Amerikanın İrana qarşı siyasəti sərtləşəcək

Tillersonun dövlət katibi postundan getməsi böyük dəyişikliklərə səbəb olacaq
“Pompeonun Rusiyaya və Putinə qarşı da sərt siyasət yeridəcəyi gözlənilir. Maraqlı bir detal var ki, “Soyuq müharibə” dövründə Putin kəşfiyyatçı kimi Almaniyanın şərqində, Pompeo isə hərbçi kimi Almaniyanın qərbində xi



ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən azad etməsi dünya mətbuatının əsas müzakirə mövzusuna çevrildi. Məlum olduğu kimi, ötən gün Tramp Tillersonu istefaya göndərdi və onun yerinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu gətirəcəyini açıqladı. Tillersonun yola salınacağı uzun müddətdən bəri müzakirə olunsa da, həm Tramp, həm də dövlət katibi fürsət düşdükcə, bunu inkar edirdi.

Nəhayət, sərəncam verildi və Tillerson 13 aydır tutduğu postu tərk etməli oldu. Tramp istefa barədə qərarı özünün "Tvitter” hesabından açıqladı. Bildirdi ki, xidmətlərinə görə Tillersona təşəkkür edir: "Mayk Pompeo - Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bizim yeni dövlət katibimiz olacaq. O, bu işin öhdəsindən mükəmməl şəkildə gələcək.

 Reks Tillersona isə xidmətlərinə görə təşəkkür edirəm. Onunla pis yola getmirdik, lakin bir neçə məsələ ilə bağlı razılığa gələ bilmirdik. Mən İranla sazişin dəhşətli dərəcədə pis olduğunu hesab edirdim. O isə normal sayırdı. Mən bu sazişi ləğv etmək və ya dəyişmək istəyirdim, o isə fərqli düşünürdü”. 

Dövlət Departamentindən isə bildiriblər ki, Trampın istefa qərarı ilə bağlı Tillersonla şəxsi söhbəti olmayıb. Yəni istefa barədə xəbər Tillerson üçün gözlənilməz olub. ABŞ mətbuatı zaman-zaman Trampla Tillerson arasındakı fikir ayrılıqları barədə yazsa da, dövlət katibi əmin etməyə çalışırdı ki, prezidentlə əlaqələri normaldır. 

Ötən ilin noyabrından Tillersonun gedəcəyi ilə bağlı xəbərlər instensivləşməyə başladı. Hətta mətbuat yazırdı ki, Tillerson Trampa "ağılsız” deyib. Noyabrın sonlarında "Assoşieyted press” ABŞ administrasiyasındakı mənbəyə istinadən yazmışdı ki, Ağ Evdə Tillersonun Pompeo ilə əvəzlənəcəyinə dair söhbətlər gəzir. Bu xəbəri "New York Times” və "Vanity Fair”in mənbələri də təsdiqləmişdi. 

Bəzi iddialara görə isə səbəb İran məsələsi yox, Böyük Britaniyada zəhərlənən rusiyalı casus Sergey Skripal və qızı ilə bağlıdır. Böyük Britaniya baş naziri Tereza Mey təhlükəsizlik orqanları rəhbərlərilə müşavirəsindən sonra hadisədə Rusiyanı ittiham edib. İttiham daha sonra ABŞ tərəfindən Reks Tillerson səviyyəsində təkrarlanıb. ABŞ mətbuatının yazdığına görə, məhz bu məsələdə Tramp Tillersonla razılaşmayıb və onu dərhal vəzifəsindən azad edib. Mətbuat bu iddianı onunla əsaslandırır ki, əgər səbəb İran olsaydı, Tramp qərarını bu aylar ərzində verərdi.


Tramp prezident seçiləndən bəri komandasında yüksək vəzifə tutan bir neçə məmuru işdən azad edib. "Qara siyahıya” düşənlər arasında Ağ Evin baş strateqi Stiv Bennon, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin, Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi kimi nüfuzlu simalar, hətta Ağ Evin mətbuat katibi Şon Spayser də var. Lakin böyük ehtimalla, Tillersonun istefası bu siyahıda ən yaddaqalanı olacaq.

Dövlət katibliyinə namizəd Mayk Pompeo 2017-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunana qədər ABŞ konqresində Kanzas ştatını təmsil edirdi. 2016-cı ilin prezident seçkilərində əvvəlcə namizədlərdən Marko Rubionu dəstəkləyib, sonradan Trampa üstünlük verib. 55 yaşlı Pompeo Rusiyaya qarşı sərt və prinsipial mövqeyi ilə tanınır. Mühafizəkar "Tea Party”nin tərəfdarlarından olan Pompeo eyni zamanda keçmiş prezident Barak Obamanın siyasətinə, xüsusən də onun səhiyyə sahəsindəki islahatlarına qarşı çıxanlardandır. O, həm də Obama hökumətinin İranla bağladığı nüvə sazişinin qatı əleyhdarlarındandır.

ABŞ Dövlət katibi Reks Tillersonun vəzifədən azad edilməsi ilə bağlı danışan politoloq Şahin Cəfərli bildirib ki, Tillerson ABŞ-ın İranla imzalanmış nüvə anlaşmasından çıxmasının əleyhinə idi. Onun yerinə gələcək MKİ direktoru Mayk Pompeo isə bu məsələdə sərt mövqe tutur. Ona görə də ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir: "Rusiya ilə bağlı siyasətdə də yumşalma gözləməyə dəyməz.

 Pompeo hətta Trampın mövqeyinə zidd olsa da, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini dəfələrlə açıq şəkildə bildirib və kəşfiyyatın Obama dövründə bu barədə verdiyi ortaq raportu dəstəkləyib. 

Demokratların Senatdakı lideri Şumer Pompeonun Rusiyaya və Putinə qarşı da sərt siyasət yeridəcəyi gözlənilir. Maraqlı bir detal var ki, "Soyuq müharibə” dövründə Putin kəşfiyyatçı kimi Almaniyanın şərqində, Pompeo isə hərbçi kimi Almaniyanın qərbində xidmət edib”.

Politoloq deyib ki, Tillerson Türkiyə ilə müttəfiqlik əlaqələrinin qorunmasına tərəfdar idi: "Hətta Suriya ilə bağlı iki tərəf arasında əldə olunmuş prinsipial razılığın Çavuşoğlunun martın 19-da Vaşinqtonda Tillersonla görüşündən sonra açıqlanacağı gözlənilirdi. İndi bu səfərin baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb. Pompeonun Türkiyəyə münasibətinə gəldikdə isə vəzifəyə təyin olunmazdan bir müddət əvvəl "Türkiyə də İran kimi totalitar islamçı diktaturadır” deyə yazdığı tviti sildiyi məlumdur. Lakin o, MKİ direktoru təyin olunduqdan sonra ilk səfərini Türkiyəyə etdi”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə Trampın Tillersonu dövlət katibi vəzifəsindən çıxarmasnın səbəblərini belə izah edib:

 "Fikrimcə, Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi. Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı. Böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı. 

Ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı. Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razılaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi. Bir sözlə, iki qoçun başı bir qazanda qaynamadı. Tramp bir ildən artıqdır ki, Amerika prezidentidir, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur. Bu onun daxili və xarici siyasətdə sistemli yanaşmasının olmamasından irəli gəlir”.

İsmayıl