Almaniya soyuqqanlıdır

100 prezident Parisdəki terrakta görə birləşdi
Amma son 5 ayda Türkiyənin paytaxtı Ankara şəhərində 3 terrakt yaşandı.Buna rəğmən Türkiyədəki terraktlara gələndə onların terrora qarşı birləşmək istəyi görünmür



Almaniya Xarici İşlər Nazirliyi (XİN) təhlükəsizlik səbəbi ilə Ankaradakı cəfirliyin, İstanbuldakı Baş konsulluğun və İstanbuldakı alman liseyinin bağlandığını açıqlayıb. Sözügedən bəyanatda bunun təhlükəsizlik tədbirləri ilə əlaqədar edildiyi bildirilir. Doğrudur, hələlik İstanbulun Taksim meydanındakı konsulluq binasında və Beyoğlu rayonundakı liseydə bununla bağlı heç bir elan yerləşdirilməyib.

Yalnız Ankaradakı səfirliyin binasında müvəqqəti işləmədiklərinə dair xəbərdarlıq asılıb. Alman liseyinin internet səhifəsində baş konsulluğun xəbərdarlığı əsasında qeyri-müəyyən müddətə tətilə çıxıldığı barədə xəbərdarlıq edilib.

Almaniyanın narahatlığını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Qərb ölkələrinin, eləcə də Almaniyanın Türkiyədəki terrora qarşı mövqeyi o qədər də qənaətbəxş deyil: "Baxın, Fransanın paytaxtı Parisdə, "Charli Hebdo” jurnalının redaksiyasında baş verən hadisədən sonra 100-ə qədər ölkənin Prezidenti, Baş naziri Parisə yollandı və orada hamısı "şarliliyik” deyə həmin küçə boyu yürüş keçirdi. Bütün dünya terrora qarşı bir həmrəylik nümayiş etdirdi. Amma son 5 ayda Türkiyənin paytaxtı Ankara şəhərində 3 terrakt yaşandı. Həm də qardaş ölkədə baş verənlər "Charli Hebdo” hadisəsindən dəfələrlə çox amansız idi. Amerika və Avropanın özü də terrordan əziyyət çəkmiş ölkələrdir. Buna rəğmən Türkiyədəki terraktlara gələndə onların terrora qarşı birləşmək istəyi görünmür. Məsələn, mən alman mətbuatını oxuyuram. Onlar PKK terroru haqqında ən azından ictimai rəylərində qınayıcı bir mövqe formalaşdırmırlar. Əksinə, bəzi məqamlarda PKK-nı dəstəkləyirlər. Fransada da eyni yanaşmalar mövcuddur. Qərbin Türkiyədəki terrora qarşı münasibəti adamı çaşdırır. Qardaş ölkədə baş verənləri kürd xalqının milli azadlıq hərəkatı kimi dəyərləndirirlər. Özü də ki, kürd xalqı Yaxın Şərqin ən azı 4 ölkəsinə səpələnmiş etnosdur. Bu etnosun hamısı həmin dövlətlərin ərazilərində müstəqil dövlət yaratmaq istəsə, bu nəyə gətirib çıxarar? Deyim ki, Türkiyədə yaşayan kürdlər digər ölkələrdə məskunlaşan kürdlərlə müqayisədə sanki cənnətdə yaşayırlar. Hansı ölkənin parlamentində kürd əsilli deputatlar təmsil olunub? Hansısa ölkənin iş adamları və ya milyonerləri içərisində Türkiyədəki qədər kürdlər var. Türkiyədə milli fərqlər yoxdur. Kimsə milli mənsubiyyətə görə fərqləndirilmir. Türkiyənin kürd etnosuna münasibəti qardaşlıq və bir dövlətə məxsus olmaq münasibətidir. Amma Avropa bunu doğru dəyərləndirmir”.

Ayyət Əhməd