“Amerikanın Aviasiya İdarəsi zarafat etmir”

Ədalət Əliyev: “Bu cür xəbərdarlıqlar zamanı təyyarənin mühərrikini istehsal edən şirkət məsələyə aydınlıq gətirməli və istehsalçılara təminat verməlidir”



ABŞ Federal Aviasiya İdarəsi "Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə tapşırıq verib. Bu xəbərdarlıq ABŞ media orqanlarında yayılan Federal Aviasiya İdarəsinin bəyanatında əksini tapıb. Bəyanatda vurğulanıb ki, əgər mühərriklər zamanında dəyişdirilməsə, uçuş zamanı problem yarana bilər.

Mühərriklərdə konkret hansı çatışmazlığın olması isə açıqlanmayıb. Yalnız o vurğulanıb ki, təyyarədəki mühərriklərin eyni anda hər ikisi dayana bilər və mühərrikləri yenidən işə salmaq mümkün olmaz”. Məlumat üçün deyək ki, "Boeing 787” tipli təyyarələr "Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, dünyanın bir çox aviaşirkətlərinin parkında yer alıb. AZAL-ın mətbuat xidmətindən xəbərdarlıqla bağlı verilən açıqlamaya görə, "Boeing 787” təyyarələrinin mühərriklərində aşkarlanan problem "GEnx-1B PIP2” model mühərriklərə aiddir: "İstehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib. AZAL-ın təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner” təyyarələrində quraşdırılan "General Electric” mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil. Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti "General Electric” və "Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə, hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək”. Xatırladaq ki, "Boeing 787” ən müasir sərnişin təyyarələrindəndir. Bu tip təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur. Qərb təşkilatının xəbərdarlığı ilə bağlı "Şərq”ə danışan AZAL-ın sabiq prezidenti Ədalət Əliyev deyib ki, Federal Aviasiya İdarəsi olduqca ciddi qurumdur. Onların təhlükə barəsindəki xəbərdarlığını diqqətə almaq lazımdır: "ABŞ-ın Aviasiya İdarəsi zarafat etmir. Həmin qurum bütün problemləri elmi cəhətdən əsaslandırdıqdan sonra yekun nəticə çıxarır. Bu cür xəbərdarlıqlar zamanı təyyarənin mühərrikini istehsal edən şirkət məsələyə aydınlıq gətirməli və istehsalçılara təminat verməlidir. Əslində "Boeing 787” ən müasir təyyarədir, hələlik ondan yenisi və yaxşısı yoxdur. Ancaq problemsiz heç nə olmur, istənilən texniki cihazlarda çatışmazlıqlar ola bilər. Çalışmaq lazımdır ki, tezliklə aradan qaldırılsın”.

İsmayıl