AMİP-çilər hiddətlənib

Yusif Bağırzadənin mitinq açıqlaması etirazla qarşılanıb




Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin "mitinqə yer ayrılmasın” çağırışı təşkilat daxilində etirazlara səbəb olub. Xatırladaq ki, "Milli Şura”nın 30 may mitinqinə bir gün qalmış Y.Bağırzadə mətbuata açıqlamasında bildirib ki, adıçəkilən qurum yarandığı gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur.

Y.Bağırzadə rəsmi qeydiyyatdan keçməyən bir təşkilatın mitinq tələbinə müsbət cavab verilməməsini istəyib. Yayılan xəbərlərə görə, AMİP sədrinin çağırış xarakterli bu bəyanatı partiya üzvlərini hiddətləndirib. Narazılıqdan sonra partiyanın mətbuat və informasiya xidməti rəsmi bəyanat yayaraq Yusif Bağırzadənin mövqeyinin AMİP-in mövqeyini əks etdirmədiyini açıqlayıb. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, partiya sədri Yusif Bağırzadənin "Milli Şura”nın keçirəcəyi mitinqə yer verilməməsi ilə bağlı mətbuatda gedən yazıları anlaşılmazlıq kimi qəbul edilməlidir: "Partiyanın verdiyi bəyanat isə məhz bu anlaşılmazlığa və yanlışlığa aydınlıq gətirmək üçün idi. Bəyanatda da vurğulandığı kimi, vətəndaşların konsutitusion hüquqlarına, eləcə də, fundamental azadlıqlarına hörmətlə yanaşmaq lazımdır”. Ə.Oruclunun sözlərinə görə, hansısa yanlışlıq partiyanın mövqeyi kimi anlaşılmamalıdır: "Təbii, qurum daxilində cəmiyyətdə olduğu kimi fərqli yanaşmaların olması vacibdir. AMİP demokratik ənənələr üzərində yarandığından dəyərlərə və prinsiplərə həmişə sayğı göstərib. Demokratiyanın da vacib atributlarından biri insan hüquq və azadlıqlarına əməl edilməsidir. Yusif bəyin adından mətbuatda gedən fikirlərdə isə hüquqların məhdudlaşdırılmasından söhbət gedirdi”.

İsmayıl