı. Əlibala müəllimin görüşlə bağlı müraciəti sırf o səbəbdən Şeyxə çatdırıla bilməyib. Hətta biz bununla bağlı Şeyxə məlumat verəndə dedi ki, əgər xəbəri olsaydı, QHT sədrini qəbul edərdi. Çünki Şeyx həzrətlərinin Əlibala Əsgərova münasibəti müsbətdir, heç bir problemi yoxdur. Sadəcə məsələ ondadır ki, Hərəkat sədrinin xahişi Şeyxə vaxtında çatdırılmayıb. Bir məsələni də vurğulayım ki, Şeyx həzrətləri Gürcüstana hər səfəri zamanı soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır. Belə məsələlərə çox həssas yanaşır”.

Mövzu ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, soydaşlarımız arasında dini radikalizmin yayılması çox ciddi problemdir. Ekspert xatırladıb ki, bir müddət əvvəl Aşura mərasimində radikal şiə məzhəbçilərin ifrat təbliğatı, Azərbaycan türklərinin məzhəb bölücülüyünə sürüklənməsi və gənclərin beyinlərinin yuyulması barədə məqalə yazıb. Həmin məqalədən sonra fanatik şiələr ona sərt reaksiya veriblər: 

"Artıq Gürcüstandan, Borçalıdan milli təəssübkeşli insanlar gələrək təhlükə barədə narahatlıqlarını dilə gətirirlər. Həqiqətən də, bölgədə İraq, İran, Türkiyə və digər ölkələrə məxsus radikal qruplar, təriqətlər at oynadırlar. Maraqlısı isə odur ki, ölkəni kifayət qədər nəzarətdə saxlayan və Avropaya inteqrasiya edən Gürcüstan hakimiyyəti bu proseslərə göz yumur. Görünür, bu cür dini təsirlərin və bölücülüyün azərbaycanlıların sıx yaşadığı bölgədə baş verməsi onların da xeyrinədir. Çünki radikal hərəkətlər Azərbaycan türklərinin milli hissini, kimliyini və birliyini zəiflədir”. 

QMİ-nin Gürcüstana nəzarət və təsirinə gəldikdə isə İ.Altay bəyan edib ki, bu idarə heç Azərbaycanda, Bakıda dini məkana, radikalizm və fanatizmə qarşı kifayət qədər təsir göstərə bilmir:

"İdarə dinin müsbət imkanlarından istifadə edə bilmir. O cümlədən, xarici dini ekstremizmin təsir və təhdidlərdən qorunması istiqamətində dövlət orqanları ilə əməkdaşlıq etmir. Belə şəraitdə QMİ-nin Gürcüstanda yaşayan azərbaycanlılara sahib çıxacağını gözləmək nə dərəcədə realdır? QMİ "bütün Qafqazın müsəlmanlarının idarəsi” statusunu öz üzərinə götürsə də, təəssüf ki, bu funksiyanın öhdəsindən gələ bilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə Azərbaycan daxilindəki proseslərə baxır”.

İsmayıl