“Amerika anladı ki, türk ordusunu dayandırmaq mümkün deyil” - Növbəti hədəf Membiçdir

"Türkiyənin növbəti hədəfi güman ki, Membiç şəhəri olacaq”.
Bunu "Sherg.az”a Türkiyə ordusunun həyata keçirdiyi "Zeytun budağı əməliyyatının müsbət nəticələrindən danışarkən politoloq Elxan Şahinoğlu deyib. 
O diqqətə çatdırıb ki, həmin ərazilərdə də terrorçular qərar tutub:
"Bu şəhərə nəzarəti ələ keçirmək isə bir qədər çətindir. Çünki Amerikanın hərbi strukturları da Membiçdə yer alıb. Bu məsələ də həll olunmalıdır. Amerika ilə Türkiyənin sözügedən istiqamətdə əməkdaşlığı necə həll edəcəyi sual altındadır.
Xatırladım ki, rəsmi Ankara ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson ilə razılaşma əldə edib. Lakin yeni dövlət katibi Mayk Pompeo ilə belə razılıq yoxdur. Bütün hallarda Amerika anladı ki, artıq türk ordusunu dayandırmaq mümkün deyil. Türk ordusu bir az daha irəliləyəcək ki, türkləri terror təhlükəsindən qurtara bilsin”.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə düşünür ki, Afrinin azad edilməsindən sonra Türkiyənin hansı addım atacağını, planlarının nə olduğunu bu dövlətin özündən başqa heç kim bilə bilməz:
"Afrin əməliyyatı çox uğurlu təşkil edildi və qarşıya qoyulan məqsədə nail olundu. Əslində Türkiyə bu əməliyyatla özü üçün planladığı nəticələrə 58 gün ərzində addım-addım nail oldu. Bundan sonrasında planlarından asılı olmayaraq, qardaş ölkə üçün xeyirli, uğurlu olmasını arzu edirik”.
Qeyd edək ki, Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı ötən gün yekunlaşıb. Martın 18-i səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. Nəticədə Azad Suriya Ordusu cənub-şərq istiqamətindən Afrinə daxil olub və şəhəri nəzarətə götürüb.
Aysel Aslan