"...Amerika Suriyanın digər şəhərlərini vuracaq”




"Putinin çıxışları ona xidmət edir ki, yenə də kimyəvi silahlardan istifadə edilərsə, Amerika Suriyanın digər şəhərlərini vuracaq”.

Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin Amerikanın Şam və Dəməşki vuracağı haqqında bəyanatını şərh edərkən politoloq Elxan Mehdiyev deyib. 

O bildirib ki, Suriyada hərbi hava qüvvələri bazasının vurulmasında məqsəd də kimyəvi silahdan istifadə edilməsi olub:

"Amerika tərəfindən bildirildi ki, yenə istifadə edərlərsə, yenə Suriya vurulacaq. Amerikada çoxlu debatlar aparılır. ABŞ-ın Suriyadakı keçmiş səfiri çıxış edib, bildirdi ki, kimyəvi silahlar yenə də Suriyada var. Bəşşar Əsəd onlardan istifadə edəcək. Fikrimcə, onlar yeni bir əsas hazırlayırlar, Suriyanın başqa yerlərini, Dəməşqi, Hələbi və s. vursunlar.

Digər tərəfdən Putin demək istəyir ki, Amerika sadəcə əsassız olaraq çalışacaq ki, bir bəhanə tapıb yenə vursun. Amma Putinin vasitəçiliyi ilə 2013-cü ildə Suriya üzərinə öhdəlik götürdü ki, kimyəvi silahları ölkədən çıxaracaq. Sonradan kimyəvi silahların bütünlüklə çıxarıldığı bildirildi. Lakin nəticədə məlum oldu ki, heç də bütün kimyəvi silahlar çıxarılmayıb. Əslində Suriya kimi avtoritar-totalitar sistemlərdə bir işin şəffaf şəkildə həyata keçirilməsinə inanmaq özü də düzgün olmazdı. Bu baxımdan Amerikada həmin kimyəvi silahlardan nə zaman istifadə ediləcəyi, nə tədbirlər görüləcəyi haqqında debatlar aparılır. Putin hesab edir ki, hər hansı qüvvə daxildə bu kimyəvi silahdan istifadə edə bilər və bu da Amerikanı Suriyanı yenidən bombalamağa vadar edər”.

Qeyd edək ki, Rusiya prezidentinin sözlərinə görə bəziləri insanların üzərinə kimyəvi maddələr atıb günahı Əsəd rejiminin üzərinə yıxmağa çalışır.

Aysel Aslan