Rəsmi Ankaradan sərt reaksiyalar gəldi, iki ölkə arasındakı münasibətlər gərginləşir
Almaniyadan Türkiyəyə böyük zərbə...
Bundestaq qondarma “erməni soyqırımı”nı tanıdı
Rəsmi Ankaradan sərt reaksiyalar gəldi, iki ölkə arasındakı münasibətlər gərginləşir
Rəsmi Ankaradan sərt reaksiyalar gəldi, iki ölkə arasındakı münasibətlər gərginləşir
Almaniya Bundestaqı qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul edib. Bu qərar Almaniyanın uydurma "soyqırımı” tanıması deməkdir. Qətnaməyə əsasən Almaniya 1915-c ildə ermənilərə "soyqırım” tətbiq edildiyini təsdiqləyib və Birinci Dünya müharibəsi illərində Osmanlı ilə müttəfiq olduğuna görə, "soyqırım”da özünü günahkar sayıb. Türkiyə ilə Almaniya arasında siyasi qalmaqala səbəb olacaq qətnaməyə alman deputatlardan biri etiraz edib, bir deputat isə bitərəf qalıb.
Qalmaqallı sənədin əsas müəlliflərindən biri Yaşıllar Partiyasının lideri türk əsilli Cem Özdəmirdir. Səsvermədə Almaniya kansleri Angela Merkel, onun köməkçisi Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer iştirak etməyiblər. Xristian-demokratlar fraksiyasının rəhbəri Folker Kauder deyib ki, qətnamə türklərlə ermənilər arasında "barışığa” kömək edəcək. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə Almaniya Bundestaqının qərarını alqışlayıb.
Qondarma "soyqırım” tarix dərsliklərinə girəcək
Almaniya parlamentinin bu qərarından sonra "soyqırım” nağılı ölkənin orta və ali təhsil müəssisələrində tədris olunmağa başlanacaq. Eyni zamanda ictimai təşkilatlar uydurma "soyqırım”ı cəmiyyət içində təbliğ edəcəklər. Xatırladaq ki, bu məsələ keçən il də gündəmə gəlmişdi. Amma o zaman Almaniya hökuməti qətnamənin parlamentə gəlməsini əngəlləmişdi. Bu dəfə isə müəyyən səbəblərdən Angela Merkel hökuməti layihəyə mane olmayıb. Məlumat üçün bildirək ki, buna bənzər qətnamələr aralarında Fransa, Rusiya, İsveç, Hollandiya, Belçika, İsveçrə, Braziliya və Avstraliya olmaqla 20 ölkə tərəfindən tanınıb.
"Erməni soyqırımı”nın tanınması demokratik mədəniyyətin nümunəsidir”
Almaniya kansleri Angela Merkel "erməni soyqırımı”nın ölkəsinin parlamentində tanınmasına münasibət bildirib. Merkel Bundestaqın qərarını müsbət qarşılayıb. O deyib ki, Bundestaqın "erməni soyqırımı” haqda qəbul etdiyi qərar demokratik mədəniyyətin nümunəsidir: "Türkiyə ilə Almaniyanı 3 milyonluq türk diasporu, terrorizmlə ortaq mübarizə maraqları birləşdirir. Hesab edirik ki, qətnamənin qəbul edilməsi Türkiyə ilə Ermənistan arasında dialoqun başlanmasına şərait yaradacaq”.
Rəsmi Ankaradan sərt reaksiya...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma "erməni soyqırımı”nı tanımasına münasibət bildirib. Keniyada səfərdə olan Prezident deyib ki, bu qərar ikitərəfli əlaqələrə ciddi təsir edəcək: "Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik. Binəli Yıldırımla əlaqə saxlamışam və qərarla bağlı ilk addımı müəyyən etmişik. İlk addım kimi səfiri geri çağırdıq”. AKP-nin nümayəndəsi Yasin Aktay da qətnamənin Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər vuracağını deyib. Türkiyəli deputatlar isə "soyqırım” qətnaməsinə cavab olaraq TBMM-yə qanun layihəsi təqdim ediblər. Layihədə Almaniyanın qınanması nəzərdə tutulub. Ankaranın Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu da geri çağırılıb. Türkiyənin Baş naziri Binali Yıldırım da bəyan edib ki, Almaniya parlamentinin qərarı əsassızdır: "Türkiyə əsla bu qərarı qəbul etmir. Keçmişimiz hamıya bəllidir”.
Bundestaqın "soyqırım” qərarı tarixi səhvdir
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş qətnamə barədə tvitterdə yazıb:
"Almaniya parlamentinin "təhrif edilmiş və əsassız” bir sıra iddiaları "soyqırım” olaraq qəbul etməsi tarixi bir səhvdir. Parlamentin bu qərarı Almaniya və Türkiyə arasındakı dostluq əlaqələrinə yaraşmır. Türkiyə üçün bu qərar heç bir əhəmiyyət kəsb etmir. Bu məsələ siyasətçilərin və ya parlamentarilərin işi deyil, elm adamları və tarixçilərin nəticəyə gətirəcəyi bir məsələdir”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə üzərindən parlamentin qərarını qınayıb: "Öz tarixindəki qaranlıq səhifələri bağlamağın yolu məsuliyyətsiz və əsassız parlament qərarları ilə başqa ölkənin tarixini qaralamaq deyil”.
"Türk və Azərbaycan diasporu erməni lobbisinə qarşı daha sıx birləşməlidir”
Millət vəkili Fəzail Ağamalı deyib ki, erməni diasporu Qərb ölkələrində böyük şəbəkə qurmağa nail olublar: "Erməni lobbisi qondarma "soyqırım”ın tanınması üçün çox böyük enerji və maliyyə sərf edir. Təəssüflər olsun ki, Almaniya belə bir addım atdı. Parlamentin qərarı ciddi ənənələrə söykənən Türkiyə-Almaniya dostluğuna böyük zərbə vurdu. Tarixi vərəqləsək görərik ki, Almaniya ilə Türkiyə hər zaman müttəfiq olublar və ən çətin anlarda biri-birinin yanında durublar. Ancaq qətanmənin qəbulu bu tarixi ənənəni qırdı. Avropanın lider dövləti sayılan Almaniyanın bu addımı çox böyük təəssüf doğurur”. Deputatın sözlərinə görə, bunların hamısı siyasi kondikturadır: "Ermənilər məqsədlərinə çatmaqda çox israrlıdırlar. Yəqin ki, səylərini bundan sonra da davam etdirəcəklər. Etiraf etmək lazımdır ki, ermənilər Türkiyənin güclənməsindən böyük qısqanclıq keçirən bir sıra dövlətlərin və siyasətçilərin əməyindən geniş şəkildə bəhrələnirlər. Əlbəttə, Türkiyə bu cür qətnamələrin qarşısında ağ bayraq qaldırmayacaq. Qardaş ölkə özünün haqlı mübarizəsini aparacaq. Türk və Azərbaycan diasporu erməni lobbisinə qarşı daha sıx birləşməli, siyasətçilərlə intensiv işləməlidirlər. "Erməni kimdir” düşüncəsi ilə davranmaq yanlışdır. "Kimdir” dediyimiz ermənilər qədim Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar. Qarşımızdakı düşməni zəif bilməməliyik, ermənilər kifayət qədər hiyləgərdir”.
"Almaniya erməni lobbisinin təkidi ilə ədalətsiz addım atdı”
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev da bildirib ki, Almaniyanın belə bir addım atması heç də yaxşı hal deyil. Ancaq deputat hesab edir ki, bu qərar Almaniya-Türkiyə və Azərbaycan münasibətlərinə ciddi təsir etməyəcək: "Almaniya parlamenti tarixi faktlara söykənməyən bir məsələni qəbul etdi. Bu, erməni lobbisinin təkidi ilə atılan ədalətsiz addımdır. Lakin "erməni soyqırımı” ilə bağlı layihənin qəbulu ciddi təsirə malik olmayacaq. Mən parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu məsələni daim diqqətdə saxlayacağam”.
"Bu məsələnin üzərinə gedəcəyik”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qətnamənin qəbul edilməsinə münasibət bildirib. O deyib ki, Türkiyə Azərbaycana qardaş ölkədir:
"Biz həmişə saxta "soyqırım”la bağlı iddiaların qarşısını kəsmişik. Saxta iddia İsrail parlamentində müzakirə ediləndə onun qarşısını almışıq, mövqeyimizi bildirmişik. İndi də Almaniya parlamentində bu cür hal baş verib. Azərbaycan diasporu aktiv şəkildə hər yerdə səsini qaldıracaq. Türkiyəli qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Türkiyənin problemi bizim problemdir, bu məsələnin üzərinə gedəcəyik”.
"Osmanlı Türkiyəsində baş verənlərə görə birbaşa Almaniya cavabdehdir”
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Almaniya "erməni soyqrımı”nı tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verib: "Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar. Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir. Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi. İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi yoxdur ki, deyəsən, Berlin bu lobbinin təsiri ilə qətnaməni qəbul edib”. Ekspertin sözlərinə görə, Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi: "Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar”. Ekspert Almaniyanın bu addımının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirindən də danışıb. "Almaniyanın bu hərəkəti ATƏT-in hazırkı sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də kölgə salacaq. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi”.
İsmayıl