Ana südünü heç nə əvəz edə bilməz

Valideynlər uşaqlarını qidalandırarkən diqqətli olmalıdırlar
"Uşaq qidaları ilə bağlı həm həkimlər, həm də media nümayəndələri diqqətli olmalıdır”.
Bunu "Sherg.az”a uşaq qidalarındakı problemlər haqqında danışarkən pediatr Vaqif Qarayev bildirib.
Onun sözlərinə görə, birmənalı şəkildə ana südünü heç bir qatqı əvəz edə bilməz:
"İstənilən cür texnoloji proseslərdən, testlərdən keçirilib, böyük zavodlarda istehsal edilib, üstünə ana südünə ən yaxın olan qarışıq ifadəsi yazılsa da, bu, qeyri-mümkündür. Ana südünü heç nə ilə əvəz etmək olmaz. Ona görə də hər bir ana körpəsini təbii südü ilə qidalandırmalıdır. Bundan başqa alternativ yoxdur. Çox təəssüf ki, iki səbəbdən dolayı analar körpələrinə südünü vermir. Bunlardan biri bəzi doğum evlərində çalışan tibb personallarının yanlış qərarından qaynaqlanır. 
Yəni ilk dəfə ana olan qadınlarda süd az və ya heç olmur, lakin bu o demək deyil ki, həmin ananın südü olmayacaq. Təbiətin qanununa görə ana tez-tez körpəsini əmizdirdikdə südü artır. Çünki əmizdirmə prosesi südün yaranmasına kömək edir. Lakin bəzi doğum evlərində gənc analara bu prosesi aşılamaqdan körpəyə müəyyən qarışıq verməsini tövsiyə edirlər. Bu kimi məsələlərdə anaların özlərinin də günahı çox olur. Yəni analar bədən formasını qorumaq üçün körpələrinə süd vermir. Səbəbini də soruşduqda "bilmirəm” cavabını verir. 
Doğrudur, bəzi hallarda həkimlər anada infeksion xəstəlik olduqda ya doğuşdan uşağın dodaqlarında problem yarandıqda körpəyə ana südünün qəbulunu dayandırır. Bu zaman körpəyə süni qarışıq vermək olar. 
Digər amillərə görə, ana südünün süni qarışıqla əvəzlənməzi yanlış haldır. Ona görə də həm həkimlər, həm də media orqanları qadınlar hamiləykən onları maarifləndirməli, onun dünyaya gətirəcəyi uşağın ancaq ana südü ilə qidalanmasını aşılamaq lazımdır. Eyni zamanda bu kimi məsələlərdə anaların özləri də diqqətli olmalıdır. Onlar hamiləykən internetdə axtarıb körpələr haqqında olan məlumatları oxumalıdır”.
V.Qarayev onu da söyləyib ki, uşaq qidaları qəbul edən körpələrdə allergiya, qəbizlik, mədə-bağırsaq pozulması kimi hallar normaldır:
"Çünki onların qidaları sünidir. Amma bəzi uşaq qidaları istehsal edən firmalar bu kimi məsələlərə alternativ gətirib. Yəni allergiya, qəbizlik və ya başqa halları nəzərə alıb, qida qutuları üzərinə allergiya əleyhinə kimi məlumatlar yazılır. Amma məsələnin kökünə gəldikdə onu deyə bilərəm ki, süni məhsul olduqda onun yan təsiri də mümkündür. Bəzən ailələr sual verir ki, hansı uşaq qidası yaxşıdır. Həmin məqamda cavab "hansı qarışığı uşaq rahatlıqla qəbul edirsə, körpənin çəkisini artırırsa, o qida da xeyirlidir” kimi olur”.
Pediatr onu da vurğulayıb ki, ötənlərdə "Malyutka 2” əmtəə nişanlı uşaq qidasında bəzi problemlərin olması ilə bağlı xəbər yayılıb.
"Açıqlama verildi ki, bu qidaları uşaqlara verməyin. Amma üzərindən bir neçə saat keçdikdən sonra yenidən açıqlama verildi ki, həmin qidaları körpələrə verə bilərsiz. Bu kimi məsələlər bizlər üçün çox həssas bir mövzudur. Onun üçün də hər kəs ehtiyatlı olmalıdır. Eyni zamanda bu sahəyə nəzarət edənlərin fəaliyyətində bəzi nöqsanlar var. 
Yəni günün birinci yarısı xəbər yaydılar ki, bu qidaları uşaqlara verməyin. Amma günün ikinci yarısında açıqlama verirlər ki, yoxladıq, "Malyutka 2” uşaq qidalarında heç bir problem yoxdur. Sırf buna görə ailələr tərəfindən mənə hədsiz zəng oldu. Həmçinin sosial media və informasiya vasitələri hər zaman olduğu kimi yenə məsələni fərqli yerlərə çəkdi. Belə olmaz. Çünki bu məsələ çox həssasdır”.
Kənan Eynuroğlu