"AMEA jurnalisti təhqir edən akademiklə yollarını ayırmalıdır !" - Media

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az-ın əməkdaşı ilə danışarkən təhqiredici ifadə işlətməsi sosial şəbəkə və mətbuatda geniş müzakirələrə səbəb olub. Hadisədən bir-neçə gün keçməsinə baxmayaraq, müzakirələr davam edir. Akademik isə, təhqirə görə üzr istəmək əvəzinə daha sərt və təhqiramiz fikirlər səsləndirir.
R. Məmmədovun təhqir dolu açıqlamalarına media nümayəndələri sərt təpki verib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət "Sherg.az"a açıqlamasında böyük institutun direktorunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsinin jurnalistlərə qarşı bu cür təhqirlər səsləndirməsinə təəssüfləndiyini söyləyib:
"Açığı əvvəl oxudum və inanmadım. Daha sonra R.Məmmədov əlavə açıqlamalar verərək, fikirlərini bir daha təsdiq etdi. Üstəlik, həmin şəxs səhvi üçün üzr istəməkdən belə boyun qaçırdı. Hətta akademiyanın prezidenti Akif Əlizadənin ona irad tutmasına da məhəl qoymayıb, dikbaşlıq göstərib. Hesab edirəm ki, akademikin əməli çox biədəb yanaşmadır. Tək alimə, elm adamına deyil, heç bir insana yaraşmayan hərəkətdir. Hər birimiz insanıq, emosional davrana bilərik, özümüzü cilovlamaqda çətinlik çəkərik. Lakin zaman keçdikdə, səhvimizi anlamalı və düzəltmək üçün addım atmalıyıq. Belə anlayıram ki, akademikin səhvini düzəltmək niyyəti yoxdur. Həmin şəxs özünü Avropada oturub, sosial şəbəkə üzərindən Azərbaycana təhqirlər yağdıran təsadüfi adamlarla bir sıraya qoymuş olur”.
Azər Həsrət düşünür ki, AMEA Ramiz Məmmədovun bu davranışını müzakirəyə çıxarmalı, rəhbərlik və bütün akademiya heyəti məsələyə münasibət bildirməlidir:
"Cəmiyyətə açıqlama verilməlidir ki, niyə bu cür təhqirlər yağdıran şəxs Coğrafiya institutu kimi böyük quruma rəhbərlik edir? Ədəb çərçivəsini bu həddə aşan şəxsin instituta rəhbərlik etməsi, alimlər sırasında birgə addımlaması yolverilməzdir.
Azərbaycanı çox şərəflə daxildə, xaricdə təmsil edən jurnalistlər var. R. Məmmədov bütün jurnalistləri necə təhqir edə bilər? Ona görə, düşünürəm, AMEA həmin akademiklə yollarını ayırmalıdır. R. Məmmədov isə Avropada söyüş söyənlərin cərgəsinə qoşulmalıdır, onun yeri oradır”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də həqiqi jurnalistlərə qarşı təhqiredici ifadələr səsləndirilməsini qəbul etmir. Baş redaktor diqqətə çatdırıb ki, jurnalistlərlə ünsiyyət zamanı normal şəkildə verilən suala münasibət bildirmək lazımdır:
"Prosesin hansı şəraitdə, necə baş verməsindən bixəbərik. İstənilən halda, uyğunsuz şəkildə davranmaq düzgün deyil.
AMEA-nın Ramiz Məmmədov barədə tədbir görməsinə gəlincə, bu qədər qınaq kifayət edir. Lakin akademik də mütləq diqqətli olmalıdır”.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, əvvəl aydınlaşdırılmalıdır ki, jurnalist və akademik arasında nə baş verib, deyilənlər nə dərəcədə həqiqətdir:
"Həmçinin ölkəmiz azad mətbuatın dövlətin dəstəyi ilə tam formalaşması yolu ilə irəliləyir. Burada bütün demokratik institutlara hörmət olunmalıdır. Alim jurnalistə, jurnalist alimə hörmət qoymalıdır. Belə cəmiyyətlərdə heç kim üstün səlahiyyətə, toxunulmazlığa malik deyil. Hər kəs qanun qarşısında, etik normalar, demokratik inkişaf prinsipləri çərçivəsində bərabərdir. 
Parlamentdə belə bir-birinə qarşı etik normalara riayət etmədikdə cəzalandırılırsa, jurnalistlərlə münasibətlərdə təhqirə yol verən şəxslərə qarşı da eyni addımlar atılmalıdır. Amma bu məsələnin tam aydınlaşdırıldığını düşünmürəm. Fikrimcə, həmin direktorla jurnalistin nüfuzlu media nümayəndələri ilə birlikdə görüşünü keçirmək yaxşı olar. Artıq bu zaman hər şey aydınlaşar”.
Aysel Aslan