“Analıq məzuniyyətinə də, uşaq puluna da yenidən baxılmalıdır”

İradə Cavadova: “Özəl sektorda çalışanlar üçünsə, analıq məzuniyyəti əsl problemə çevrilir”Mətanət Əliyeva: “3 aylıq analıq məzuniyyəti çox azdır”
Analar üçün ən ideal ölkə hələ ki, Norveçdir. "Save the Children” beynəlxalq təşkilatının Avropa və post-sovet ölkələri üzrə hazırladığı hesabatına görə, azyaşlı uşaqları olan analar üçün ideal ölkələr siyahısında məhz Norveç öndədir. Post-sovet ölkələri isə, Azərbaycan da daxil, aşağı-yuxarı, demək olar, eyni pillələri paylaşırlar. Azərbaycanla Ukrayna, Gürcüstan arasında bir elə fərq gözə dəymir. Ermənistan isə lap aşağı pillədədir. Təəccüblü olan siyahıda Rusiyanın Türkiyəni qabaqlamasıdır. Rusiya bu göstəriciyə əsasən 56, Türkiyə isə 65-ci yerdədir.
Hesabat ana olmaq sosial baxımdan hansı ölkədə daha rahat və əlverişlidir meyarları üzərində aparılıb və ortaya bu mənzərə çıxıb.
Norveçdə körpələri paltarla təmin edirlər
Norveçin gənc analar üçün əla ölkə olması əslində, çoxdan biz post-sovet vətəndaşlarına bəllidir. Hələ 90-cı illərdə bir tanışımız ailə qurduqdan sonra Norveçə köçmüşdü. Orada övladı dünyaya gəlmişdi. Gənc xanım göndərdiyi fotolara belə şərh yazırdı: uşağı xəstəxanada geyindirdilər, əlavə paltarlar, bəbək bezləri, əmzik, uşaq qidası... hər şey verdilər. Nə lazımdırsa, çantaya yığıb bizi yola saldılar. Sonra xanım danışırdı ki, orda körpələrə xüsusi qayğı göstərilir. Hətta o dərəcədə ki, əgər körpə bir neçə gecə davamlı ağlayırsa, dövlət onu valideynlərdən alır; demək, siz valideynlik edə bilmirsiniz, dövlət özü körpəyə baxacaq, sizdən də yaxşı. Bu, bizə anormal hal kimi görünürdü. Necə yəni, dövlət gəldi, uşağı alıb apardı?! Amma dərinə varanda dünyaya gəlmiş bir körpənin necə dəyərli varlıq olduğu anlaşılır. Bəs, görəsən, norveçlilər, zibil qutusuna atılmış körpə görsələr, nə edərlər? Yəqin, o zaman onlar "dəli” olar.
Məlum hesabatdan görünür ki, Norveç ana və körpələrə qayğı sahəsində liderliyi əldən vermir. Məntiqi olaraq anaya qayğı körpəyə, körpəyə qayğı da anaya qayğı deməkdir.
Rumıniya daha da öndədir
Bir sıra Avropa ölkələrində analara tanınan yüksək təminatlar onların evdə oturub uşaqlarına baxması ilə nəticələnir. Bir çox qadınlar məhz bu imtiyazlar səbəbindən işdən çıxıb evdar qadın olmağı üstün tutur. Məsələn, Rumıniyada körpəsi olan analara 2 il tam ödənişli analıq məzuniyyəti verilir. Hətta məzuniyyət pulu əmək haqqından da yüksəkdir.
Avstriyada analara 3 il məzuniyyət verilir. Bunun 16 həftəsi 100 faiz ödənişli, qalanı isə qismən ödənişlidir. İsveçdə isə vəziyyət bir az fərqlidir. Burada 480 günlük analıq məzuniyyəti valideynlər arasında bölüşdürülür. 390 günə görə 80 faiz ödəniş edilir. Norveçdə analıq məzuniyyətinin 43 həftəsi 100 faiz, 53 həftəsi isə 80 faiz ödənişlidir. Koreyada ana körpəsi dünyaya gəldiyi gündən 5 yaşına çatanadək məzuniyyət götürmək hüququna malikdir. Anaya 3 ay 400 ABŞ dolları müavinət verilir. Əlbəttə, analar evdə oturub "havayı” pul almağı üstün tutacaq.
Analıq məzuniyyətinin problemləri
Bəs, Azərbaycanda vəziyyət necədir? Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında bildirdi ki, özəl sektorda çalışan qadınlar analıq məzuniyyəti ilə bağlı daha çox problemlərlə qarşılaşırlar:
- Dövlət müəssisələrində vəziyyət nisbətən qənaətbəxşdir. Baxmayaraq ki, analıq məzuniyyəti pulu azdır, amma qadın iş yerini itirmək qorxusu yaşamır. Özəl sektorda çalışanlar üçünsə, analıq məzuniyyəti əsl problemə çevrilir. Sahibkarın 5-6 işçisi olur, onun 1-2-si məzuniyyətə
çıxanda işi axsamasın deyə, məcbur qalıb yeni işçi götürür. Həm işə götürdüyü şəxs müvəqqəti işlə təmin edilir, həm də analıq məzuniyyətinə çıxmış qadın üçün geriyə qayıtmaq problemə çevrilir. Sahibkar deyir ki, sən gedirsən, məcburam işçi götürüm. Sən işdən çıxmalısan, sənin əmək haqqını yeni işçiyə verməliyəm. Hərçənd, qanunlar hamı üçün eynidir. Dövlət müəssisələrində olduğu kimi, özəl sektorda çalışan qadınların da analıq məzuniyyətinə çıxmaq və məzuniyyət pulu almaq hüquqları var. Amma bir çox hallarda sahibkar öz mövqeyindən sui-istifadə edir. Hüquqlarını bilməyənlər də, özlərini müdafiə edə bilmirlər. Bəzən də gənc analar iş yerini itirmək istəmədiklərindən qanunda nəzərdə tutulduğundan tez analıq məzuniyyətini başa vurub, işə qayıdırlar. Çünki məzuniyyət dövründə aldığı müavinətin miqdarı azdır və körpəni saxlamağa yetmir. Bildiyim qədər, hüquq-mühafizə orqanlarında çalışan qadınlar üçün də analıq məzuniyyəti problemli olur. Bu sahədə çalışan qadınlar yalnız 2 aylıq məzuniyyətə çıxa bilirlər.
Uşaq pulu da azdır. 3 yaşına kimi uşaqlara bizdə 15 manat müavinət ödənilir. Analıq məzuniyyəti 126 gündür, bu zaman tam əmək haqqı ödənilir. Ana il yarım məzuniyyət götürə bilər, ayda 30 manat ödənilməklə. Körpənin baxılmasına çəkilən xərclər müqabilində bu məbləğ çox azdır. Bu pul körpənin "pampers”inə çatar ancaq.
İ.Cavadova analıq məzuniyyətinə görə, müavinətlərin miqdarının artırılmasını vacib sayır:
- Analıq məzuniyyətinin müddəti uzadılmalı, müavinətin miqdarı da artırılmalıdır. Elə bir hədd müəyyənləşməlidir ki, ana həmin pula övladına lazımi şəkildə qulluq göstərə bilsin. Doğuş zamanı analara dövlət yardımı edilməlidir. Xüsusilə də çətin doğuş keçirmiş qadınlara. Çətin doğuş keçirmiş qadınlara uzunmüddətli məzuniyyətlər verilməlidir ki, orqanizmi bərpa edə bilsin. İmkansız, sosial təminatı zəif ailələr də nəzərə alınmalıdır.
Xanım həmkarımız, 2 övlad anası olan Mətanət Əliyeva da belə hesab edir ki, 3 aylıq analıq məzuniyyəti çox azdır:
- Ana 3 aylıq körpəni qoyub işə getməməlidir. Anaya elə bir şərait yaradılmalıdır ki, heç olmasa, 6 ay uşağına problemsiz qulluq edə bilsin. Sosial müavinətlər təyin edilərkən ailələrin iqtisadi parametrləri nəzərə alınmalıdır. Analıq məzuniyyəti uzun və ödənişli olmalıdır. Analıq məzuniyyətinə görə ödənilən müavinətin miqdarı adambaşına düşən gəlir müqabilində hesablanmalıdır. Müavinət təkcə anaya və ya körpəyə verilmir. Ana yaxşı qidalanmalıdır ki, körpəni də qidalandıra bilsin. Yəni, ana ilə körpəsi bir bədəndir. Ana sağlam olsa, yaxşı qidalansa, körpə də sağlam olacaq. Hazırda analıq məzuniyyətinə çıxanların da, azyaşlı uşağı olanların da ən böyük çətinliyi iqtisadi problemdir. Məsələn, işsiz ailələrə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi xüsusi güzəştlər tətbiq edə bilər. Elə ailələr var ki, ata da, ana da işsizdir. Ailələrə sosial müavinətlər kateqoriyalara görə təyin edilməlidir. Əlilliyi olan valideynlərə müavinətlərin miqdarı yüksək hesablanmalıdır. Bütün hallarda istər analıq məzuniyyətinə görə, istərsə də, uşağa qulluğa görə müavinətlərin məbləği artırılmalıdır. Analıq məzuniyyətinə çıxmağa hazırlaşan qadınlar həmişə narahat olur ki, işdən çıxacam, az pul alacam. Bununla uşağı necə saxlayacam. Tənha qadınlar üçün ikiqat ağır vəziyyət yaranır. Ona görə də uşaq doğulandan qısa zaman sonra qadın işə qayıdır. Körpə ana qayğısından çox erkən məhrum olur. Məncə, analıq məzuniyyətinə də, uşaq pulu miqdarına da yenidən baxılmalıdır.
Məlahət Rzayeva