Üç dövlət Suriyanı yenidən quracaq
Türkiyə, Rusiya və İran liderlərinin Ankarada Suriya böhranı ilə bağlı müəyyən razılaşmalar əldə etməsi Yaxın Şərq probleminin çözüləcəyinə ümid yaradıb. Regiondakı mövcud hərbi və humanitar vəziyyətlə yanaşı, münaqişənin siyasi həll perspektivlərini müzakirə edən liderlər yaxın günlərdə Suriyanın təhlükəsiz ölkəyə çevriləcəyinə söz veriblər. Ümumilikdə isə prezidentlər Suriyanın terrorçulardan təmizlənməsi, ölkədə sülhün bərpa edilməsi və insanlara yardım göstərilməsi məsələsində ortaq razılığa gəliblər.
Bölgədə söz sahibi olan üç dövlətin Suriya məsələsində dil tapması siyasi ekspertlər tərəfindən də təqdirəlayiq hesab edilir. Analitiklərin fikrincə, Rusiya və İran prezidentləri verdikləri sözə əməl edərsə, problemin həllində müəyyən məsafə qət etmək mümkün olacaq. "Suriyanın yenidən qurulması” planı ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri bildirib ki, Ankarada keçirilən üçlü zirvə Suriya masasında ABŞ kimi bir super gücün kənarda qaldığını göstərdi. Ekspertin sözlərinə görə, Amerikanın masada olmaması ciddi geosiyasi hadisədir: "Amerika Prezidentinin "Suriyadan çəkilirik” açıqlaması Ağ Evin strateji Suriya planının olmaması ilə bağlıdır. Vaşinqton anlayır ki, terror qruplaşmasını dəstəkləməklə Suriyanın gələcəyini müəyyən etmək və geosiyasi nailiyyətlər qazanmaq mümkün deyil. Amerikanın Suriyada qalması milyardlarla dolların xərclənməsinə gətirib çıxarır ki, bu da ABŞ-ın maliyyə durumunu çətinləşdirir. Reallığı nəzərə alan Amerika yaxın 6 ay ərzində Suriyadan çəkilmək qərarı verib və PKK terrorçularına nəzarəti fransız ordusuna həvalə edib. Ankarada bir araya gələn üç ölkənin Suriyanın parçalanmasına imkan verməyəcəklərini bəyan etmələri çox önəmli qərardır”.
Analitik vurğulayıb ki, Yaxın Şərqdə mövcud olan Qərb koalisiyası "Suriyanın Gələcəyi” adlı yeni siyasi partiya yaradıb: "Bu partiyanın nizamnamə və bəyannaməsində birmənalı olaraq Suriyanın parçalanması və bu kontekstdə bir kürd dövlətinin yaradılması hədəf göstərilmir. "Suriyanın Gələcəyi” partiyası ölkənin ərazi bütövlüyünü qəbul etdiklərini və hökumətlə danışıqlara hazır olduqlarını bildirir. Bu məqamın özü göstərir ki, Suriyanın parçalanmasını istəyən qüvvələr artıq bunu reallaşmasından ümidi kəsiblər. Hələlik Suriyanın siyasi gələcəyi həlli tapılmayan məsələdir. Ancaq yaxın müddətdə BMT-nin nəzarəti altında Suriyada demokratik seçkilər təyin etmək mümkün olacaq”.
İsmayıl