Amerika Gürcüstanda hərbi təlimlərə başlayır

Elxan Şahinoğlu: “Bütün bu təlimlərdə məqsəd Rusiyaya güc göstərməkdir”



Gürcüstan və ABŞ arasında planlaşdırılmış birgə hərbi təlimlər üçün nəzərdə tutulan Amerikanın ağır hərbi texnikası Gürcüstanın Batumi limanına daxil olub.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, texnikalar arasında 14 "Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimatlar var. Hərbi təlimlər mayın 11-dən 25-dək davam edəcək. Təlimlərə 600-dək amerikalı və gürcü hərbçilərinin cəlb olunacağı planlaşdırılır. Siyasi ekspertlər indiki şəraidə belə bir irimiqyaslı təlimin keçirilməsini müxtəlif aspektlərdən dəyərləndiriblər. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ və Gürcüstanın birgə təşkil etdiyi hərbi təlimlərin əsl məqsədi Kremlə əzələ nümayiş etdirməkdir: "Bir müddət əvvəl ABŞ Konqresində qərar qəbul edildi ki, bir sıra dövlətlərə hərbi dəstək verilsin. Bu dövlətlər içərisində Gürcüstanın, hətta Azərbaycanın da adı var idi. Bundan öncə Baltikyanı ölkələrdə də ABŞ-ın hərbi texnikası açıq formada özünü nümayiş etdirdi. Bütün bu təlimlərdə məqsəd Rusiyaya güc göstərməkdir. Yəni Amerika demək istəyir ki, rəsmi Vaşinqton bu ölkələri öz himayəsinə götürüb və onları qorumağa hazırdır. İndi növbə Cənubi Qafqaza, Gürcüstana çatıb”. Politoloqun sözlərinə görə, Gürcüstandakı təlimlərə Azərbaycan hərbiçiləri də qatıla bilər: "Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə hərbi blok yaradıblar və hər üç ölkənin nazirləri dəfələrlə bir araya gələrək müzakirə aparıblar. Faktiki olaraq bölgədə üç dövlətdən ibarət olan hərbi ittifaq yaranıb. Ona görə də ABŞ və Gürcüstanın birgə hərbi təlimlərində Azərbaycanın iştirakı gözləniləndir. Baxmayaraq ki, hazırda Amerika ilə əlaqələrimiz korlanıb, amma hesab edirəm ki, ABŞ hər zaman Azərbaycanın hərbi və strateji müttəfiqi olaraq qalacaq”.

İsmayıl